Qaradan dərin qara…
Diplomatiya təkcə dövlətlərarası
razılaşmalar və iqtisadi anlaşmalardan ibarət deyil.
Əslində, o, daha dərin bir fenomenin – mədəniyyətlərarası
dialoqun və tarixi yaddaşın qarşılıqlı
anlaşma əsasında yenidən qurulmasının vasitəsidir.
Azərbaycan və Almaniya arasındakı münasibətlərin
son dönəmlərdə yeni bir dinamika qazanması da məhz
bu baxımdan maraqlıdır. Prezident İlham Əliyevin
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter
Ştaynmayer ilə görüşündə müzakirə
edilən məsələlər
– enerji təhlükəsizliyi,
- ticarət dövriyyəsinin artırılması,
- COP29 çərçivəsində ekoloji
işbirliyi və s. –
bütün bunlar bir tərəfdən iqtisadi
gerçəkliklərin ifadəsi olsa da, digər tərəfdən
mədəniyyətin və tarixi təcrübələrin necə
böyük rol oynadığını göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə
diqqət edək:
“Həm təkbətək görüşdə
söhbət əsnasında, həm də nümayəndə
heyətlərinin iştirakı ilə
apardığımız danışıqlarda Almaniya-Azərbaycan
əlaqələrinin gələcək inkişafı
müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər
bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir”.
Azərbaycan və Almaniya - hər ikisi öz
coğrafi bölgəsində önəmli tarixi keçidlər
yaşamış ölkədir. Azərbaycan, tarixən
böyük imperiyalar arasında, necə deyərlər, bir
körpü rolunu oynadığı və özü də
imperiyalar qurduğu, nəhahət Yaxın Doğuda ilk
Cümhuriyyət qurduğu kimi, Almaniya da Avropanın siyasi və
mədəni xəritəsini, qabaqcıllığını,
demokratik quruluşunu müəyyənləşdirən
ölkələrdən biri olub. Bu iki ölkə
arasındakı diplomatik münasibətlər dərinləşdikcə,
tarixi və mədəni kontekstlərin də əlaqələrə
necə təsir etdiyini daha yaxşı anlayırıq.
Belə bir fikir mərhələsində, Almaniya
bayrağının birinci rəngi, bizdə
böyüklük anlamı daşıyan – qara – maraqlı bir
simvol kimi qarşımıza çıxır. Qara rəng
tarixdə çox vaxt matəm və qaranlıq dönəmlərlə
assosiasiya edilsə də, əslində, bu, eyni zamanda yeni bir
başlanğıcın, keçmişdən alınan dərslərin
və yenidən qurulmuş bir gələcəyin rəmzi kimi
xarakterizəni haqq edir.
Klassik versiyaya görə, alman bayrağındakı
qara, qırmızı və qızılı rənglər
1848-ci ildəki inqilab zamanı birləşmiş
Almaniyanın rəmzinə çevrilib. Ancaq bəzi qaynaqlarda
bu rənglərin Müqəddəs Roma İmperiyası
dönəmindəki qara-qızılı və Napoleona
qarşı döyüşən könüllü birliklərin
qara-qırmızı-qızılı (sarı)
uniformalarından qaynaqlandığı da vurğulanır.
Alman və Azərbaycan bayraqlarında yalnız bir rəng
– qırmızı eynidir.
Maraqlıdır, hər iki bayraq üçrənglidir,
ikisində də qırmızı rəng ortadadır: bizdə
göy ilə yaşılın “qoruduğu”
qırmızını, almanlarda qara və sarı “qoruyur”…
Almaniya tarixinə nəzər saldıqda üç əsas
mərhələ diqqət çəkir. Bu mərhələlər,
XIX yüzildə başlayan Alman Birliyi sürəci,
XX yüzildə ll Dünya müharibəsindən
sonrakı yenidənqurma, nəhayət,
çağdaş Almaniyanın Avropa və dünya
siyasətində lider mövqeyə yüksəlməsidir.
Tarixdən çıxarılan dərslər
Almaniyanın bugünkü siyasi və mədəni kimliyində
önəmli yer tutur. Keçmişi inkar etmədən, amma
ondan yeni bir gələcək yaratmağı bacaran Almaniya modeli,
əslində, xalq ruhunun cəsarətini ifadə edir. O,
keçmişin yüklərini daşıyan, lakin onlardan yeni
bir həyat quran gücün də ifadəsidir.
Azərbaycan da öz tarixində önəmli təcrübələr
yaşamış bir ölkədir. Uzun illər dış
basqılara uğrayan, XX yüzildə müstəqilliyini
qazanaraq yeni bir inkişaf mərhələsinə qədəm
qoyan Azərbaycanın da tarixi keçidləri Almaniyanın təcrübəsi
ilə müəyyən paralellər təşkil edir. Biz
soyqırıma uğramış, hər iki Dünya
müharibəsində itkiləri olmuş amma o müharibələri
başlatmamış bir ölkəyik. Bununla belə, tarixdən
tarixə, ideologiyadan ideologiyaya, quruluşdan quruluşa
keçidlərimiz müəyyən təbii
oxşarlıqlar nümayiş etdirir.
Oxşarlıqlar Azərbaycan-Almaniya münasibətlərini
yalnız iqtisadi və siyasi kontekstdə deyil, mədəni və
tarixi baxımdan da dəyərləndirməyi zəruri edir.
Mədəni diplomatiya, əslində, dövlətlərin
bir-birini daha dərindən anlamasına, keçmişdəki
təcrübələrini paylaşaraq gələcək
üçün sağlam işbirliyi qurmasına münbit
ortam yaradır. Azərbaycanın zəngin mədəni irsi,
tolerantlığı alman fəlsəfəsi və elmi ilə
qarşılıqlı münasibətlərdə öz əksini
tapdıqca, bu iki ölkə arasında yeni bir mədəni-mənəvi
körpü də formalaşır. Ayrıca,
almanların XIX yüzildən Azərbaycanda toplu halda
yaşamağa başlaması, onların ll Dünya müharibəsinədək
Azərbaycanda formalaşdırdığı irs də
özünəxas körpü olaraq çıxış
edir. Bu sətirlərin yazarının doğulduğu Tovuz eli
daxil olmaqla respublikamızın Günbatar ellərində
Batılı almanların mədəni izləri hələ də
qalmaqdadır.
Ədəbi bağlar - Bodenştedt-Vazeh adları,
mədəni irs - Bakıda Alman Kirxası,
hələ də əski halı ilə qorunan
Helenendorf, Annendorf kimi (alman icmalarının)
yaşayış məntəqələri,
iqtisadi bağlar - Simens qardaşları üzərindən
anıla, vurğulana, dəyərləndirilə bilər.
“Cənab Prezident, biz ölkələrimiz
arasındakı münasibətlərin tarixi haqqında
danışmışıq. Əvvəla, şvabiyalı kəndlilərin
burada - Azərbaycanda məskunlaşmasını, şərabçılıq
ənənələrini yaratmasını xatırlaya bilərik.
Onlar kənd təsərrüfatının inkişafında
iştirak ediblər. Əlbəttə, sənayeləşmədə
də onların xeyli iştirakı olub. Alman təşkilatları,
böyük şirkətlər sənayenin inkişafında,
mis çıxarılmasında, elektrik enerjisi şəbəkəsinin
qurulmasında iştirak ediblər. Bir çox almanlar Azərbaycanda
yaşayıblar. Bunu ona görə xatırladıram ki, bu
münasibətlərimizin uzun keçmişini, Almaniya ilə
Azərbaycan arasında bu münasibətlərin çoxdan
olduğunu bilmək vacibdir. Çox məmnunam ki, Azərbaycanda
alman dilinə və Almaniyada təhsilə böyük maraq
var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa
böyük maraq göstərirlər və hesab edirəm ki,
biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi
genişləndirməliyik”. - Bu, Prezident Ştaynmayerin bəyanatındandır.
Yeri gəlmişkın, o tay-bu taylı azərbaycanlıların
Almaniyada əsasən XX yüzilin ikinci yarısından bəri
boy göstərən varlıqları da təqdirlə
vurğulana bilər.
Bütün bunlar bir daha göstərir ki, beynəlxalq
münasibətlər yalnız rəqəmlərlə,
müqavilələrlə və iqtisadi statistika ilə
sınırlanmır. Tarixin və mədəniyyətin
qatıldığı bu münasibətlər, əslində,
dövlətlərin gələcəkdə hansı dəyərlər
üzərində dayanacağını müəyyənləşdirir.
Azərbaycan və Almaniya arasında qurulan münasibətlər
də bu böyük mənzərənin bir hissəsidir olub,
mədəniyyətlərarası dialoqun necə həlledici
rol oynadığını bizə xatırladır.
Bəli,
diplomatiya bəzən sadəcə neft müqavilələri,
ticarət statistikaları və siyasi razılaşmalar üzərində
qurulmuş kimi görünə bilər. Lakin daha dərindən
baxdıqda, onun mərkəzində mədəniyyətlərarası
dialoq və tarixi təcrübələrin
paylaşılması dayanır.
Azərbaycan-Almaniya bağlarının bu kontekstdə
yeni bir mərhələyə qədəm qoyması, gələcək
üçün ümidverici bir ismarıcdır.
Bu yerdə,
“Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu
bilirik, tanıyırıq” deyən Almaniya Prezidentinin bəyanatından
daha bir önəmli sitat gətirək. - İqtisadi-ticari
münasibətlər haqqında danışıqlara toxunan
Prezident Ştaynmayer, yalnız Mərkəzi Asiya ilə deyil,
həm də Uzaq Doğu ilə, o cümlədən
Güney-Batı Asiya və Çinlə Almaniyanın ticarət
əlaqələrində ölkəmizin rolunu belə
vurğulayır: “Bilirik ki, hazırkı mövcud yolların
imkanları məhduddur. Ölkənizdən keçən
yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı
üçün vacibdir, yaxşı perspektivdir və bu, daha
maraqlı olacaq”. İsmarıc aydındır.
Sonda
bir daha, Azərbaycan Prezidentinin sözlərinə
müraciət edək:
“Əminəm ki, bu səfərin çox müsbət
nəticələri olacaqdır. İkitərəfli
münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana
birinci rəsmi səfəridir. Əminəm ki, səfərin
yekunları bizim ölkələrimizi bir-birinə daha
yaxın edəcəkdir”.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər Qoşalı
Hərbi
And .- 2025. -4 aprel(¹11).- S.5.