“Qürur duy, məğrur
duruşunla məni xatırla”
Şəhid kapitan Elcan Balabəylinin həyat hekayəsi
facebook sharing buttontwitter sharing buttonmessenger sharing
buttonwhatsapp sharing buttontelegram sharing buttonsharethis sharing button
Bir gün haçansa Elcandan xəbərsiz ailəsinin
qonağı olacağım heç ağlıma gəlməzdi...
O mənim yaddaşımda ucaboy, arıq, intizamlı və
özünə qapanıq biri kimi qalıb. İri, ala gözləri
vardı. Baxışlarına sirli bir dünya
sığışmışdı: O dünyada Vətən
vardı, torpaq vardı, neçə-neçə
qaçqının ağır taleyi vardı. Bir də təbii
ki, düşmənə dərin nifrət vardı. Elcanı Heydər Əliyev
adına Hərbi Liseydən tanıyırdım. Müəllim
kimi onunla fərdi söhbətim də olmuşdu. O xatirələrin
üzərindən illər keçib. Boş qalmış
otağında divardan asılmış şəkilləri ilə
üz-üzə dayanmışam. İndi bir kursantla deyil, igid
zabit, cəsur döyüşçü, neçə-neçə
medalın sahibi, iri cüssəli, sərt baxışlı
Elcanla üz-üzə dayanmışam.Taleyin nə qəribə
gərdişi varmış...
Balabəyli Elcan Vasif oğlu 12 mart 1992-ci ildə
Naxçıvan şəhərində anadan olub. 1998-2007-ci
illərdə Naxçıvan şəhər Mirəsgər
Seyidov adına 15 saylı tam orta məktəbdə təhsil
alıb. Anası Səkinə xanım deyir ki, dərslərini
əla oxuyurdu. Hətta bir dəfə aşağı qiymət
almışdı deyə mənim üzümə baxa bilmirdi.
O qədər inadkar, fədakar və qətiyyətli idi ki,
atası da, mən də onu tamamilə başqa sahədə
görürdük. Potensialı var idi. Birinci ili önünə
keçdik. Lakin ikinci ili onun hərb peşəsinə olan
sevgisi qarşısında dayana bilmədik. 2007-ci ildə
yüksək balla Heydər Əliyev adına Hərbi Liseyə
daxil oldu. Uğurlar arzuladıq.
Atası Vasif kişi deyir ki, nəslimizdə hərbçi
olmayıb. Elcan ailəmizin ilk övladı idi. Balaca
qardaşı Elçinlə onu tez-tez Şəhidlər
xiyabanına aparardım. Xiyabanda dəfn olunan şəhidlər
arasında dostum Bahadur Abbasov da var idi. Mənim dostuma, şəhid
qardaşlarımıza olan ehtiramımı Elcan həmişə
diqqətlə izləyərdi. Orta məktəbdə
bütün hərbi-idman oyunlarına qatılar, fəxri fərmanlarla
geri dönərdi. Onun tale yolu artıq
seçilmişdi... Elcan Balabəyli
Hərbi liseyi bitirib 2010-2014-cü illərdə Azərbaycan
Ali Hərbi Təyyarəçilik Məktəbində hava
hücumundan müdafiə ixtisası üzrə təhsilini də
müvəffəqiyyətlə başa vurur. 2014-2015-ci illərdə
Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində
təkmilləşdirmə kursu keçir. 2015-ci ildən Azərbaycan
Ordusunun sıralarında zabit kimi xidmət dövrü
başlayır. Döyüş və ictimai-siyasi
hazırlığın yüksəldilməsində, hərbi
intizamın möhkəmləndirilməsində əldə
etdiyi nailiyyətlərə görə bir sıra fəxri fərmanlara
layiq görülür. 2018-ci ildə "Azərbaycan Ordusunun
100 illiyi" yubiley medalı ilə, 2021-ci ildə
"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli
medalı ilə təltif edilir. Lakin bunlar son deyildi. 2016-cı
il Aprel döyüşləri qələbəmizin
qığılcımı kimi tarixə düşdü. Bir
sıra strateji yüksəklik düşməndən təmizlənir.
Elcan Balabəyli Lələtəpə istiqamətində xidmətini
davam etdirir.
2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsi
nəinki ordumuzun gücünün, həm də
xalqımızın birliyinin təcəssümü oldu.
Kapitan Elcan Balabəylinin döyüş yolu Füzulinin
Alxanlı kəndindən başladı. Bir neçə saat ərzində
Füzulinin bir sıra kəndləri düşməndən təmizlənir.
Bütün atəş vasitələrindən istifadə edərək
dərinliyə doğru irəliləyən qüvvələrimizin
qarşısını almaq istəyən düşmənin cəhdləri
boşa çıxır. Şiddətli döyüşlərdə
Elcan qəlpə yarası alır. İlkin tibbi yardım
göstərilir və təxliyə olunması məsləhət
bilinir. Lakin Elcan son ana qədər döyüşəcəyini
bildirərək fəaliyyətini davam etdirir. Füzulidən
başlayan döyüş yolu Xocavənddən Şuşaya
qədər davam edir. Şuşaya ilk ayaq qoyan
döyüşçülərdən biri olan kapitan Elcan
Balabəyli ailəsinə sevincli xəbəri
çatdırır. Düşmən təslim olur. Xalq zəfərini
qeyd edir. Belə şadyana vaxtlarda Elcan Naxçıvana, ailəsinin
yanına gəlir. Qəhrəman döyüşçü
hava limanında alqışlarla qarşılanır. Elcan ilk
olaraq Vətən müharibəsi şəhidlərinin dəfn
olunduğu xiyabana gəlir...
2021-ci ildə Elcanın toy hazırlıqları
başlayır. Atası toyu iyulun 14-nə təyin edir. Bunu
eşidən Elcan "Həmin gün Milli qəhrəmanımız
Polad Həşimovun anım günüdür", - deyə
etiraz edir. Beləliklə, toy ayın 16-na təyin olunur. Xoşbəxt ailə həyatına
qədəm qoyan Elcan xidmətinə davam edir. Məğlubiyyəti
ilə hələ də barışmayan düşmən həyata
keçirilmiş sonrakı əməliyyatlardan da yetərli nəticə
çıxarmamışdı. Düşmən daha da
azğınlaşırdı. Üçtərəfli Bəyanatın
tələblərinin kobud şəkildə pozulması, qəbul
edilmiş öhdəliklərin yerinə yetirilməməsi və
digər bu kimi hallar zəruri tədbirlərin həyata
keçirilməsini qaçılmaz edirdi.
Sentyabrın 19-u səhər saatlarında Azərbaycanın
Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin
və qeyri-qanuni silahlı birləşmələrinin kəşfiyyat-diversiya
qrupları tərəfindən terror məqsədilə
ordumuzun təminat yollarının minalanması nəticəsində
iki mülki şəxs və dörd polis əməkdaşımızın
şəhid olması düşmənin pozuculuq fəaliyyətinin
önlənməsini şərtləndirdi və əməliyyat
tədbirləri başlandı. Kapitan Elcan Balabəyli də
tabeliyindəki heyət ilə Ağdərə istiqamətində
döyüşlərə cəlb olundu. Əsgərləri hər
vəchlə qoruyan kapitan Balabəyli düşmən qüvvələrinin
fəaliyyətlərini dəf edir, snayper atəşi ilə
başından aldığı yaradan qoruduğu, sevdiyi
torpağa sarılır. "Əgər şəhid olarsam,
qolumdakı saatı mütləq atama
çatdırın", - demişdi. Həyatının son
anında belə bu istəyini qolunu irəli uzatmaqla ifadə
edir. 23 saat 50 dəqiqə
müddətində yekunlaşan lokal xarakterli antiterror əməliyyatı
nəticəsində Ermənistan silahlı qüvvələrinin
qalıqları təslim olur. Düşmənin məğlubiyyətində
Elcanın da payı var idi...
20 sentyabr 2023-cü ildə Elcan Balabəylinin nəşi
Naxçıvana gətirilir. Vətən müharibəsindən
sonra Naxçıvana gəlişində ilk ziyarət etdiyi
şəhidlərin yanında dəfn edilir. İndi həmin saat Elcanın vətənpərvərliyini,
igidliyini əşyaları ilə təcəssüm etdirən
otağında sərgilənir. O vaxtdan heç dayanmayıb.
Zamanı göstərir. Bəlkə də, Elcan onunla
qürur duyan atasına həyatın davam etdiyini, mübarizədən
ibarət olduğunu və bu mübarizədən qalib
çıxmağı, səbirli olmağı
arzulamışdı. Kim bilir...
Qardaşı Elçin Elcanın yaxasını medallar
bəzəyən hərbi formasını göstərir. Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamları ilə
verilən "Hərbi xidmətlərə görə",
"Vətən uğrunda", "Füzulinin azad
olunmasına görə", "Xocavəndin azad
olunmasına görə", "Şuşanın azad
olunmasına görə" medallarını Elcan özü
formaya sancmışdı, - deyir. İxtisasını
artırmaq məqsədilə oxumağa gedəcəkdi. Bunun
üçün artıq ilkin hazırlıqlar başa
çatmışdı. O, daha ali mərtəbəyə -
şəhidlik məqamına ucaldı. Mən onunla qürur
duyuram". Ölümündən
sonra Elcan Balabəyli Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamları ilə 3-cü dərəcəli
"Vətənə xidmətə görə" ordeni və
"İgidliyə görə" medalı ilə təltif
edilib. Canını çox
sevdiyi Azərbaycanın ərazi bütövlüyünün
təmin olunmasına fəda edən Elcanın da arzuladığı
kimi: Qürur duy, məğrur duruşunla onu xatırla, Səkinə
ana. Bizim borcumuz Elcan Balabəyli kimi igidlərin seçdiyi
yola - Vətən yoluna sayğı göstərmək və
daim onları sevgi ilə xatırlamaqdır!
Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasının baş
redaktoru
Hərbi And $g 2024.- 20 sentyabr,(¹35).- S.12.