Qanıyla tarix yazan qəhrəman!
2020-ci ilin 27 sentyabrında başlayan Vətən
müharibəsi cəmi 44 gün sonra bizim böyük zəfərimizlə
başa çatdı. Zəfərimizə mənəvi məna
verən isə 30 il işğal altında olan
torpaqlarımızın, ən əsası da siyasi və
strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin
hərbi döyüşlərlə azad edilməsi oldu. Bu
xoşbəxtliyi, bu qüruru isə bizə rəşadətli
Azərbaycan Ordusu yaşatdı.
44 günlük Vətən müharibəsində
qazandığımız şanlı Qələbədə
payı olan Naxçıvan torpağının igid
oğulları da düşmən tapdağında qalan
torpaqlarımızın işğaldan azad edilməsi
uğrunda gedən döyüşlərdə əsl igidlik,
şücaət göstərərək uca zirvəyə -
Şəhidlik zirvəsinə yüksəldilər. Bu firəvan
günlərimizi canlarından keçən qəhrəman
oğullarımıza, sağlamlığını itirən
qazilərimizə borcluyuq. Onlar heç zaman unudulmayacaq.
Şükür Bayram oğlu Hacıyev də belə
mərd oğullarımızdan biridir. Qəhramanın şəhid
olmasından 4 il ötür. Bu münasibətlə onun Babək
şəhəri qəbristanlığındakı məzarı
ziyarət olundu. Ruhuna dular oxundu, məzarına tər
çiçəklər düzülüb, xatirə əkilləri
qoyuldu.
Muxtar respublikanın bütün bölgələrindən
gələn şəhid ailələrinin, qazilərin,
müharibə veteranlarının, Naxçıvan Muxtar
Respublikası Ali məclisi deputatlarının, İcra Hakimiyyəti
orqanı vəzifəli şəxslərinin və ictimayət
nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə
ölkəmizin ərazi bütövlüyü uğrunda
canlarından keçmiş Vətən övladlarının
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirildi. Cəsur
döyüşçünün döyüş yoluna nəzər
salındı, tədbir iştirakçılarına məlumat
verildi.
Tədbirdə çıxış edən Babək
Rayon İcra başçısı Ovni Muradov Vətən
uğrunda canından keçən bütün şəhidlərimizə
Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz
xatirələrini ehtiramla anıb. Cənab Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında 44 günlük Vətən müharibəsində hərb
tariximizə, xalqımızın yaddaşına
adlarını qızıl hərflərlə yazan igid
oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə
bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu
bildirib. Müstəqil dövlətimiz, xalqımız var
olduqca şəhidlərimizin də daim qəlblərdə
yaşayacağını qeyd edib. Şəhidlərimizin
adlarını əziz tutmağın, yaşatmağın hər
birimizin vəzifəsi olduğunu vurğulayıb.
Sonra şəhidimizin anası Fatma xanımın
çalışdığı Babək Rayon Xəstəxanasının
direktoru Feruz Zehirov çıxışında qeyd etdi
ki:"Ölkə başçısı şəhidlərimizin,
qazilərimizin ailələri, valideynləri
qarşısında baş əyirəm söyləyirsə,
bu, hər birimizə nümunə olmalıdır. Özümə
borc bildim ki, şəhidlərimizin məzarlarını ziyarət
edim. Eyni zamanda Fatma ananın çalışdığı
kollektivin böyük əksəriyyəti bu gün
burdadır. Çalışırıq ki, qəhrəmanlarımızın
ruhları qarşısında mənəvi borcumuzu az da olsa
qaytaraq. Hesab edirəm ki, burada iştirak edən dövlət
rəsmiləri tək dövlət məmuru olaraq deyil, həm
də bir vətəndaş olaraq şəhidlərimizi yad
etdir. Bu ilk növbədə bir vətəndaşlıq
borcudur".
Tədbirdə iştirak edən şəhid
Göydağlı Ramazanın atası Əbülfət
müəllim, şəhid leytenant Ramil Əliyevin anası
Gülnarə xanım, rayon dini icmasının nümayəndələri,
qazilər, müharibə veteranları, N saylı Hərbi Hissənin
zabit və əsgərləri çıxış etdilər.
Sonra tədbir Naxçıvan şəhər Gənclik
Mərkəzində davam etdi. Şəhidimizin yaxınları
onunla bağlı xatirələrini bölüşdülər.
Hacıyev Şükürün əziz xatirəsi yad edildi.
Sonda şəhidin Anası Fatma xanım
çıxış edərək bütün tədbir
iştirakçılarına təşəkkürünü
bildirdi. Xatirə fotosu çəkdirilib.
Hacıyev Şükür 1999-cu il avqustun 25-də Babək
şəhərində anadan olub. 2005-2013-cü illərdə
Babək şəhərində 1 nömrəli tam orta məktəbdə,
2013-2016-cı illərdə isə Heydər Əliyev adına
Hərbi Liseydə təhsil alıb. 2016-2020-ci illərdə
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində
(AAHM) ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun leytenantı olan Şükür
Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı
Qüvvələri tərəfindən Ermənistan
işğalı altında olan ərazilərin azad edilməsi
və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan Vətən
müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb. Şükür Hacıyev oktyabrın 12-də
Suqovuşan döyüşləri zamanı şəhid olub.
Babək şəhərində dəfn olunub.
Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi uğrunda
döyüş əməliyyatlarına qatılan və hərbi
hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına
əsasən Şükür Hacıyev ölümündən
sonra "Vətən uğrunda", "Döyüşdə
fərqlənməyə görə",
"Suqovuşanın azad olunmasına görə",
medalları və 3-cü dərəcəli "Vətənə
xidmətə görə" ordeni ilə təltif edildi.
Ruhu şad olsun!
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Hərbi And .- 2024.- 29 noyabr(№45).-S.13.