Mövludun mübarək,
QƏHRƏMAN!
Azərbaycan Respublikasının ərazi
bütövlüyü və suverenliyi uğrunda
canlarını fəda etmiş vətənpərvər
övladlarımızın xatirəsinin əbədiləşdirilməsi
məqsədilə Naxçıvanda tez-tez silsilə tədbirlər
keçirilir. Belə tədbirlərdən biri də
Naxçıvan Texniki Kollecində baş tutan "Vətənə
xidmətə görə" ordenli şəhid kapitan Balabəyli
Elcan Vasif oğluna həsr olunmuşdu. Qəhrəmanımızın
ad günü münasibətilə keçirilən tədbirdə
əvvəlcə ölkəmizin ərazi
bütövlüyü uğrunda canlarından keçmiş
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edildi, dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan kollecin
direktoru Asəf Ruşanov çıxışında ikinci
Qarabağ müharibəsində və sonrakı tarixlərdə,
eləcə də antiterror əməliyyatlarında qəhrəmanlıq
nümunəsi göstərmiş el oğullarından olan
kapitan Balabəyli Elcanın
xatirəsinə həsr edilmiş tədbirin mahiyyətindən
iştirakçılara məlumat verdi. Qəhrəmanın
valideynlərinə dərin hörmət və
ehtiramını bildirdi.
Sonra şəhidimizin keçdiyi döyüş
yoluna həsr olunmuş, Naxçıvan Televiziyasının
hazırladığı "Ölümsüzlər" sənədli
televiziya filimi təqdim olundu. Filmin ərsəyə gəlməsində
əməyi olan televiziyanın əməkdaşı Məsumə
Şirəliyeva çıxış edərək şəhid
valideynlərinə baş sağlığı verib bildirdi
ki, bundan sonra da tarix yazan qəhrəmanlarımızın
tanıdılması üçün belə filmlərin
hazırlanması davam edəcək.
Tədbirdə çıxış edən
Naxçıvan şəhər İcra Hakimiyyəti
aparatının şöbə müdiri İsmayıl
Gülməmmədov, şəhid Amin Gülməmmədovun
atası, Naxçıvan Şəhid Ailələri
İctimai Birliyinin sədri Mayis Gülməmmədov, şəhid
Zülfü Rzayevin anası Məhbarə Rzayeva, şəhidin
hərbi Liseydə komandiri olmuş polkovnik-leytenant Naib Cəfərov
və döyüş
yoldaşı qazi Təvəkkül Qəhrəmanlı şəhidimizlə
bağlı xatirələrini bölüşərək Vətənə
belə igid, mərd, vətənpərvər övlad
yetişdirən Vasif bəyə və Səkinə xanıma
minnətdarlıqlarını bildirdilər.
Sonra Naxçıvan Texniki Kollecinin tələbələrinin
hazırladığı şeir və mahnılardan ibarət
bədii hissə təqdim olundu, Elcan Balabəylinin təhsil
aldığı 15 nömrəli tam orta məktəbin
şagirdləri şəhidimizə həsr edilmiş
şeirləri bədii qiraət etdilər.
Şəhidin atası Vasif bəy və qardaşı
Elçin müəllim çıxış edərək tədbirin,
televiziya filiminin hazırlanmasında əməyi keçən
şəxslərə və tədbir
iştirakçılarına bu əlamətdar gündə
yanlarında olduqlarına görə təşəkkürlərini
bildirdilər.
Sonda şəhidimizin məzarı ziyarət olundu,
ruhuna dualar edildi. İftar saatında ehsan süfrəsi
açıldı.
Şəhid Kapitan Balabəyli Elcan Vasif oğlu 12 mart
1992-ci ildə Naxçıvan şəhərində
dünyaya göz açıb. Evin ilk övladı olan Elcan
1998-ci ildə Naxçıvan şəhər Mirəsgər
Seyidov adına 15 nömrəli tam orta məktəbin 1-ci sinfinə
daxil olub. 2007-ci ildə orta məktəbin 9-cu sinfini əla
qiymətlərlə bitirib. Qəhrəmanım 2007-2010-cu illərdə
Naxçıvan şəhərindəki Heydər Əliyev
adına Hərbi Liseydə təhsil aldığı illərdə
də əlaçı idi. 2010-cu ildə Azərbaycan Ali Hərbi
Təyyarəçilik Məktəbinə qəbul olanda Azərbaycan
Respublikası üzrə ən yüksək bal toplayan ikinci,
Naxçıvanda isə ən yüksək bal toplayan birinci
kursant olub.
2014-cü ildə həmin ali hərbi məktəbi
hava hücumundan müdafiə ixtisası üzrə başa
vuraraq leytenant hərbi rütbəsi alan Elcan 2014-2015-ci illərdə
Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində
təkmilləşdirmə kursu keçib. 2015-ci ildən Azərbaycan
Silahlı Qüvvələri sıralarında nümunəvi
zabit kimi xidmət edib. 2017-ci ildə baş leytenant, 2021-ci ildə
isə kapitan hərbi rütbəsi alıb. Döyüş və
ictimai-siyasi hazırlığın yüksəldilməsində
və hərbi intizamın möhkəmləndirilməsində
əldə etdiyi nailiyyətlərə görə dəfələrlə
yuxarı komandanlıq tərəfindən diplom və fəxri
fərmanlarla təltif edilib.
Elcan 2018-ci ildə Azərbaycan Respublikası
Prezidentinin adından Müdafiə nazirinin əmri ilə
"Azərbaycan Ordusunun 100 illiyi Yubiley" medalı ilə təltif
edilib
2021-ci ildə isə "Qüsursuz xidmətlərə
görə" 3-cü dərəcəli medalı ilə təltif
edilmişdir. 27 sentyabr 2020-ci ildə başlanan Vətən
müharibəsinə qatılmış, 30 sentyabr 2020-ci ildə
Füzuli rayonu istiqamətində düşmənə
hücum zamanı düşmən artilleriyasının atəşi
nəticəsində qəlpə yarası almışdır.
Müalicəsi tamamlanmamış həkimlərin təkidinə
baxmayaraq, öz istəyi ilə yenidən döyüşlərə
geri qayıtmış, Füzulidən Şuşaya qədər
şərəfli döyüş yolu keçmişdir. Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin 25 dekabr
2020-ci il tarixli sərəncamı ilə "Füzulinin azad
olunmasına görə" medalı ilə, 30 dekabr 2020-ci il
tarixli sərəncamı ilə "Hərbi xidmətlərə
görə" medalı ilə, 24 iyun 2021-ci il tarixli sərəncamları
ilə "Xocavəndin azad olunmasına görə",
"Şuşanın azad olunmasına görə", "Vətən
uğrunda" medalları ilə, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamı
ilə isə "Vətən müharibəsi
iştirakçısı" medalı ilə təltif
edilib. Bundan başqa Elcan 2016-cı ilin Aprel döyüşlərində,
2022-ci ilin qisas əməliyyatında fəal
döyüşçü kimi iştirak edib.
Qəhrəmanımızın son döyüşü
2023-cü ilin 19 sentyabr tarixində Qarabağ iqtisadi rayonunda
lokal xarakterli antiterror əməliyyatları zamanı olur.
Ağdərə istiqamətində gedən döyüşlərdə
düşmənin snayper atəşi nəticəsində qəhrəmancasına
şəhidlik zirvəsinə yüksəlir Elcan.
Qəhrəman şəhidimiz 20 sentyabr 2023-cü il
tarixində doğulduğu Naxçıvan şəhərində
böyük bir izdihamla uğrunda canını fəda etdiyi
torpağa tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2023-cü
il tarixli sərəncamları ilə Kapitan Balabəyli Elcan
Vasif oğlu ölümündən sonra 3-cü dərəcəli
"Vətənə xidmətə görə" ordeni və
"İgidliyə görə" medalı ilə təltif
edilib.
2021- çi ildə ailə həyatı qurmuş qəhrəmanımızdan
ailəsinə yadigar bir övlad qalmadı, lakin onun vətəni
və xalqı qarşısında etdiyi xidmətləri,
göstərdiyi şücaəti və sonsuz məhəbbəti
qaldı.
Ruhun şad, mövludun mübarək, QƏHRƏMAN!
Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri İctimai
Birliyinin mətbuat katibi
Hərbi
And .- 2025. -4 aprel(№11).- S.16.