"Əjdaha" ləqəbli kəşfiyyatçı
"Torpaq, uğrunda ölən varsa, Vətəndir!”
deyib döyüşə atılan qəhrəmanlarımız
minlərlədir. Vətən yolunda ölümün
gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalan
oğullarımızın adlarını, xatirələrini
yaşatmaq Qazax rayonunda hər zaman ən ümdə iş
hesab edilir və bu sahədə nümunəvi işlər
görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü
və dəstəyi ilə Bakı Dövlət Universitetinin
Qazax filialının Mətbuat xidmətinin rəhbəri,
"Göyəzən” qəzetinin baş redaktoru, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi” medallı,
“Qızıl Qələm” mükafatı laureatı,
şair-publisist Elçin İsmayıl tərəfindən
yazılmış "Qanları ilə dastan yazanlar" və
“Vətəni canından əziz bilənlər” kitabları bu
istiqamətdə görülən işlərin əyani
sübutudur.
Onu qeyd edək ki, 27 sentyabr-10 noyabr 2020-ci il tarixli Vətən
müharibəsində canlarından keçən qazaxlı
şəhidlərə həsr olunmuş “Qanları ilə
dastan yazanlar” kitabı 2021-ci ildə nəşr olunub.
İkinci Qarabağ savaşı ərəfəsində və
ondan sonra aparılmış hərbi əməliyyatlarda Vətən
yolunda qurban getmiş şəhidlərimizin həyat və
döyüş yollarından bəhs edən “Vətəni
canından əziz bilənlər” kitabı da bu silsilənin
davamıdır. Nəfis tərtibatı ilə seçilən
kitab şəhidlərimizin adlarına layiq şəkildə
2023-cü ildə çap edilib. Qısa müddətdə
yazılan kitabda təkcə şəhidlərimizin tərcümeyi-halları
deyil, eyni zamanda, hər bir şəhidimiz haqqında bədii
hekayə yazılıb. Ön söz müəllifi dəyərli
ziyalımız, Xalq şairi Nəriman Həsənzadənin
olduğu kitabda torpaqlarımızın işğaldan azad
edilməsi yolunda şəhid olmuş qəhrəmanların
haqqında xronoloji məlumatlar da daxil olmaqla, hər bir şəhidin
bədii obrazı yaradılıb. Yeni kitab 2016-cı ilin Aprel
döyüşlərində, 2020-ci ilin 12-17 iyul hadisələrində,
44 günlük Vətən müharibəsində, 2022-ci ilin
12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20
sentyabr tarixlərində Azərbaycan Respublikasının
Silahlı Qüvvələri tərəfindən Qarabağ
iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri
zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti
vəzifələrini yerinə yetirərkən şəhid
olmuş qazaxlı oğullara həsr edilib.
Kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika
Prezidenti İlham Əliyevin şəhidlər haqqında
dedikləri dəyərli fikirlər yer alıb. “Qanları ilə
dastan yazanlar” kitabında olduğu kimi, bu yeni kitabda da
torpaqlarımızın azadlığı,
respublikamızın ərazi bütövlüyünün təmin
olunması uğrunda şəhid olmuş qazaxlı
oğullarımızın keçdikləri ömür və
döyüş yolları ayrı-ayrılıqda qələmə
alınıb, döyüş meydanlarında göstərdikləri
igidliklər geniş şəkildə
işıqlandırılıb. Kitabda şəhidlərin ailə
üzvlərinin, müəllimlərinin, döyüş
yoldaşlarının xatirələri verilib, onların şəhidlər
haqqında dedikləri ürək sözləri qələmə
alınıb. 5 bölmə və 304 səhifədən ibarət
olan kitabda eyni zamanda, şəhidlərimizin ölkə
Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə
təltif olunduqları orden və medalların şəkilləri
öz əksini tapıb. Azərbaycanın ərazi
bütövlüyü uğrunda əbədiyyətə
qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi
ilə anılıb, ehtiramla yad edilib. İllər ötsə
də “Qanları ilə dastan yazanlar” və “Vətəni
canından əziz bilənlər” kitabları ilə şəhidlərimiz
də yaşayacaq.
Kitabda 44 günlük Vətən müharibəsində
qəhrəmancasına şəhid olmuş leytenant Yaqubov
Mayis Rəhim oğlu haqqında yer almış
"Əjdaha" ləqəbli kəşfiyyatçı sərlövhəli
xatirə yazısını oxuculara təqdim edirik...
"Əjdaha" ləqəbli kəşfiyyatçı
Müharibəyə həsr olunmuş filmləri daha
çox sevirdi Mayis. Ən çox sevdiyi kino isə xalq qəhrəmanı
Qaçaq Nəbiyə həsr olunmuş "Atları yəhərləyin"
filmi idi. Xüsusilə filmdəki "Anama deyin, balası gələr"
sözləri ilə başlayan mahnını daha çox
sevirdi. Anası Ruhiyyə xanım danışır ki, Mayis hər
dəfə o kinoya baxıb mahnıya qulaq asanda deyirdi ki, elə
bil, bu mahnı mənə həsr olunub. Onun bu mahnını
sevməsini bütün hamı bilirdi. Ona görə də həyatın
sonrakı dönəmində, Mayis müharibədə olanda
qohum-qonşular anasına təskinlik verərək deyirdilər
ki, darıxma, balan gələcək. Gözləyirdi,
başqa çarəsi də yox idi Ruhiyyə xanımın.
Gözləyirdi ki, oğlu bir gün gələcək...
Kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim
oğlunun cəmi 22 il davam edən, amma bir insan ömrünə
sığmayan ömür kitabı çox zəngin, əhatəli
və qürurvericidir. Bu kitabın hər səhifəsinə
bir dastan yazılıb - gənc, amma çox təcrübəli
bir kəşfiyyatçının ömür-gün
dastanı.
Evlərində otaqlardan birinin baş tərəfində
Mayisin şəkillərindən, sənədlərindən,
şəxsi əşyalarından ibarət bir guşə
düzəldilib. Hər baxdıqca insanı başqa bir aləmə
aparan bu guşədə hər şey Mayisə aiddir. Bu əşyaların
hər biri bir tarix, hər biri qiymətli bir xatirədir.
Böyüdülüb çərçivəyə
salınmış şəkillərdən pəhləvan
cüssəli, boy-buxunlu bu gənc qürurla, şəstlə
bizə baxır. İnana bilmirsən ki, o, artıq həyatda
yoxdur.
Mayis Yaqubov 1998-ci ilin yaz aylarında Qazax rayonunun
Daş Salahlı kəndində gəlmişdi dünyaya.
Aprelin 20-də doğulanda hamı
gözaydınlığı vermişdi ata-anasına. Mayis ailənin
ilk övladı, evin böyük oğlu idi.
Uşaqlığı qayğısız və mənalı
keçir, xoşbəxt böyüyürdü. Şahin Cəbiyev
adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbə
oxumağa gedəndə boy-buxunu, qoçaqlığı ilə
yaşıdlarından seçilirdi. Hələ uşaq
vaxtında ondan "Gələcəkdə nəçi
olacaqsan?" deyə soruşanda, düşünmədən:
"Hərbçi olacağam" - deyə cavab verirdi.
Atası Rəhim kişi danışır:
- Hərbi sahəni Mayis özü seçmişdi.
Oxumağa meyli olsa da, idmanı daha çox sevirdi. Uşaq
vaxtından bağımızdakı ağaclara bıçaq,
balta atırdı. Soruşanda da: "Mən kəşfiyyatçı
olacağam, onda bunlar mənə lazım gələcək"
deyirdi. Hər gün 3-4 saat idman edirdi. Yorulmaq bilmirdi.
Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin səkkizinci
sinifini bitirərək ən yüksək balla Cəmşid
Naxçıvanski adına Hərbi Liseyə daxil oub və 3
il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi
təhsilinin artırılması qayğısına qalıb.
Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq
4 il oxuyub. 2019-cu ildə həmin məktəbi bitirərək
leytenant rütbəsi alıb. "N" saylı hərbi hissədə
xidmətə başlayandan 3 ay sonra Naxçıvan Xüsusi
Təyinatlı Qüvvələrinin tərkibinə
keçib. Bunlar Mayis Yaqubovun hərbi təhsil
dövrünün qısa xronikasıdır. Bu illərin
arxasında mütəmadi təhsil, gərgin fiziki tərbiyə
və böyük zəhmət dayanır. O, təhsildə
olduğu kimi xidmətdə də fərqlənib, komandirlərin
verdiyi tapşırıqları yüksək səviyyədə
yerinə yetirib. Bunun nəticəsidir ki, 26 iyun 2018-ci ildə
"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley
medalı ilə təltif olunub
Mayis Yaqubovun qəhrəmanlığı ilə
yazdığı döyüş salnaməsi isə daha şərəfli,
daha qürurlu və qibtəedicidir. Onun döyüş yolu
2020-ci il oktyabrın 11-də Hadrutdan başlayıb. Burada
düşmənin hücumunun qarşısını alandan
sonra Füzulinin kəndlərinə doğru irəliləyiblər.
Şəhərləri, kəndləri azad edib aldıqca
ünvanlar da dəyişib, döyüşlər daha
qızğın, daha şiddətli xarakter alıb. Buna
baxmayaraq Mayis bütün döyüşlərdə mərdi-mərdanə
vuruşub, düşmənə aman verməyib.
Döyüş yoldaşı, müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu
Nicat Abdullayev danışır ki, "Hərbi təlimata əsasən
pulemyot yerə qoyulub atılır. Amma Mayis o qədər
güclü, o qədər şücaətli idi ki,
döyüşdə pulemyotu məndən alıb ayaq üstə
atırdı". Ona görə də ona yoldaşları
"Əjdaha" ləqəbi vermişdilər.
Bu yerdə Ruhiyyə xanımın bir sözü
yadıma düşür. Danışır ki:
- Mayis uşaq yaşlarında mənə deyirdi ki,
ana, mənə bir nağıl danış. Elə
nağıl danış ki, orada əjdaha olsun. Ona görə
ki, mən əjdaha olacağam.
Nicat Abdullayev cəbhə yoldaşı olmuş Mayis
Yaqubovun apardığı sonuncu döyüşdən söz
açır. Deyir ki:
- Oktyabrın 17-də Xocavəndin Tuğ kəndində
düşmənin güclü müqavimətinə rast gəldik.
Buna baxmayaraq, onları darmadağın etdik. Biz düşmənin
səngərini alan zaman Mayis minaatan silahdan atılmış mərminin
qəlpəsindən ayağından ağır yaralandı. Mən
onu səngərə doğru apardım. Bu zaman səngərə
daha bir mərmi düşdü. İlk yardım göstərsəm
də, Mayisin həyatını qurtarmaq mümkün
olmadı. İgid döyüşçü gülümsəyə-gülümsəyə
vuruşma meydanında şəhid oldu. Sanki bununla Mayis
ölümün üzünə gülürdü.
"N" saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı
bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun
komandiri leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə
Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən
döyüşlərdə qəhrəmancasına şəhid
olmuşdur.
Mayis Yaqubovun igidliyi dövlət tərəfindən
yüksək qiymətləndirilmişdir. Döyüş
yoldaşlarının "Əjdaha" ləqəbi ilə
çağırdığı kəşfiyyatçı,
leytenant Mayis Yaqubov ölümündən sonra Prezident
İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən
"Şuşanın azad olunmasına görə", 30
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi
xidmətlərə görə", 24 iyun 2021-ci il tarixli Sərəncamına
əsasən "Xocavəndin azad olunmasına görə"
medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən
3-cü dərəcəli "Vətənə xidmətə
görə" ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti
başçısının "Şəhid adlarının
əbədiləşdirilməsi məqsədilə Qazax
şəhərində mövcud olan adsız küçələrə
şəhid olmuş şəxslərin adlarının verilməsi
haqqında" 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli
Sərəncamına əsasən şəhər ərazisindəki
adsız olan küçələrdən birinə Mayis
Yaqubovun adı verilmişdir.