Cəhridən Lələtəpəyə Lələtəpədən
əbədiyyətə
Rasim Məmmədov
1977-ci il mayın 20-də Babək rayonunun Cəhri kəndində
anadan olmuşdu. Lələtəpə yüksəkliyinə
qalxanacan 39 illik məsafə qət etmişdi. Onu Cəhridən
Lələtəpəyə qədər aparan yol onun
ömür yoludu, ömür yolunun bir hissəsi olan
döyüş yoludu...
Rasim Məmmədov 1994-cü ildə Cəhri 1
nömrəli kənd tam orta məktəbini bitirib. 1996-2000-ci
illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbində
təhsil alıb. Mayor rütbəsinədək yüksəlib,
tank taborunun komandiri olub. 2016-cı il aprelin 4-də Füzuli
istiqamətində gedən döyüşlərdə şəhid
olub. Ailəli idi. İki övladı var.
Cəhridə Rasimin anası Bəsti xanım
"Döyüşdə hər şey ola bilər. Kişi cəsur
olar, canından, qanından da keçər, amma
torpağından keçməz. Vətəni qorumaq
lazımdı. Oğlum da, yoldaşım da özü
seçdi bu yolu. Atası kimi balası da Vətəni sevdi,
torpağı sevdi, ailəsindən üstün tutdu hər
şeyi", - belə dedi.
Ağır illər idi o illər. Əli silah tutan hər
kəs torpağı qorumağa can atırdı.
1990-1993-cü illərdə ermənilər Sədərəyə
14 dəfə hücum etmişdilər. Arasıkəsilməz
hücumlar nəticəsində Sədərəkdə 500-ə
yaxın ev, məktəb, inzibati bina dağıntılara məruz
qaldı. Oğullar torpağı qorudular, geri çəkilmədilər.
Çətin bir zamanda, silahın, texnikanın
çatışmadığı, nizami ordunun
olmadığı bir şəraitdə Sədərək
müdafiə olundu. Ürəyindəki Vətən sevgisini
silaha çevirən oğullar son nəfəsə qədər
döyüşdülər. Həmin döyüşlərdə
iştirak edənlər arasında Əbdül Məmmədov
da vardı. Naxçıvan torpaqlarının müdafiəsi
üçün ilk özünümüdafiə
batalyonları yaradanlardan biri olan Əbdül Məmmədov
1992-ci ilin mayında komandiri olduğu taborla düşmən
hücumunun qarşısını alarkən ağır
yaralandı, hər iki ayağı iflic oldu.
Atasını əlil arabasına məhkum olunmuş
görən Rasimin qarşıya qoyduğu məqsədi onu Cəhridən
Bakıya gətirdi.
Anası Bəsti xanımın dediklərindən:
"Rasim 9-cu sinifdə oxuyanda məktəbdə
eşitmişdi ki, Sədərəkdə döyüş
gedir. Gəldi ki maşın olsa, gedib atama kömək edərəm.
Atası vuruldu, yenə də qorxmadı bu hadisədən. Hərbini
seçdi. Mən atamın yolunu gedəcəm, - dedi. Atası
da onu dəstəklədi, dedi gedin torpağımızı
qoruyun. Düşmən əlində olan
torpaqlarımızı qaytarmaq lazımdı".
Beləcə, Rasim atasının da xeyir-duası ilə
Bakı Ali Birləşmiş Komandirləri Məktəbinə
daxil olur. O, hər şeydən əvvəl təhsil almaq, hərbi
biliklərə yiyələnməyi qarşısına məqsəd
qoymuşdu. İstəyinə çatdı. Mayor idi Rasim...
Həyat yoldaşı Samirə xanımın xatirələrindən:
"Rasim evdə həmişə internetdən vətənpərvərlik
mahnıları yükləyirdi. Hərbi hissəyə gedəndə
həmin mahnıları əsgərlərinə dinlədirdi.
Rasimin telefonunda "Çırpınırdı Qara dəniz"
mahnısı da vardı. Çox sevərdi bu
mahnını... ".
Samirə xanım bizimlə söhbət etsə də,
gözü masadakı şəkillərdədi. Hər biri
müxtəlif illərin, yaşanan günlərinin xatirəsidi.
Şəkillərə baxdıqca çöhrəsinə gah
təbəssüm qonur, gah qürur, gah da iki il öncə
aldığı xəbərin kədəri.
"Biz Horadizdə olanda döyüşlər başlamışdı.
Qonşulardan eşitdim. Narahat olmayaq deyə, Rasim mənə
təhlükə olduğunu deməmişdi.
Narahatçılıq olub-olmadığını
soruşdum, qorxma, deyib təskinlik verdi. Aprelin 1-dən 2-nə
keçən gecə atışmalar başladı və biz
gecəni səhərə kimi zirzəmidə qaldıq. Sonuncu
danışığımızda, hər şey
yaxşıdı, düşmənin anasını
ağlatdıq", - dedi. Aprelin 4-ü zəng vurdum. Telefona
cavab vermədi. Bununla da bizim həyat hekayəmiz bitdi. Mən
çox qürur duyuram ki, Rasimin həyat
yoldaşıyam".
Tarixin aprel zəfəri
1990-cı illərdə ölkə daxilində
yaşanan böhrandan, nizami ordunun olmamasından istifadə edən
ermənilər torpaqlarımızın 20 faizini işğal
etdi. Atəşkəsi pozmaqda davam edən ermənilər
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə daha
genişmiqyaslı təxribat törətmək istədi,
yaşayış məntəqələrini, mövqelərimizi
müxtəlif silahlardan intensiv atəşə tutdular.
Ordu hissələrimiz əks-hücuma keçdi.
Düşmən böyük məğlubiyyətə
düçar oldu.
Son nəfəsədək
Bu döyüşlərdə mayor Rasim Məmmədov
da şəhid oldu. Hələ məktəb yaşlarından
qəlbində, ruhunda gəzdirdiyi müqəddəs
bayrağı müqəddəs torpaqlara sancanların
arasında olmuşdu. Lələtəpə yüksəkliyində
şəhid olmuşdu, son gördüyü Lələtəpəyə
sancılan azadlıq rəmzi - bayrağımız olmuşdu.
Camaat şəhidini qarşılamaq üçün
hava limanına axışmışdı. Əbədiyyətə
qovuşmuş mayor Rasim Məmmədov son mənzilə yola
salındı.
Bəsti ana o günləri belə xatırlayır:
"Cəhriylə Naxçıvan arasındakı yollarda
maşınlar düzülmüşdü. İndi də kəndimizin
camaatı mənə deyir ki, hələ də
qulağımızdan o səs getmir. Rasimi son mənzilə
"Şəhidlər ölməz, Vətən bölünməz"
harayıyla yola saldılar. Rasim Cəhridən Bakıya gedəndə
Əbdülün oğlu kimi getmişdi, Bakıdan Cəhriyə
qayıdanda xalqın oğlu kimi qayıtdı. Mən
oğlumla fəxr edirəm.
Rasimin şəhid kimi geri dönməsi ilə
bağlı sual verirlər. Əbdül kişi verilən
sualı belə cavablandırır: "Lazım gəlsə,
3 oğlumu da Vətən torpaqlarının müdafiəsinə
göndərərəm".
24 il və 24 gün
24 il. 24 il müharibənin acısını
daşıdı əlil arabasında, oğlunun
ölümünə yalnız 24 gün dözə bildi.
Əbdül Məmmədov ruhən güclü insan idi, əgər
fiziki sağlamlığı imkan versəydi, düşmənin
ayağı işğal olunmuş torpaqlardan kəsilənəcən
dayanardı Vətən torpaqlarının keşiyində.
Ayaqları sözünə baxmırdı.
Yarımçıq qalan arzularının ümidgahı olan
oğlu, uğrunda qanını tökdüyü üçrəngli
bayrağa bükülərək geri dönmüşdü.
Adını Vətən tarixinə əbədiyyən həkk
etdirmişdi Rasim Əbdül oğlu Məmmədov. Vida mərasiminə
gələn qonaqlarını yola salandan sonra ata oğlunun
yanına tələsdi. Onunla bu qələbənin sevincini
paylaşmaq üçün. 23 illik həsrətdən sonra
azad edilən torpaqların ətrini özü ilə gətirən,
qələbə ruhunu daşıyan bayrağın kölgəsində
uyuyan oğlunun məzarı yanında ikinci bir məzar
qazıldı. Əbdül oğlunun yanında dəfn edildi.
Vətən uğrunda
Xidməti dövründə mayor Rasim Məmmədov
bir sıra fəxri fərman və medallarla təltif
olunmuşdu. Ölümündən sonra Azərbaycan
Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli sərəncamı
ilə "Vətən uğrunda" medalı ilə təltif
olundu. Şəhidin ailəsi Naxçıvan şəhərindəki
Gənclər şəhərciyi yaşayış kompleksində
3 otaqlı mənzillə təmin olundu.
“Mən Vətəni atam bildim”
Övladı Aysu 9-cu sinifdə oxuyur. Atasının
arzusuna görə ağ xalat geyəcəyinə
israrlıdır. Yaşadıqları hərbçi həyatı
onları da bərkidib. Bizimlə söhbətə qoşulur:
"Aprelin 3-ü anama mesaj yazmışdı ki, oğluma da,
qızıma da deyin, mənimlə fəxr etsinlər.
Atamın son sözləri bu olub. Qürur hissi keçirirəm
ki, belə bir insanın qızıyam. Hamı deyir ki, Vətən
ana deməkdi, mənsə Vətəni atam bildim.
Çünki atamdan öyrəndim Vətəni necə
qorumağı, bayrağı sevməyi. Biz özümüz də
uşaqlıqdan Vətən sevgisi ilə, vətənpərvərlik
mahnıları ilə, Vətən laylası ilə
böyümüşük".
Oğlu Asim 5-ci sinif şagirdidir. "Böyüyəndə
atam kimi olacağam", - deyir. "Onu hərbi formada görəndə
həm qürur duyurdum, həm də özümü onun yerində
hiss edirdim. Anam mənə hərbi forma tikdirib. Gündə
neçə dəfə geyinib çıxarıram..."
Biz qayıdacağıq
Samirə xanım da Asimin seçimi ilə
razıdır. Onun atası kimi peşəkar hərbçi
olacağına inanır: "Rasim bizi Horadizdə bayraq
meydanına aparardı. O hündürlükdən
işğalda olan torpaqlarımızı göstərib deyirdi
ki, biz gec-tez o torpaqlara qayıdacağıq. Bizim
bayrağımız orada dalğalanacaq.
Yaxın vaxtlarda hamı doğma ocağına
qayıdacaq...".
Ruhiyyə RƏSULOVA,
Naxçıvan televiziyasının baş redaktoru
Hərbi And .- 2025.- 18 aprel(№13).-S.12.