Naxçıvandan
Qafqaza: İsmayıl Xan Naxçıvanskinin Hərb Yolu
İsmayıl xan Naxçıvanski 1819-cu il
yanvarın 5-də Naxçıvan xanlarından olan məşhur
general-mayor Ehsan xan Naxçıvanskinin ailəsində anadan
olub. O, ilk təhsilini atası Ehsan xanın sarayında
alıb və fars dilini mükəmməl öyrənib.
Sonralar atası Ehsan xan onu Tiflisə apararaq təhsil alması
üçün kişi gimnaziyasına qoyub və həmin
gimnaziyada orta təhsilini alıb. 1839-cu ildə Tiflis hərbi
gimnaziyasını bitirib və hərbi xidmətə
başlayıb. Bir il sonra poruçik rütbəsi alıb.
Baş komandanın əmri ilə 3 mart 1845-ci ildən isə
Əlahiddə Qafqaz Korpusunda süvari qoşunlarında xidmət
edib.
Atasının vəfatından sonra İsmayıl xan
Naxçıvanski Kəngərli tayfasının və Kəngərli
süvarilərinin rəisi təyin edilib. Bu haqda əmr 19
sentyabr 1847-ci ildə verilib. 23 avqust 1848-ci ildə Rusiya
çarı I Nikolay İsmayıl xanın atası
general-mayor Ehsan xanın hərbi fəaliyyətini nəzərə
alaraq onun oğlanları İsmayıl xana, Kalbalı xana və
qızı Lalabəyimə yüksək təqaüd təyin
edib.
Hərbi xidmətini uğurla davam etdirən
İsmayıl xan 5 fevral 1853-cü ildə “kapitan” rütbəsinə
layiq görülür. 1853-cü ildə Kəngərli
süvarilərinin qoşun hissələri ləğv edilib.
Bu səbəbdən İsmayıl xan yenidən, yəni, 8
iyul 1853-cü ildə Əlahiddə Qafqaz Korpusunda hərbi
xidmətə göndərilib. İsmayıl xan 10 noyabr
1853-cü ildə İrəvan bəy drujinası
qoşunlarının rəisi təyin edilib. O, həm də 1
may 1854-cü ildə 4 nömrəli süvari müsəlman
polkuna komandir köməkçisi təyin edilib. İrəvan
dəstəsinin tərkibində olan 4 nömrəli süvari
müsəlman polkuna İsmayıl xan 5 dekabr 1854-cü ilədək
komandir köməkçisi kimi rəhbərlik edib.
İsmayıl xana əla hərbi xidmətinə
görə 4 avqust 1855-ci ildə rotmistr rütbəsi verilərək
Əlahəzrətin Saray qvardiyasının kazak polkuna
keçirilib.
Əla döyüş bacarığına görə
3 aprel 1860-cı ildə İsmayıl xana “polkovnik” hərbi
rütbəsi verilib.
İsmayıl xan Qafqaz hərbi dairəsinin 123 nömrəli
əmrinə əsasən, (5 may 1877-ci il) "ovçu
müsəlmanlardan" və İrəvan
quberniyasının könüllü azərbaycanlılarından
təşkil olunan İrəvan qeyri-nizami polkuna komandir təyin
edilib, 28 yanvar 1878-ci ilədək bu polkun komandiri olub. O,
1877-1878-ci ildə rus-türk müharibəsinin
iştirakçısı olub.
Bəyazid qalası mühasirədə olarkən mərdlik,
sədaqət, şücaət və yüksək
döyüş bacarıqları göstərən
İsmayıl xan Naxçıvanskiyə 19 dekabr 1877-ci ildə
“general-mayor” hərbi rütbəsi verilib
İsmayıl xan Naxçıvanski 28 yanvar 1878-ci ildə
İrəvan qeyri-nizami süvari polkunun komandiri vəzifəsindən
azad edilərək Qafqaz ordusunun sərəncamına verilib. 28
oktyabr 1890-cı ildə Rusiya çarının əmri ilə
Naxçıvanda onun hərbi fəaliyyətinin 50 illik
yubileyi böyük təntənə ilə keçirilib.
Rusiya imperiyasının ordusunda yüksək sərkərdəlik
bacarığı və hərbi xidmətinin əlli illiyi ilə
əlaqədar olaraq 28 oktyabr 1890-cı ildə İsmayıl
xan süvari ordunun “general-leytenant” hərbi rütbəsi ilə
mükafatlandırılıb.
İsmayıl xan döyüşlərdə göstərdiyi
şücaətlərinə görə Rusiya
imperiyasının 5 medalını - "İmperatorun 1837-ci
ildə Qafqazı keçməsi" gümüş,
"1853-1856-cı illər üçün Xatirə
medalı" açıq tunc rəngli, "1877-1878-ci illər
üçün Xatirə medalı" açıq tunc rəngli,
"İmperator III Aleksandrın hakimiyyətinin xatirəsinə"
və "İmperator I Nikolayın hakimiyyətinin xatirəsinə"
gümüş medalı ilə təltif edilib.
General-leytenant İsmayıl xan Naxçıvanski
üçüncü dərəcəli "Müqəddəs
Stanislav" (1856, qılınc ilə), hərbi xidmətinin
25 illiyi münasibətilə dördüncü dərəcəli
"Müqəddəs Vladimir" (1867), ikinci dərəcəli
"Müqəddəs Stanislav" (1872, imperial tac ilə),
dördüncü dərəcəli "Müqəddəs
Georgi" (1877), üçüncü dərəcəli
"Müqəddəs Vladimir" (1883) və birinci dərəcəli
"Müqəddəs Stanislav" (1888), "Müqəddəs
Anna" (1901) ordenləri ilə təltif olunub.
Həmçinin o, İranın
"Şire-Xorşid" ordeninin üç dərəcəsi
ilə (üçüncü dərəcəsi brilliantla bəzədilmiş
1846-cı ildə, ikinci dərəcəsi ulduzla bəzədilmiş
1868-ci ildə, birinci dərəcəsi 1903-cü ildə) təltif
edilib.
General-leytenant İsmayıl xan Naxçıvanski məşhur
hərbçi Novruz ağa Kəngərlinin qızı
Xanımcan xanımla ailə qurub və bu nikahlarından 12 (bəzi
mənbələrdə 9) övladı olub. Qeyd edək ki,
arxivlərdəki İsmayıl xana aid məlumatlarda onun
övladlarının hamısının adları qeyd edilməyib.
O, 18 avqust 1908-ci ildə ordudan tərxis olunub.
İsmayıl xan Naxçıvanski 10 fevral 1909-cu ildə
Naxçıvanda vəfat edib.
Hərbi And .- 2025.- 11 aprel(¹12).-S.14