İlk azərbaycanlı
vitse-admiral kimdir? O, "uçan eskadrilya"nın orduda tətbiq
edilməsinin təşəbbüskarıdır
Rusiya İmperiyası donanmasının azərbaycanlı
vitse-admiralı, Sakit okeandakı Rus Hərbi Dəniz Qüvvələrinin
komandanı, Krım müharibəsinin iştirakçısı,
İmperator coğrafiya birliyinin həqiqi üzvü olmuş
İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov 1822-ci il
sentyabrın 10-da Bakıda ziyalı elitası arasında
böyük nüfuz sahibi olan Allahverdi bəyin ailəsində
anadan olub.
Onun tərcümeyi-halı həm admiral, həm də
hərbi dəniz tarixçisi kimi çox zəngindir. Əgər
onun həyatını digər hərbçilərin
ömür yolu ilə müqayisə etməli olsaq, ancaq
general Əlağa Şıxlinskinin artilleriya tarixindəki
xidmətləri ona bərabər ola bilər. Çünki həmin
dövrdə azərbaycanlı generallardan hərb elmi ilə məşğul
olan ancaq Əlağa Şıxlinski idi. Fərq təkcə
ondan ibarətdir ki, Əlağa Şıxlinskinin elmi və hərbi
fəaliyyəti Azərbaycanla daha çox bağlı
olmuşdur. Onun adı çoxlarına tanış olmasa da,
bir çox xarici ölkələrdə, əsasən də
Rusiyada hərbi dənizçilər yaxşı
tanıyırdılar. Orada onu "Rus hərbi
donanmasının şöhrət çələngi"
adlandırırdılar. Admiral İ.Aslanbəyovun elmi tədqiqatları
isə rus hərb elmində geniş istifadə olunsa da, təəssüf
ki, bu günə qədər bizə gəlib
çatmayıb.
İbrahim bəy Aslanbəyov 1834-cü ildə
Peterburqda dənizçilik məktəbinə qəbul olur. 3
il təhsil alan İbrahim bəy 1837-ci ildə buranı
adı fəxri "Qırmızı lövhə"yə
yazılmaqla bitirir. İlk öncə "Aleksandr Nevski",
daha sonra "Prozergin" freqatlarında miçman kimi xidmətə
başlayır. Burada xidməti müddətində yüksək
zəkası, fərasəti və bacarığı ilə
komandanlığın hörmətini qazanır. Komandanlıq
onun Rusiyanın ən böyük hərbi gəmilərindən
olan sürətli "İmperator I Pyotr" gəmisinə
keçirilməsini və hərbi dəniz təlimlərində
iştirak etməsini məsləhət bilir.
1842-ci ildə Dənizçilik Məktəbinin zabitlər
sinfini bitirən İbrahim bəy Qara Dəniz Hərbi
Donanmasında üzən "Selafail",
"Varşava", "Felistokl" və digər sahil
mühafizə gəmilərində xidməti zamanı
özünü cəsur və bacarıqlı zabit kimi
göstərir. İ.Aslanbəyovun hünər və rəşadətini
yüksək qiymətləndirən ordu komandanlığı
Krım müharibəsinin ilk illərində onu
"Elbrus" hərbi gəmisinə komandir təyin edir. Qara
dənizin Şərq sahillərində baş verən
toqquşmalarda iştirak edir.
"Elbrus" hərbi gəmisinə komandirlik edən
leytenant Aslanbəyov 1854-cü ildə düşmənin gəmilərini
darmadağın etmək üçün dörd dəfə
(30 iyun, 7 iyul, 3 və 6 avqust) dənizə çıxır.
Avqust ayında isə desant gəmisinin döyüşən
batareyasına komandirlik edir. Bu xidmətlərinə görə
ona kapitan-leytenant rütbəsi verilir.
Həmin ilin sentyabrın 13-dən müharibənin
axırına kimi Sevastopol hərbi qarnizonunun tərkibində
düşmənə qarşı döyüşlərdə
əsl fədakarlıq nümunələri göstərən
Aslanbəyov son döyüşlərdən birində
ağır kontuziya alır. Buna baxmayaraq o, mübarizəni qətiyyətlə
davam etdirir. Şərq müharibəsindən sonra Nikolayev
limanında 36-cı donanma ekipajına komandirlik edir.
İ.Aslanbəyov 1860-1861-ci illərdə
"Sokol" pərli korvet gəmisinə, 1865-ci ildə isə
"Retvizan" gəmisinə komandir təyin edilir. Bir
müddət məşhur vitse-admiral Butakovun zirehli
eskadrasında qərargah rəisi olur.
İbrahim bəy 1869-72-ci illərdə dəfələrlə
müxtəlif ümumi dövlət əhəmiyyətli məsələləri
öyrənmək üçün toplanmış komitələrə
sədr təyin edilir. Estoniyaya ezam olunan İbrahim bəy gəmiçilik
məktəblərinin yaradılması və ticarət gəmilərinin
düzəldilməsi üçün yaranan komitənin
üzvü seçilir.
1872-ci ildə I Pyotrun anadan olmasının 200 illiyi
Rusiyada böyük bayram şənliyi kimi qeyd olunur. Bu
münasibətlə ümumrusiya texniki sərgisində
iştirak etmək və imperatorun kiçik avarlı gəmi
dəstəsinə Moskvaya kimi rəhbərlik işi həmyerlimiz
Aslanbəyova etibar olunur.
1878-ci il yanvarın 1-də Hərbi Dəniz
Donanmasındakı misilsiz xidmətlərinə görə
vitse-admiral rütbəsinə layiq görüləndə həmyerlimiz
səkkizinci donanma ekipajının rəisi idi. Bu ali rütbədən
sonra İ.Aslanbəyov Baltik donanması üzrə flaqman vəzifəsinə
təyin olunur.
1879-1882-ci illərdə İbrahim bəy gəmi heyəti
ilə dövr-aləm səyahətinə çıxır.
O, Sakit okeanda dəmir zirehli hərb və buxar yelkənli iti
gedən gəmilərdən ibarət hərbi heyətə -
"Minin", "Knyaz Pojarski", "Hersoq Edinburq",
"Asiya" və "Afrikaya" rəhbərlik edir.
İ.Aslanbəyova tapşırılmış eskadra onun rəhbərliyi
altında Sakit okeana və oradan uzaq Polineziya adalarına qədər
çətin yol keçir.
İ.Aslanbəyov okeanda sürətlə hərəkət
edən kreyserlərin və "uçan eskadrilya"nın
orduda tətbiq edilməsinin təşəbbüskarıdır.
Ömrünün əlli ildən çoxunu hərbi
dəniz donanmasında nümunəvi xidmətdə keçirən,
öz ağıllı təklifləri, müdrik layihələri
ilə Rusiyanın Hərbi Donanmasının qüdrətinin
daha da artmasında misilsiz hünər göstərmiş bu məşhur
azərbaycanlı vitse-admiralın fədakarlığı
Rusiyanın və bir sıra xarici ölkələrin yüksək
ordenləri ilə qiymətləndirilib. O, Serbiyanın
"Takova" (1879), Rusiyanın "Müqəddəs
Vladimir" (1854), birinci dərəcəli "Müqəddəs
Stanislav" (1881), birinci dərəcəli "Müqəddəs
Anna" (1883), "Ağ qartal" (1888), Yaponiyanın
"Günəşin doğuşu" (1882), Havay dövlətinin
ikinci dərəcəli "Kalakua" (1882) ordenlərinə
layiq görülüb.
1881-ci ildə İmperator III Aleksandrın tacqoyma mərasimində
iştirak edən admiral Aslanbəyova hədiyyə olaraq
qılınc verilir və birillik məvacibi həcmində pul
mükafatı ayrılır.
Hələ sağlığında - 1882-ci ildə
Saxalində bir yarımada, Oxot dənizində isə bir
körfəz Aslanbəyovun adı ilə
adlandırılır.
M.P.Lazarev adına Ukrayna Hərbi Dəniz Donanması
Veteranları İttifaqının təşəbbüsü
ilə Kiyevdə Dənizçilər parkındakı Fəxri
xiyabanda bir sıra yüksək rütbəli dəniz zabitlərinin
büstü ilə yanaşı, İbrahim bəy Aslanbəyovun
da büstü qoyulub.
Onun şəxsi işində saxlanan rəy və xatirələrdən,
xüsusilə 1917-ci ildən əvvəlki dənizçiliyə
aid ədəbiyyatdan məlum olur ki, Aslanbəyov öz heyəti
və ümumiyyətlə, tabeliyində olanların
arasında böyük hörmət qazanıb. İllərin
soldurduğu sənəddə ad-soyadı oxunmayan bir
kontr-admiral yazır ki, Aslanbəyov xarici ölkələrdə
də yaxşı tanınırdı. O, gəmi heyətində
ruh yüksəkliyi yaratmağı məharətlə
bacarırdı. Hətta kiçik rütbəlilərin də
şəxsi təşəbbüsünü qiymətləndirirdi.
Açıq ürəkliliyi və qətiyyəti ilə
çoxlarından fərqlənirdi. Aslanbəyovun gəmi səfərləri
haqqında, eləcə də özünün
danışdığı çoxlu əhvalatlar hələ
də məşhurdur. Bu onun məşhur şəxsiyyət
kimi nə qədər sevildiyini bir daha göstərir.
İbrahim bəy Kazan və Peterburq universitetlərinin
professoru, məşhur azərbaycanlı, böyük şərqşünas
alim Mirzə Kazım bəylə dost olub
Dahi rus yazıçısı Lev Tolstoy admiral Naximovun
həlakolma səhnəsini ondan öyrənmişdir. Lev
Tolstoy məşhur "Sevastopol hekayələri"ni yazarkən
admiral Aslanbəyovun xatirələrindən bəhrələnib.
İ.Aslanbəyov 1900-cü il dekabrın 7-də
Peterburqda vəfat edib.
Hərbi
And .- 2025. -4 aprel(№11).- S.15.