Şəhid Emin
Sadiqov: - Ana, mən şəhid oldum...
Ey nur üzlü, Vətən sevdalı, zəfər
müjdəli, qələbə əzmli şəhidim, 22 illik
ömür kitabını vərəqləmək, səni
daha yaxından tanımaq üçün ailəni ziyarətə
gəlmişəm. Budur,
uğuruna canını fəda etdiyin, azadlığına
qovuşan torpaqlarımız üzərində vüqarla, təntənə
ilə dalğalanan üçrəngli bayrağımızla
bəzənən 1998-ci ildə iyulun 21-də dünyaya
göz açdığın Şahbuzkənddəki evin
kandarı. Böyük həyəcan, məsuliyyət içərisində
ehmalca döyürəm qapını. Qarşılayır məni
qürur, fəxarət yaşatdığın, “Şəhid
anası” adlı müqəddəs zirvəyə
ucaltdığın xanım...
Nigaran nəzərlə baxır qapıya,
Könlümü dağlayır şəhid anası.
Dağ boyda bu yükü çiyinlərində,
Şərəflə saxlayır şəhid anası.
Əziz şəhidim, hər
küncü-bucağı, divarları, əşyaları səninlə
bağlı şərəfli anlar, həsrətli günlər,
doğma, əziz xatirələrlə dolan evin tən
ortasında qoyulmuş stol başında əyləşib bir
nənə, bir ana, bir də mən. 22 illik ömür
kitabını vərəqləyirik bir-bir. Nələr var bu
səhifələrdə nələr. Nə bir məqaləyə
sığar, nə də danışmaqla bitər, şərəfli,
ləyaqətli, cəsarətli ömür yolun. Xatirələr
dil açıb danışır. Deyir rəhmətlik
atanın ən böyük arzusu imiş səni hərbi
formada, rütbəli zabit kimi görmək. Hələ sən
balaca olanda, həyatı tam dərindən dərk etmədiyin
vaxtlarda əlindən tutaraq yolunuzu tez-tez Naxçıvan
şəhərindəki Heydər Əliyev adına Hərbi
Liseyin qarşısından salar, bir növ kənardan da olsa səni
gələcək məktəbinlə tanış edərmiş.
Dost-tanışla söhbətində qürurla
“Gözümün ağı-qarası olan bircə oğlumun
böyüyəndə hərbi liseydə oxumasını istəyirəm,
Emin balam hərbiçi kimi yetişib torpaqlarımızın
keşiyində mətinliklə dayanacaq, atasının,
anasının fəxrinə çevriləcək”, – söyləyərmiş...
Deyirlər hər kəsin taleyi alnına
yazılır, alın yazısından qaçmaq olmaz. Bəli
əziz şəhidim, sənin də alnına hərbçi
olmaq, atanın arzusunu gerçəkləşdirmək
yazılmışdı. Hələ keşməkeşli
günlərin isə qabaqda idi, bu şərəfli peşəyə
gedən yolda çox çətinliklərə sinə gərməli,
çox maneələr aşmalı olacaqdın. Ancaq
içindəki Vətən sevgisi, vətənpərvərlik
ruhu səni bu yolun son dayanacağınadək aparacaqdı. 11
yaşın olanda üç nəfərdən ibarət ailəniz
daha da kiçildi. Atan dünyasını dəyişdi.
Gülşad xanım min bir əziyyətə qatlaşaraq
qazandığı halal məvacibi ilə böyütdü səni.
Bir-birinizə həm ana-oğul, həm də sirdaş, dost, həmdəm
oldunuz. Olub-keçənləri bir-birinizdən gizli saxlamaz, dərd-sərinizi
bir yerdə bölərdiniz. Bax beləcə birlik, bərabərlik
göstərərək həyatın çətin
sınaqlarından üzüağ çıxmağı
bacardınız. Məktəbi əla qiymətlərlə
oxudun. Müəllimlərinin, şagird yoldaşlarının
yaddaşında mehriban, səmimi, dostcanlı, ailə qədri
bilən bir uşaq kimi dərin iz buraxdın. İdmana da
xüsusi maraq göstərdin, güləş, boks öyrəndin,
fiziki qabiliyyətini möhkəmləndirdin. Və nəhayət
9-cu sinifdə özünün də böyük maraq və həvəsinlə
atanın çoxdanki arzusunu reallığa çevirməyi
qarşına məqsəd qoydun. Yolunu hərbi liseydən
saldın, ardınca da Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbini oxudun. 2019-cu ildə
bacarıqlı hərbiçi kadr kimi yetişib leytenant,
tağım komandiri olaraq xidmətə yollandın. Təyinatı
isə yaşadığın evdən çox uzağa-Qazax
rayonunda yerləşən “N” hərbi hissəyə aldın.
Əvvəllər iş üçün ikicə saatlıq
harasa yollandığında 3-4 dəfə zəng vurub hal-əhval
tutduğun, bir gün belə
ayrı qala bilmədiyin anandan indi uzun zaman ayrı qalmalı
olacaq, bəzən günlərlə əlaqə saxlaya bilməyəcəkdin.
Ancaq bütün bunları əvvəlcədən
götür-qoy etmişdin, bir anandan ayrı qalsan da, digərinə-anan
qədər sevdiyin Vətəninə daha yaxın
olacaqdın. Bu şərəfli səfərə
çıxanda bu günü düşünüb dediyin
sözlər hələ də Gülşad ananın
qulaqlarında çınlayır. “Ana, sənin mənim
üzərimdə əziyyətlərin çox olub, borcunu
heç nə ilə ödəyə bilmərəm, ancaq
gün gələcək sənə oğul fəxarəti,
qüruru yaşadacağam”, – demişdin. Əhdinə xilaf
çıxmadın...
Əziz şəhidim, sentyabrın 27-də başlanan
haqq-ədalət savaşında sən də iştirak etməyə
can atırdın, elə ilk gündən digər vətənpərvər
oğullar kimi döyüşə könüllü getmək
üçün yuxarı komandirinə müraciət
etmişdin. Nəhayət ki, oktyabrın 11-i gözlədiyin məqam
yetişdi. Əsgərlərinlə birgə Füzuli istiqamətində
gedən döyüşlərə atıldın. Elə həmin
gün evə zəng edəndə, ana, çox
şükür istəyimə çatdım,
döyüş bölgəsinə yollanıram, nənəmə
də salam söylə, özünüzdən muğayət
olun, bizə dua edin-dedin. Ardınca isə uşaqlıqda
söylədiyin o sözləri yenidən təkrarladın:
Ana, hər zamankı kimi bütün xəbərlərimi
birinci məndən eşidəssən. İnşallah
torpaqlarımızın azad olmasının müjdəsini də
tezliklə sənə verəcəyəm. Əziz şəhidim,
bu sözləri deyəndə nə biləydin ki, 44 gün
davam edən Vətən müharibəsinin cəmi 15
günü sənin qismətinə yazılıb. Bu müddət
ərzində imkan olduqca anandan hal-əhval tutmağa
çalışırdın. Oktyabrın 26-sı səhər
saatlarında yenə Gülşad anaya zəng gəlmişdi
səndən. Budəfəki telefon görüşü əvvəlkilərdən
tamamilə fərqlənirdi. Bəli, uca Yaradan sonuncu dəfə
ana və oğula bir-birlərinin səsini eşitməyə
icazə verirdi. Çox qısa çəkən telefon
söhbətində yenə adətin üzrə ana, məndən
nigaran qalma hər şey yaxşıdır, salamatam, ordumuz irəliləyir,
tezliklə zəfər çalacağıq-dedin. Bəli,
Müzəffər Ordumuzun Böyük zəfərinə
sayılı günlər, sənin şəhadətinə isə
saatlar qalırdı...
Əziz şəhidim, belə bir müdrik deyim var: qəhrəman
doğulmurlar, qəhrəman olurlar. Qəhrəmanı
yaşadığı zaman, ətrafında cərəyan edən
hadisələr, malik olduğu xarakter, ən
başlıcası, Vətənə bağlılıq,
doğma yurda sevgi hissləri formalaşdırır. Sən də
belə qəhrəmanlarımızdan oldun. Və gün gəldi,
zaman yetişdi ürəkli şəkildə, qorxmadan,
düşmənin üzərinə yeriyib kürəyindən
deyil, ürəyindən güllə yarası alaraq şəhidlik
məqamına ucaldın. Böyük Qələbəmizə,
zəfər yürüşümüzə öz imzanı
atdın, xalqımızın qəlbində əbədiyyət
məşəli yandırdın, rəşadət, ləyaqət
taxtı qurdun. Ancaq hələ missiyan bitməmişdi. Anana
şəhid olmağınla bağlı xəbəri verməli
idin. Axı özün Gülşad anaya hər söhbətində
mənim haqqımda xəbəri hər zaman ilk olaraq məndən
eşidəssən-deyirdin...
Oktyabrın 28-i. Səhər saatlarıdır.
Gülşad ana ötən gün Prezident cənab İlham
Əliyevin verdiyi növbəti qələbə müjdəsi
ilə sevincək halda, ürəyindəki “Tezliklə ordumuz
qələbə çalsaydı, həm
torpaqlarımızın hamısının
azadlığını, həm də övladımı
görərdim” arzusu ilə evdən çıxıb işə
yollanır. Adəti üzrə yenə kəndin mərkəzində
dayanan marşrut avtobusuna əyləşir. Yolun
yarısında marşrut sürücüsünün
telefonuna zəngi gəlir. Zəng edən şəxs
Gülşad ananın qohumu olduğunu bildirərək
sürücüdən onu evə geri göndərməsini xahiş
edir. Avtobus dayanır. Sürücünün sözlərindən
ürəyinə böyük xof və həyəcan
düşən ana, yoxsa oğlum Emindənmi xəbər
var-deyir. Ancaq sürücü narahatlığa heç bir əsasın
olmadığını bildirərək onu geri
qayıtmağa razı salır. Evə böyük təlaş
içində dönən Gülşad ananı
qohum-qonşu, Emin yüngül yaralanıb xəstəxanaya
yerləşdiriblər, deməklə toxtaxtlıq verməyə
çalışırlar. Deyirlər, övlad dara düşəndə,
başına bir iş gələndə ananın ürəyinə
mütləq damır. Gün ərzində heç bir
başqa məlumat ala bilməyən Gülşad ananın da
ürəyinə dammışdı, övladı ilə
bağlı nə isə bəd xəbərin gələcəyini
hiss etmişdi. Bunun üçün də mobil və ev
telefonunu söndürür, beyninə dolan qara fikirlərlə
evdə aşağı-yuxarı var-gəl edir. Axşam
saatlarında yorğunluqdan başını yastığa
qoyur və yuxusuna övladı Emin qonaq gəlir:
-Ana, telefonları niyə
söndürmüsən?Ana qurban, sənin ölüm xəbərini
eşitməkdən qorxdum.
-Ana, mən ölməmişəm, mən şəhid
oldum, başını dik tut, ağlama. Yadında, sənə demişdim
ki, mənim üzərimdə əziyyətlərin
çox olub, borcunu heç nə ilə ödəyə bilmərəm,
ancaq gün gələcək sənə oğul fəxarəti,
qüruru yaşadacağam. Gün həmin bu gündür. Fəxr
elə ki, sənin oğlun canı qədər sevdiyi Vətən,
torpaq yolunda qurban oldu, İnşallah mən bitirə bilməsəm
də, yarımçıq qalan haqq işimizi Müzəffər
ordumuz tamamlayacaq.
Ey əziz şəhidim, yəqin çoxdan xəbərin
var ki, sənin şəhadətindən günlər sonra 30
illik həsrətimizə son qoyuldu, Müzəffər Ordumuz
Böyük Qələbə qazandı, qanın yerdə
qalmadı, qisasın alındı. Hələ sənə 3 dənə
də müjdəli xəbər verim: Şəhadətindən
sonra Prezidentimiz cənab İlham Əliyev müvafiq sərəncamlarla
səni “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə
görə” və “Füzulinin azad olunmasına görə”
medalları ilə təltif etdi. Yüzlərlə vətənpərvər
oğullarımız kimi sən də qəhrəmanlıq
dastanı yazmaqla həm xalqımızın könlündə
əbədi taxt qurdun, həm də ananı hər kəsin,
qohum-əqrəbanın, iş yoldaşlarının
arasında başıuca etdin. Əsgərlərin, hərbiçi
yoldaşların anana igidliyin, mərdliyin haqqında o qədər
dəyərli, gözəl sözlər yazıblar ki, oxuduqca
qürurlanmamaq, fəxarət duymamaq mümkün deyil.
Gülşad anadan qətiyyən nigaran qalma, qüdrətli
dövlətimiz onun firavan yaşayışı
üçün nə lazımsa edəcək. İndi o təkcə
sənin deyil, damarında azərbaycanlı qanı axan
bütün övladların, mənim, bizim, hər birimizin
anasıdır. Şəhadətin mübarək Şəhidim!...
Nail ƏSGƏROV
Hərbi And.- 2024.-17 may,¹17.-S.13.