Qarapapaq Sülaləsindən
Çar Ordusuna: Azərbaycanın İlk Yüksəkrütbəli
Hərbçisi - İsrafil bəy Yadigarov
İsrafil bəy Mustafa bəy oğlu Yadigarov 15 dekabr
1815-ci ildə Borçalı qəzasının Təkəli
kəndində Qarapapaq sülaləsindən olan Yadigarlı
ailəsində dünyaya gəlib. 1825-ci ildən 1830-cu ilədək
Qaçağan kəndindəki Kərbəlayi Hüseyn
Mikayılın dini məktəbində ilk təhsilini
alıb. 1831-ci ildə Tiflisdə rus gimnaziyasında təhsil
alan İsrafil bəy Yadigarov 1834-cü il sentyabrın 1-də
Zaqafqaziya bəylərindən təşkil olunmuş Müsəlman
Süvari alayına könüllü qəbul olunub. Bir il sonra
praporşik olan İsrafil bəyə 1839-cu il dekabrın 23-də
dağlılara qarşı döyüşlərdə fərqləndiyinə
görə podporuçik rütbəsi verilib. Əlahiddə
Qafqaz korpusunun qərargahında xidmətini davam etdirib.
1841-ci il yanvarın 2-də Əlahəzrət
İmperatorun şəxsi təşəbbüsü ilə təşkil
olunan Müsəlman Süvari alayına təyin olunub.
1846-cı ildə ştabsrotmistri, 1849-cu il aprelin 3-də
rotmistr rütbəsi alan İsrafil bəy Yadigarov macarlara
qarşı döyüşlərdə iştirak edib. 1851-ci
il yanvarın 29-da podpolkovnik İsrafil bəy Peterburqdan Tiflisə
qayıdıb və Əlahiddə Qafqaz süvari korpusunda xidmətini
davam etdirib. 1853-cü ildə Krım müharibəsi
başlayanda podpolkovnik İsrafil bəy Yadigarov azərbaycanlılardan
ibarət 1000 nəfərlik süvari Müsəlman
Briqadası komandirinin müavini olub. Bir il sonra
borçalılı könüllülərdən ibarət
yığma - "ovçu" döyüşçülər
təşkil edən İsrafil bəy ordunun tərkibində
ikinci süvari Azərbaycan alayı yaradıb.
1854-cü il avqustun 19-da döyüşən ordu
komandanlarından biri Əlahiddə Qafqaz korpusunun komandirinə
göndərdiyi məlumatda belə yazıb: "Bu gün
möhkəm və dəhşətli bir hücum oldu.
Düşmən müdafiə olunmağa cəhd göstərirdi.
Lakin onlar İsrafil bəy Yadigarovun süvarilərinin
hücumuna davam gətirə bilmədilər. Düşmənin
sol cinahı yarıldı. Draqunlar, kazaklar, ikinci Azərbaycan
süvariləri və gürcü drujinası sürətlə
irəli atılıb onları döyüş səhnəsindən
sildilər".
Arxiv sənədlərində göstərilib ki,
1855-ci ilin iyulunda polkovnik İsrafil bəy Yadigarov Şəki
və Şamaxı könüllülərindən ibarət təşkil
etdiyi süvari alayla Qars üzərinə olan qəti
hücumda bir neçə dəfə fəal döyüşlər
aparıb. Bu döyüşlərdə qeyri-adi qəhrəmanlığa
görə təltif olunan 350 nəfərdən çox azərbaycanlı
arasında polkovnik İsrafil bəy Yadigarov da olub.
Krım müharibəsi dövründə Qafqazın
milli hərb xadimləri arasından çıxan hərbçiləri
Rusiyanın şöhrətli hərbi xadimləri ilə bərabər
qoysaq, səhv etmərik. Onlara azərbaycanlı general
İsmayıl bəy Qutqaşınlı, podpolkovnik Mənsur
ağa Vəkilov, polkovnik İsrafil bəy Yadigarov,
general-leytenant Fərəc bəy Ağayev, general Həsən
bəy Ağalarov, kabardin polkovniki Sultan Qazi Gərayi, osetin
polkovniki Kondukov, Dudarov və başqalarını aid etmək
olar
1855-ci il yanvarın 17-də İsrafil bəy Yadigarova
polkovnik rütbəsi verilib. 1855-ci il dekabrın 10-da o, Qars hərbi
dairəsinin rəisi təyin olunub. Lakin Tiflisə müalicəyə
getdiyinə görə həmin vəzifəni qəbul edə
bilməyib.
Nizami orduda əla xidmətlərinə görə
1866-cı il noyabrın 8-də İsrafil bəy Yadigarova
general-mayor rütbəsi verilib. 1877-ci il iyunun 6-da
döyüşən ordu korpusunun tərkibində
Qafqaz-Türkiyə sərhədlərinə ezam olunan general
İsrafil bəyin süvari korpusu İğdır, Sərdarabad,
Arpaçay, Kürəkdərə və Qars uğrunda
döyüşlərdə qəhrəmanlıq nümunəsi
göstərib.
Nizami orduda 50 illik xidmətlərinə görə
İsrafil bəy Yadigarov 1883-cü il aprelin 14-də
general-leytenant rütbəsi alıb. Həmin il istefaya
çıxıb, ona maaşı saxlanılmaqla
ömrünün axırına kimi general formasını gəzdirmək
hüququ da verilib. Rusiya Mərkəzi Hərbi Tarix Arxivindəki
rəsmi sənəddə general-leytenant İsrafil bəy
Mustafa bəy oğlu Yadigarova məxsus "Xidmət dəftərçəsi"ndə
onun döyüş yolu, ailə vəziyyəti, təltif
olunduğu orden və medallar təfsilatı ilə göstərilib.
Həmin sənəddə qeyd olunub ki, şərəfli
bəylər nəslindən olan İsrafil bəy
Gürcüstanın Tiflis quberniyasının zadəgan ailəsindəndir.
Dini islamdır. İsrafil bəy ilk dəfə 1848-ci ildə
üçüncü dərəcəli "Müqəddəs
Anna", 1854-cü ildə ikinci dərəcəli
"Müqəddəs Anna", 1856-cı ildə ikinci dərəcəli
"Müqəddəs Stanislav" (imperator tacının təsviri
ilə birgə), 1859-cu ildə ikinci dərəcəli
"Müqəddəs Anna" (imperator tacının təsviri
və qılıncla birgə), 1860-cı ildə
"İyirmi illik qüsursuz xidmətinə görə"
medalı ilə, 1863-cü ildə müsəlmanlar
üçün təsis olunmuş dördüncü dərəcəli
"Müqəddəs Vladimir", 1869-cu ildə
üçüncü dərəcəli "Müqəddəs
Vladimir", 1877-ci ildə müsəlmanlar üçün təsis
olunmuş birinci dərəcəli "Müqəddəs
Anna" ordenləri ilə və üstü "İgidliyə
görə" yazılı gümüş, Krım
müharibəsindəki qəhrəmanlığına görə
açıq rəngli xatirə medalları ilə təltif
olunub.
Generalın həyat yoldaşı rotmistr
İsmayıl bəy Vəzirovun qızı Səidə
xanım olub. General-leytenant İsrafil bəy 7 övlad
atası olub. Birinci oğlu Rəhim bəy 1845-ci il
oktyabrın 10-da, Kərim bəy 1854-cü il yanvarın 21-də,
Məmməd bəy 1855-ci il avqustun 25-də, Həsən bəy
və Hüseyn bəy 1856-cı il oktyabrın 8-də (əkiz
olublar), Səkinə xanım 1843-cü il martın 27-də,
Xeyranisə xanım 1850-ci il dekabrın 23-də anadan olublar.
İstefaya çıxan general-leytenant İsrafil bəy
ömrünün sonuna kimi Tiflis quberniyasında şöbə
rəisi vəzifəsində çalışıb.
General İsrafil bəy 1884-cü il fevralın 6-da vəfat
edib.
Hərbi And .- 2025.- 11 aprel(№12).-S.14.