Tarixçi-alim: Aprel
döyüşləri bütün dünyaya Azərbaycan
Ordusunun qələbə əzmini göstərdi
Qarabağ Zəfərinin başlanğıcı hesab
olunan Aprel döyüşləri erməni işğalında
olan Azərbaycan torpaqlarının azad olunması
üçün yeni bir mərhələnin əsasını
qoydu. Ermənistan hərbi birləşmələrinin
qoşunların təmas xəttində mütəmadi olaraq həyata
keçirdiyi təxribatlara cavab olaraq ordumuz tərəfindən
keçirilmiş əks-əməliyyat zamanı
qazanılmış qələbə Azərbaycan Ordusunun
gücünü, xalqımızın yenilməz ruhunu
bütün dünyaya sübut etdi. Uzun illər boyu öz
havadarlarına arxalanan Ermənistan bir tərəfdən beynəlxalq
aləmdə siyasi təxribatlardan çəkinmir, digər tərəfdən
öz hərbi gücünü artırmaqla hərbi
münaqişənin dərinləşməsinə səy
edirdi. Beynəlxalq təşkilatlar isə erməni
işğalına haqq qazandıran status-kvonu qoruyub saxlamaqda
canfəşanlıq göstərirdilər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində
AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi
işçisi Mübariz Ağalarlı deyib. O bildirib ki, Ermənistan
hərbi-siyasi rəhbərliyinin 2016-cı ilin fevral ayında
İrəvanın “statik müdafiə” strategiyasından daha
aktiv çəkindirmə rejiminə keçdiyini elan etməsi
onların müdafiə taktikasından hücum taktikasına
keçdiyini və işğalçı dövlətin
gerçək militarist simasını göstərirdi: “Eyni
zamanda, 2016-cı ilin fevralında Rusiyanın Ermənistana
silah alınması üçün 200 milyon dollar həcmində
kredit verməsi, bunun nəticəsində hərbi
disbalansı Ermənistanın xeyrinə dəyişdirmək
cəhdləri Azərbaycana yönəlik hərbi-siyasi təhdid
idi. Bu amillər Bakını diplomatik vasitələrlə
yanaşı, Qarabağda uğurlu hərbi əməliyyatlar
aparmağa vadar edirdi.
2016-cı il aprelin əvvəlində Azərbaycanın
düşmənlə ön xətt mövqeləri və
yaşayış məntəqələri Ermənistan
silahlı qüvvələri tərəfindən intensiv
artilleriya atəşinə məruz qaldı. Erməni
işğalçılarının hərbi təhdidlərinə
cavab olaraq Azərbaycan Ordusu adekvat cavab vermək məcburiyyətində
qaldı. Silahlı Qüvvələrimizin həyata
keçirdiyi əks-hücum əməliyyatının məqsədi
Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki
yaşayış məntəqələri üçün
törətdiyi təhlükəni aradan qaldırmaq idi.
Düşmənin aprelin 2-nə keçən gecə
bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini
atəşə tutması Azərbaycan tərəfindən dərhal
adekvat tədbirlərin görülməsi ilə nəticələndi.
Uğurlu əməliyyatlar nəticəsində Tərtər
rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər,
Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi
və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi
və Tərtər rayonunun Madagiz kəndi istiqamətindəki
strateji mövqelər düşməndən azad edildi.
Ordumuzun qəti zərbələri nəticəsində
düşmənin 30-dək tankı, 25-dən çox
artilleriya qurğusu və digər zirehli texnikası məhv
edildi, 800-dən çox hərbçisi zərərsizləşdirildi.
Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə
saxlanılması təmin edildi. Bununla da cinayətkar erməni
rəhbərlərinin keçilməz erməni səngərləri
haqqında mifi alt-üst edildi.
Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini
geri qaytarmaq məqsədilə cəbhənin əsasən
Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində
mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə
yaxın yaşayış məntəqələrimizi intensiv
atəşə tutdu. Amma döyüşçülərimizin
şücaəti qarşısında düşmən məqsədinə
nail ola bilmədi”.
Mübariz Ağalarlı qeyd edib ki, dörd gün
davam edən Aprel döyüşləri bütün
dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə
əzmini, ədalətin bərpa olunacağını göstərdi:
“Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev Aprel döyüşlərindəki qələbədən
sonra bir daha bəyan etdi ki, Ermənistanın müstəqil
bir ölkə kimi fəaliyyəti qonşularla münasibətlərini
tənzimləməkdən və öz qüvvələrini
Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal
çıxarmaqdan asılıdır.
Aprel döyüşlərində qazanılan qələbə
istər hərbi-siyasi baxımdan, istərsə də mənəvi-psixoloji
aspektdən Azərbaycan üçün böyük əhəmiyyət
daşıyırdı. Aprel qələbəsi Azərbaycana,
dövlətin hərbi-siyasi gücünə qarşı beynəlxalq
aləmdə mövcud olan yanlış təsəvvürlərin
üzərindən xətt çəkdi. Bu döyüş
Azərbaycanın və Ermənistanın hərbi
imkanlarındakı asimmetriyanı aşkar etdi. Bu qələbə
istənilən vaxt Azərbaycan Ordusunun düşməni məğlub
etmək imkanına malik olduğunu bir daha sübut etdi.
Aprel qələbəsi, eyni zamanda, Azərbaycana uzun
müddət məğlub olmuş dövlət kimi onun xeyrinə
olmayan psixoloji müharibədəki tarazlığı dəyişmək
imkanı yaratdı. Azərbaycanlıların Qarabağ
münaqişəsində qələbəyə
inamını itirməsi ilə bağlı iddialar Aprel
döyüşləri ilə yox oldu.
Bundan əlavə, Aprel döyüşləri beynəlxalq
aləmə, xüsusilə də ATƏT-in Minsk qrupuna bir
siyasi mesaj idi. Azərbaycan dövləti Minsk qrupunun uğursuz
vasitəçiliyinə alternativ olaraq öz gücü ilə
torpaqlarını işğaldan azad etmək gücündə
olduğunu bir daha bəyan etdi. Bir sözlə, Aprel qələbəsi
Qarabağ münaqişəsində mövcud olan
çoxyönlü status-kvonu tamamilə Azərbaycanın
xeyrinə dəyişdi və Azərbaycanın tarixi Qələbəsinə
aparan yolda sonun başlanğıcı oldu”.
Hərbi
And .- 2025. -4 aprel(¹11).- S.3.