Azərbaycan Ordusunun
Yaranması və İnkişafı: Tarixi Uğurlar və Qələbələr
Bugünkü müasir Azərbaycan Ordusu 1918-ci ildə
yaranmış və 23 ay mövcud olmuş Azərbaycan Xalq
Cümhuriyyətinin qurduğu ordunun varisidir. Yetmiş il sovet
imperiyasının tərkibində yaşamağa məhkum
edilmiş bir xalq gərgin mübarizələrdən sonra
1991-ci ildə yenidən tarixi müstəqilliyinə
qovuşdu. 1991-ci il oktyabrın 9-da Azərbaycan Ali Sovetinin qərarı
ilə Azərbaycan Ordusu yaradıldı. Həmin il
noyabrın 4-də ilk hərbi hissənin yaradılması barədə
qərar qəbul olundu. 14 noyabrda hərbi hissənin ilk əsgərləri
yığıldı. Hərbi Dəniz Qüvvələrinin
təlim bazasında "Şıxov"da formalaşan ilk
tabor dekabrın 14-də Hərbi And içərək
Qarabağa yollandı.
İstər Cümhuriyyət dövrü, istərsə
də müstəqilliyimizin ilk illərində Azərbaycan
Ordusu ölkəmizin ərazi bütövlüyünə
qarşı yaranmış erməni-daşnak təhlükəsi
ilə üz-üzə qaldı. 1988-ci ildən başlayan erməni
təcavüzü daha ciddi xarakter alaraq müharibə həddinə
gəlib çatdı. Sovet imperiyasından miras qalan
Qarabağ münaqişəsi müstəqilliyimizin ilk illərində
daha da genişlənməkdə idi. Ermənilər Azərbaycanın
əzəli torpağı olan Qarabağı işğal edib
öz ərazisinə qatmaq kimi xam xəyallarını həyata
keçirmək üçün bütün vasitələrdən
istifadə edirdi. Xarici havadarlarından güc alan erməni
millətçiləri bütün varlığı ilə
Qarabağı Ermənistana birləşdirmək, bu da
mümkün olmadıqda ayrıca dövlət qurmaq istəyirdi.
Əvvəlcə Ermənistanda yaşayan azərbaycanlıları
doğma dədə-baba yurdundan didərgin saldılar. Daha
sonra isə Qarabağda erməni silahlı dəstələri
fəallıq göstərərək, Şuşa şəhəri
də daxil olmaqla, neçə-neçə yaşayış
məntəqəsinə hücum edərək dinc insanları
gülləbaran etdilər. Əliyalın əhalinin sağ
qalan qismi yurd-yuvasını tərk etmək məcburiyyətində
qaldı.
Azərbaycan xalqına və ərazi
bütövlüyünə qarşı yönəlmiş
erməni terroru qarşısıalınmaz həddə
çatmışdı. Yeni yaranmaqda olan ordumuzun birləşmələri
və ərazi özünümüdafiə taborları erməni
silahlı birləşmələrinin qarşısını
almaq üçün döyüşlərə cəlb
olunurdu. Həm ordu, həm də siyasi baxımdan düşmən
daha güclü idi. Erməni lobbisi dünyanın bir çox
ölkələrindən onlara dəstək verir, Azərbaycanın
haqq səsini boğurdu. Düşmənin bu xislətini
dayandırmağın tək yolu xalqın səfərbər
olaraq onun bütün hücumlarının
qarşısını almaq və ölkəmizin mövcud ərazisini
qorumaq idi. Bunun üçün xalqımızın vətənpərvər
oğul və qızları könüllü olaraq cəbhəyə
yollandılar. Onların qəhrəmanlıqları və
şücaətləri qısa zamanda ölkədə əks-səda
doğurdu. 1992-ci ilin mayından başlayan Goranboy-Ağcakənd
əməliyyatı qısa zamanda uğurla başa
çatdı.
Goranboy-Ağcakənd ərazisi erməni silahlı dəstələrindən
təmizləndikdən sonra ordumuz Tərtər-Ağdərə
əməliyyatına başladı. Tərtər şəhəri
üçün daha çox təhlükə yaradan Şəhriyar
qəsəbəsi erməni silahlılarının cəmləşdiyi
ən təhlükəli məntəqə idi. Tərtər
şəhərindən 3 kilometr məsafədə yerləşən
terror ocağından tez-tez silahlı basqınlar olurdu.
Əhali doğma ev-eşiyini tərk etmək məcburiyyətində
qalsa da, vətənpərvər oğullarımız hər
an şəhərin müdafiəsində mətinliklə
dayanırdılar. Düşmən Tərtəri işğal
etməyə çalışırdı. Ordumuzun bölmələri
Tərtər çayının sağ və sol sahili boyunca
döyüşə başladılar. 3 nömrəli Sovxoz
adlanan ərazidə düşmən güclü müdafiə
olunsa da, sonradan “Azərbaycanın Milli Qəhrəmanı”
adına layiq görülmüş Vəzir Orucov, Kərim Kərimov,
Yusif Mirzəyev və yüzlərlə qəhrəman
oğullarımızın şücaəti sayəsində
torpaqlarımız hissə-hissə azad edildi. Ordumuzun
keçirdiyi bu uğurlu əməliyyatın sorağı
qısa müddətdə hər yana yayıldı. O zaman
xalqda orduya, özünün parlaq gələcəyinə
böyük ümid var idi. 4 iyul 1992-ci ildə Ağdərə
şəhəri erməni silahlı birləşmələrindən
tam azad edildi. Döyüşçülər bu tarixi qələbədən
bayram ovqatına köklənərək Ağdərə
şəhərinin düşməndən azad edilməsini əsl
bayram etdilər.
Ermənistan tərəfi cəbhədə Azərbaycan
Ordusunun ciddi irəliləyişini görüncə dərhal
atəşkəsin əldə edilməsi üçün əl-ayağa
düşdü. Bir ay müddətinə əldə
edilmiş atəşkəs zamanı düşmən
itirilmiş mövqeləri qaytarmaq üçün həmin əraziyə
döyüş texnikaları və canlı qüvvə
toplamağa başladı. Düşmənin məkrli niyyətinə
baxmayaraq ordumuzun bölmələri Kasapet, Heyvalı,
Çıldıran və başqa yaşayış məntəqələrini,
Sərsəng su anbarı da daxil olmaqla, əhəmiyyətli
yüksəklik və əraziləri işğaldan azad etdilər.
Döyüşlər zamanı düşmənin xeyli sayda
zirehli texnikası və canlı qüvvəsi məhv edildi.
Bir neçə tank, PDM və xeyli sayda silah-sursat qənimət
olaraq götürüldü.
Ermənistandan fərqli olaraq Azərbaycan o zaman
heç bir xarici dövlətdən yardım almırdı.
Dövlətin ərazisini, müqəddəratını təyin
etmək yalnız xalqın ümidinə qalmışdı.
Xalqın vətənpərvər övladları silaha
sarılaraq Vətənə sipər oldular.
Azərbaycan Ordusunda yeni yaranmaqda olan hərbi hissələrin
sayı da artmaqda idi. Cəbhədə könüllülərdən
və çağırışçı gənclərdən
ibarət hərbi hissələr döyüşürdü.
Müddətli həqiqi hərbi xidmətə gələn gənclər
bir neçə ay təlim keçəndən sonra
döyüşlərə cəlb olunurdular. Könüllülərdən
fərqli olaraq müddətli döyüşçülər
həm intizam baxımından, həm də komandirlərin əmrlərinə
tabe olmaqla daha effektiv idarə olunurdular.
Həmin dövrdə ölkədə yaranmış
acınacaqlı vəziyyət dövlət müstəqilliyinə
yönəlmiş ən böyük təhlükə
olmuşdu. Həm erməni təcavüzündən, həm də
ölkə daxilində yaranmış
özbaşınalıq xalqın dövlət qurumlarına
olan inamını tamam itirmişdi. Cəbhədə ordunun
döyüş qabiliyyətinin aşağı düşməsi,
hakimiyyətin yarıtmaz idarəçiliyi
torpaqlarımızın erməni silahlı birləşmələri
tərəfindən asanlıqla işğalına yol
açmışdı. Xalqın və dövlətin
düşdüyü ağır vəziyyətdən
qurtulmağının yeganə yolu Naxçıvan Muxtar
Respublikası Ali Məclisin sədri olan Heydər Əliyevin
yenidən respublika rəhbərliyinə gətirilməsi idi.
Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər
Əliyev Bakıya dəvət olundu və səs
çoxluğu ilə Milli Məclisin sədri seçildi. O,
1993-cü il iyulun 15-də Gəncədə baş
qaldırmış hərbi qiyamın qarşısını
almaq məqsədilə gərəkli tədbirlər həyata
keçirdi. Ermənistanla müharibədə orduda
yaranmış ruh düşkünlüyü, ümidsizlik
aradan qaldırıldı. Gənclər Vətənin
müdafiəsinə yenidən könüllü olaraq
yazılmağa başladılar. Onlar "Vətən
uğrunda!", "Heydər baba yolunda!"
şüarları ilə tanklar üzərində
döyüşlərə yollandılar. Füzuli-Horadiz
istiqamətində qısa zamanda düşməni ağır
itkilərə düçar edərək 40 kilometrə qədər
irəlilədilər. Bu, Azərbaycan Ordusunun cəbhədə
zaman baxımından əldə etdiyi ən uğurlu
döyüş əməliyyatlarından biri idi.
1994-cü il mayın 12-də cəbhədə
imzalanmış atəşkəs Azərbaycan Ordusunun yenidən
formalaşmasına zəmin yaratdı. Ulu Öndər Heydər
Əliyevin ordu rəhbərliyi qarşısında qoyduğu
mühüm vəzifələrdən biri vahid komandanlıq
altında birləşmiş ordunun yaradılması idi.
Zamanın tələbinə uyğun olaraq könüllülərdən
ibarət taborlar buraxıldı və onlar Müdafiə
Nazirliyinin hərbi hissələrinə verildilər. Ordumuzun
yeni silahlarla, döyüş texnikaları və peşəkar
zabit kadrları ilə təmin edilməsi istiqamətində də
mühüm addımlar atıldı. Qısa zamanda şəxsi
heyətin döyüş və mənəvi-psixoloji
hazırlığının artırılması
yönündə davamlı iş aparıldı. 2016-cı
ilin Aprel döyüşləri ordumuzun Cənubi Qafqazın ən
güclü ordusu olduğunu bir daha sübut etdi. Otuz ilə
yaxın torpaqlarımızı işğalda saxlayan Ermənistan
üçün Aprel döyüşləri ciddi xəbərdarlıq
idi. Lakin düşmən işğalçılıq siyasətindən
əl çəkmədi və Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı
qüvvələrinin təxribatına cavab olaraq əks-hücuma
keçdi və 44 gün ərzində qələbə
qazandı. Ordusu darmadağın edilmiş Ermənistan
kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan
Ordusu bununla da tarixin ən böyük qələbələrindən
birini qazanmaqla işğalı sonlandırdı.
Hərb tariximizin uğurlarıdır ki, bu gün
müstəqil suveren dünyəvi dəyərləri
özündə ehtiva edən demokratik ölkəmizdə
yaşayırıq. Ordumuzun gücü və qüdrəti
dövlətimizi, dövlətçiliyimizi daha da möhkəmlətməklə
uğurlu inkişafı davam etdirəcək.
Bəxtiyar Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az
Hərbi
And .- 2025. -4 aprel(№11).- S.13.