Avropa İttifaqı Türk
dünyası ilə yaxınlaşır
Avropa İttifaqının (Aİ) Türk dövlətləri
ilə əlaqələri dərinləşdirmək
üçün atdığı son addımlar, gələcək
əməkdaşlığın daha da genişlənməsinə
dair əhəmiyyətli bir siqnal kimi qiymətləndirilə
bilər. Bu strateji dönüş kontekstində Türkiyə,
Azərbaycan və Mərkəzi Asiya respublikaları kimi
Türk dövlətləri Avropa İttifaqı
üçün həm etibarlı tərəfdaş, həm
də yeni əməkdaşlıq imkanları təqdim edən
regionlar kimi ön plana çıxır. Aprel ayı ərzində
planlaşdırılan görüş və məsləhətləşmələr
bu intensivliyin artaraq davam edəcəyinə işarədir.
Görünən odur ki, bahar havası münasibətlərin
yenidən canlandırılması üçün maksimum dərəcədə
səmərəli şəkildə istifadə ediləcək.
Bu fikirləri politoloq Aqil Məmmədovun “Avropa
İttifaqı Türk dünyası ilə
yaxınlaşır” sərlövhəli məqaləsində
yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Almaniya Azərbaycanla yaxınlaşma siyasətinə
keçir
Bu kontekstdə ilk təmas bu gün Bakıda baş
tutdu. Almaniya Prezidentinin səfəri və intensiv
görüşlər təkcə Bakı-Berlin münasibətləri
baxımından deyil, eyni zamanda, Avropa İttifaqı-Türk
Dövlətləri Təşkilatı arasında əlaqələrin
dərinləşdirilməsi baxımından da mühüm əhəmiyyət
kəsb edir. Məlumdur ki, ABŞ–Aİ münasibətlərində
müşahidə edilən soyuqluq fonunda Vaşinqtonun zəifləyən
mövqelərinin yerini tutmağa rəsmi Berlin can atır.
İkinci Dünya müharibəsindən sonra Yalta
razılaşması ilə Qərb və Şərq maraq dairələrinə
bölünən Avropa SSRİ-nin dağılması nəticəsində
Şərqi Avropa ölkələrinin Moskvanın təsirindən
çıxması ilə yenidən dəyişdi. 2020-ci ildən
sonra baş verən proseslər və Prezident Donald Trampın
həyata keçirdiyi xarici siyasət nəticəsində
Vaşinqtonun Qərbi Avropa maraq dairəsində müəyyən
mənada əvvəlki nəzarətini itirdiyi müşahidə
olunur. Yaltadan bəri ilk dəfə Almaniya təkcə
Avropanın iqtisadi gücü deyil, eyni zamanda, siyasi mərkəzə
çevrilmə perspektivinə real şans qazanıb. Bu məqsədlə
Almaniya təkcə Aİ daxilində deyil, həm də
böyük gələcək vəd edən regionlarla
yaxınlaşma siyasətinə keçid edir. Gözlənilir
ki, Almaniya Qafqaz ölkələri ilə sıx təmas
quraraq yaxın gələcəkdə bu regionda
açılması mümkün olan geniş iqtisadi
potensialdan faydalanmağa çalışacaq.
Xəzər hövzəsindən təbii qaz və
neft tədarükünün artırılması Aİ-nin
uzunmüddətli enerji təhlükəsizliyi
üçün prioritet məsələlərdəndir. Məsələn,
Azərbaycanla imzalanan yeni enerji memorandumları və Cənub
Qaz Dəhlizinin potensial genişləndirilməsi Avropanın qaz
tələbatının bir hissəsini qarşılamağa
kömək edəcək. Almaniyanın burada da, öz
iştirakını artırmaq və mümkün qədər
möhkəmləndirmək niyyətində olduğu görsənir.
Aİ-Türkiyə yüksəksəviyyəli
iqtisadi dialoqu 6 illik fasilədən sonra intensivləşir
Aİ-nin türk dövlətləri ilə
yaxınlaşma siyasətinin başlanmasını göstərən
digər mühüm amil, Türkiyə və Aİ
arasında dialoq kanallarını inkişaf etdirmək
üçün 2015-ci ildə təsis edilmiş Yüksək
Səviyyəli İqtisadi Dialoq (HLED) mexanizminin yenidən
canlandırılması barədə qərardır. Bu mexanizm
çərçivəsində üç görüş
keçirildikdən sonra verilmiş altıillik fasilədən
sonra dialoqun bərpası 2024-cü ilin dekabr ayında Aİ-də
təşkil edilən iclasda gündəmə gətirilib və
Aİ zirvəsində də təsdiq olunaraq rəsmi xarakter
alıb.
Bu yeni dövrün ilk toplantısı sabah, aprelin 3-də
Brüsseldə keçiriləcək. Görüş tərəflər
arasında iqtisadi əlaqələrin sürətlənməsi
və strateji əməkdaşlığın dərinləşdirilməsi
baxımından böyük əhəmiyyət
daşıyır. Məlumata əsasən, toplantıda Avropa
İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf
Bankı və Avropa İnkişaf Şurası Bankı kimi
Avropa mənşəli maliyyə qurumlarının yüksəksəviyyəli
nümayəndələri də iştirak edəcəklər.
Altıillik fasilədən sonra dialoqun bərpa olunması
Türkiyə–Aİ münasibətləri baxımından son
dərəcə vacib addım kimi dəyərləndirilə
bilər. Türkiyə rəsmiləri mütəmadi şəkildə
Aİ-yə üzvlüyün Ankara üçün strateji hədəf
olduğunu vurğulayıblar.
Türkiyənin qlobal enerji nəqli
marşrutlarında dönüş nöqtəsi statusunda
olması və yeni aşkar edilmiş yerli qaz ehtiyatları,
Ankara–Brüssel xəttində iqtisadi prioritetləri daha da
ön plana çıxarır. Aİ-nin Türkiyə ilə
yüksəksəviyyəli iqtisadi dialoq formatında əməkdaşlığı
bərpa etməsi də bu kontekstdə xarakterik nümunədir.
Ümumiyyətlə, Türkiyə ixracının təxminən
42 faizi Aİ ölkələrinə yönəldilir və
Türkiyə Avropa İttifaqının beşinci ən
böyük ticarət tərəfdaşı statusuna malikdir.
Səmərqənd sammiti: Aİ-nin Mərkəzi Asiya
siyasətində yeni səhifə açılır
Sabah, eyni zamanda, türk dövlətləri ilə
Avropa İttifaqı arasında yaxınlaşma məsələlərinin
Türk dünyasının mənəvi paytaxtı Səmərqənddə
müzakirə ediləcəyi gözlənilir. Aİ-nin iki ən
yüksəksəviyyəli rəsmisi – Ursula Fon der Lyayen və
Antoni Koşta aprelin 3-4-də Özbəkistanda səfərdə
olacaqlar. Bu sammit, Avropa İttifaqının Mərkəzi Asiya
ilə ikitərəfli əməkdaşlığı dərinləşdirmək
və regional inteqrasiyanı genişləndirmək istiqamətindəki
geosiyasi maraqlarını nümayiş etdirməsi
üçün başlıca platforma rolunu oynayacaq. Avrasiya məkanında
cərəyan edən geosiyasi proseslər fonunda Aİ ilə Mərkəzi
Asiya və bütövlükdə Türk dünyası
arasındakı münasibətlər tədricən daha da
strateji əhəmiyyət kəsb etməkdədir.
Qeyd etmək lazımdır ki, Aİ 2019-cu ildə Mərkəzi
Asiya dövlətləri ilə əlaqələri dərinləşdirmək
məqsədilə yeni Orta Asiya strategiyası qəbul edib. Bu
yenilənmiş strategiya region ölkələri ilə daha
möhkəm, müasir və inklüziv tərəfdaşlığı
gücləndirməyə, Mərkəzi Asiyanı daha sabit,
iqtisadi və siyasi baxımdan bir-biri ilə əlaqəli bir məkana
çevirməyə yönəlib. Aİ Mərkəzi
Asiyanın ikinci ən böyük ticarət tərəfdaşı
olmaqla yanaşı, bölgəyə qoyulan bütün xarici
sərmayələrin 40 faizdən çoxunu təmin edən ən
böyük investor rolunda çıxış edir. İkitərəfli
münasibətləri daha da dərinləşdirmək məqsədilə
Aİ, Türkmənistan istisna olmaqla, bütün Orta Asiya
dövlətləri ilə genişləndirilmiş tərəfdaşlıq
və əməkdaşlıq sazişlərini (EPICA)
razılaşdırıb.
Beləliklə, Almaniya Prezidentinin Azərbaycana səfəri,
Aİ–Türkiyə Yüksək Səviyyəli İqtisadi
Dialoqunun yenidən bərpa olunması və Səmərqənddə
Mərkəzi Asiya ilə ortaq Zirvə görüşünə
hazırlıqlar Avropa İttifaqının uzunmüddətli əməkdaşlıq
istiqamətində real addımlar atdığını
göstərir. Bu vəziyyət türkdilli dövlətlərin
yaşadığı coğrafiyada yeni tərəfdaşlıq
formatlarının meydana çıxmasına zəmin
yaradır. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin
xammal ehtiyatları, tranzit potensialı, Türkiyənin
mühüm nəqliyyat habına çevrilməsi Avropa
üçün geniş perspektivlər açır. Digər
tərəfdən, region dövlətləri də Aİ ilə
tərəfdaşlığı iqtisadi modernləşmə,
investisiya artımı və beynəlxalq bazarlara
çıxış baxımından səmərəli hesab
edirlər.
Gözləmək olar ki, qarşıdakı illərdə
regiondakı aktivlik daha da yüksələcək, bir sıra
irimiqyaslı infrastruktur və enerji layihələrinə start
veriləcək. Rəqabət mühitinin güclənməsi
isə həm Aİ, həm də region ölkələri
üçün yeni imkanlar yaratmaqla yanaşı, mürəkkəb
geosiyasi şəraitdə balans qurmağa da kömək edəcək.
Hərbi
And .- 2025. -4 aprel(¹11).- S.4.