Yuxuların qonağı olan ŞƏHİD - Emre Kaan

 

 

Demək olar ki, onunla dostluğa başladıqdan sonra, bəzi istisnalar xaric hər gün bir yerdəydik.Məktəbdən gəldikdən sonra, gecə yarısına qədər oturar, söhbət edər, kompyuterdə oyunlar oynar, ya da gəzərdik.

Bir-birimizə o qədər bağlanmışdıq ki, hansı birimizsə şəhərdən kənara çıxsaydıq, çox darıxardıq.

Dost çevrəmiz fərqli olsa da , onlarla görüşə də birlikdə gedərdik. Əmrəylə bağlı o qədər xatirəm var ki...

Əmrənin şəhadətindən sonra çevrəmiz dağıldı. Hərə bir tərəfə getdi.

Mən də yenidən İzmirə qayıtdıqdan sonra onun ölümünü qəbul edə bilmirdim. Əmrə əsgərlikdə olarkən, mən İzmiri gəzər, maraqlı, gəzməli yerləri çəkər, “Əmrə döndüyündə onu buraları gəzdirərəm. Buraları mütləq görməlidir” deyə xəyal edərdim.

Bir müddət içimə qapandım. Axşamlar təkbaşına evdən çıxar, maşında təkbaşına oturar, onunla keçirdiyimiz günləri düşünərdim. Düşündükcə də, sanki ağlımı itirəcək hala gəlirdim.

Onu gəzdirmək istədiyim yerlərə gedər, hönkür-hönkür ağlayaraq oraları gəzərdim.

Səhər 06:00-ya qədər maşında oturub düşünərdim. Evdə yuxudan oyananda, əl-üzümü yuyarkən, 2-3 saniyə güzgüdə öz yerimə Əmrəni görürdüm. Bu vəziyyət 2 aya yaxın çəkdi.

İlk zamanlar fərqinə varmadım, sonralar qorxmağa başladım. Anamın təkidi ilə psixoloqa getdim. Bir aydan sonra bu vəziyyət təktarlanmadı, bir ildən sonra da daha psixoloqa getmədim.”

Beytullahın Əmrəylə bağlı yazdıqlarını gözyaşları içərisində oxudum. Sanki bir yazıçının yazdığı hekayəni oxuyurdum.

Onun xatirələri də, növbəti layihəmdə yer alacaq.

İzmitdə tez-tez Əmrənin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bəziləri dövlət və Qeyri Hökümət Təşkilatları tərəfindən, bəziləri də Şaban bəyin rəhbərlik etdiyi dərnək tərəfindən.

Bu tədbirlərdən biri və unudulmazı Mersinin Mut qəsəbəsinin Dağ bazarı kəndində baş tutub.

Kəndin məktəbində Əmrənin şərəfinə kitabxana açılıb.Şaban bəy deyir ki, kitabxananın açılışına gedərkən, əliboş getdik. Yəni məktəblilər üçün heç bir hədiyyə almadıq.

Kəndin insanlarının kasıb, amma nə qədər qürurlu olduğunu gördükdə ürəyim dağa döndü.

Birlikdə getdiyimiz yoldaşlarla dedik ki, kitabxananın açılışının ildönümündə mütləq məktəblilərə hədiyyələrlə gəlməliyik.

Belə də etdik. Aldığımız ayaqqabıları, geyimləri,şirniyyatları payladıq.Geri döndükdən sonra məktəblilərdən birinin valideyni müəllimlərdən birinə mesaj yollayır. Mesaj da belə yazır: “Siz bu gün nə edtiyinizin fərqindəsinizmi?” Ardından da bir şəkil yollayır. Şəkildə uşaqlardan biri yeni ayaqqabılarını qucaqlayaraq yatıb.

Bunu eşitdikdən sonra, öz-özümə dedim “gözəl Allahım, mənim övladım, yoxluğuyla belə insanları sevindirməyi bacarır.”

Əmrənin oxuduğu məktəbin bir qrup şagirdi qısametrajlı film yarışmasında iştirak edirlər və qalib gəlirlər.

Onlara pul mükafatı verilir. Uşaqlarda bu pulu şəhid ailəsinə verməyi qərara alırlar. Fikirlərini məktəbin direktoruna bildirirlər. O da, “məktəbimizin şagirdlərindən bir şəhidimiz var. Onun ailəsinə verək”deyir.

Direktor Şaban bəyə zəng vurur, məsələni dedikdə, şəhidimizin atası “ belə şey ola bilməz, bizə yaraşmaz o pulu almaq.Məktəbin nə əyər-əskiyi varsa ona xərcləyin”deyir.

Məktəbin direktoru sevincək halda “ Şaban bəy, məktəbimizin həyətində şagirdlərin istifadə edə biləcəyi çeşməmiz yoxdur. Havalar isinən kimi uşaqlar həyətdə oynadıqlarında, su olmadığı üçün əziyyət çəkirlər, Allah sizdən razı olsun.”

Beləliklə, məktəbin həyətində Əmrənin adına bir bulaq salınır. Bu işdə İzmitin Körfəz bələdiyyəsi və bir iş adamı da dəstəklərini əsirgəmirlər.

Şaban bəy deyir ki, “ hər bir şəhid valideyni geyiminə, yerişinə, duruşuna, danışığına diqqət etməlidir, çünki onlar şəhid valideynləridirlər.

Onlar valideynlərini şəhidlikləri ilə şərəfləndirdikləri kimi, biz də onların adını əməllərimizlə, hərəkətlərimizlə ucaltmalıyıq.

Biz şəhidimizi dəyərli etməliyik ki, başqaları da dəyər versin.

Biz bütün şərtlərdə dövlətin, Vətənin yanında olmalıyıq. Övladlarımız bu Dövlətin, bu Vətənin yolunda şəhid oldular, canlarından keçdilər. Şəhidlərimiz canlarını, qazilərimiz bədənlərindən parçalar verdilər.

Biz güclü olub, ayaqda möhkəm durmalıyıq ki, ŞƏHİDLƏRİMİZİN ruhu da hər zaman biz

tərəfdən rahat olsun.”

Bu yazdıqlarım Əmrənin 22 illik həyatının yarımçıq qalan hekayəsinin müəyyən bir hissəsidir.

Arlıların evində Əminə xanım, Şaban bəy, Əmrənin bacıları Əlif və Hilalla söhbət edərkən bir şeyə daha da əmin oldum.

Əmin oldum ki, şəhid anasının qəlbi bir başqa döyünür, gözləri həsrətlə dolub hər gün oğlunun dönəcəyi yola dikilər.

Əmin oldum ki, şəhid anası sadəcə, gülümsər, ürəkdən gülməz.

Şəhid anasının nəfəsi övlad qoxuyar.

Şəhid anasının bayramı övladı yuxusuna gəldiyi gün sayılar, başqa bayramı olmaz.

Şəhid anası kimsədən heç nə gözləməz, şəhidinə diqqət, sevgi və hörmətdən başqa.

Şəhid anası övladının tanınması üçün gecəsini gündüzə qatar.

Əmin oldum ki, şəhid anası qapı hər çalındığında övladının gəldiyini düşünər.

Şəhid anası telefon hər zəng çaldığında zəng edəni övladı zənn edər.

Əmin oldum ki, şəhid atası nə qədər şax durmağa çalışsa da, övlad həsrətindən beli bükülməyə başlar.

Şəhid atası övladı haqqında birnəfəsə danışar və doymaz.

Əmin oldum ki, şəhid atası övladını onun dostlarının xatirələrində yenidən tapar. O xatirələrlə yuxuya gedər, o xatirələrlə nəfəs alar...

Şəhid bacısının gözlərinin silinməz bir nisgilin ünvanı olduğuna əmin oldum.

Əmin oldum ki, şəhid bacısı qardaşı haqqında yana-yana danışar.

Şəhid bacısı qardaşıyla son görüşünə sarılaraq yaşayar.

Əmin oldum ki, şəhid bacısının sadəcə dili danışar, qəlbi isə “qardaş, qardaş” deyə nalə çəkər.

Şəhid bacısı gülər, amma ürəyi qan ağlar.

Əmin oldum ki, toysuz şəhidin valideyni övladı üçün arzuladığı bəy otağını muzeyə çevirər. Övladının ətrini onun əşyalarından alar.

Bəli, şəhid ailəsi olmaq şərəfli, qürurlu bir vəzifədir.

Bu vəzifəni daşımaq, acını qəlbində kədər xoncası edərək yaşamaq deməkdir.

Tərcümeyi halı:

Əmrə Kaan Arlı 24 aprel 1993-cü ildə Samsunda doğulub.

Ailənin ilk və son oğul övladıdır.

1999-cu ildə Körfəz Yeniyalı Fahri Korutürk ibtidai məktəbində ilk təhsilə başlayır.

Orta məktəbi Yarımca və Uluğbəy orta məktəblərində davam edib. Orta təhsilini Dərincənin Mövlanə orta məktəbində bitirir.

Orta məktəbdə oxuduğu dönəmdə anasının çox gərgin iş rejimi olduğu üçün iki il yarım yatılı Quran kursunda oxuyur.

Körfəz Anadolu Texniki və Sənaye peşə liseyinin(Peşə və Texniki Anadolu liseyi) Elektrik-elektronika bölümündə bitirir.

Universitet təhsilinə Kocaeli Universitetinin Hərəkə Peşə İnstitutunda Mexatronika bölümündə başlayır.

Universiteti bitirmədən əsgər getmək üçün müraciət edir.

Beləliklə, təhsilini donduraraq əsgəri xidmətə gedir.

2015-ci ildə xidmət üçün Manisa Kırkağac təlim düşərgəsinə göndərilir. Ordan sonra isə Siirt- Şırvanda pulemyotçu kimi xidmətə başlayır.

Vətən borcunu şərəflə yerinə yetirən Əmrə Kaan 2015-ci ilin 19 avqustunda Siirt Pərvaridə terrorçularin bombali basqını nəticəsində qəhrəmancasına şəhid olur.

Şəhid Əmrə Kaan Arlının xatirəsinin əbədiləşdirilməsi yönündə bir çox işlər görülüb.

Ata yurdu Samsunun Kavak qəsəbəsində bələdiyyə tərəfindən bir küçəyə Əmrənin adı verilib.

Bundan başqa İzmitdə bir idman salonuna, Sağlam həyat mərkəzinin İzmitdəki şöbəsinə, Çayırova qəsəbəsində bir küçəyə, Mersində bir məktəbin kitabxanasına, Samsun Böyük Şəhər Bələdiyyəsi tərəfindən Kavak qəsəbəsinin Atayurd kəndində Sosial və Mədəniyyət mərkəzinə, İzmitin Yəhya Kaptan səmtində yerləşən bir Sevgi evinə, Siirt şəhərinin Şirvan qəsəbəsində bir bulağa Əmrənin adı verilib.

 

Xalidə Xalid

Hərbi And $g 2024.- 20 sentyabr,(¹35).- S.14.