Yaşasaydı bu
gün Aprel şəhidi Orxan Əliyevin 30 yaşı tamam olacaqdı...
İllər keçsə də bütün dünya
2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün
sonra böyük zəfərlə, tarixi qələbə ilə
başa çatan Vətən müharibəsindən
danışacaq. Dünya hərb tarixində xüsusi yeri olan
44 günlük Vətən müharibəsində
qazandığımız Qələbənin təməli isə
əslində 2016-cı ilin Aprel döyüşləri
zamanı qoyuldu. Öz əks-sədası ilə Azərbaycanın
hərb tarixinə “dördgünlük müharibə” və
ya “Aprel döyüşləri” kimi düşmüş tarixi
Qələbəmizdən artıq 9 il ötür. Azərbaycan
Ordusunun parlaq tarixi qələbələrindən olan, bizim
qalibiyyətimiz, zəfər salnaməmiz olan 2016-cı ilin
Aprel döyüşlərini xalqımız bu gün də
qürur hissi ilə xatırlayır.
Prezident, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun
Aprel qələbələrinin ildönümü ilə əlaqədar
bir qrup hərbçimizlə görüşündə dediyi
kimi: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir,
dövlətimizin, xalqımızın, ordumuzun
gücünü göstərən qələbədir. Aprel
döyüşləri nəticəsində Füzuli, Cəbrayıl
və Ağdərə rayonlarının işğaldan azad
edilmiş ərazilərində bu gün Azərbaycan
bayrağı dalğalanır. Bu döyüşlər onu
göstərir ki, Azərbaycan xalqı və dövləti
heç vaxt işğalla barışmayacaq, öz ərazi
bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa
edəcəkdir”.
Bəli, bu gün fəxrlə deyə bilərik ki,
dövlətimizin başçısının da dediyi kimi,
Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə
qızıl hərflərlə yazılan 44 günlük
şanlı Vətən müharibəsində Böyük Qələbəyə
gedən yolda mühüm əhəmiyyət kəsb etdi. Hələ
9 il əvvəl bu döyüşlərdə düşmən
üzərində qazanılan hərbi uğurlar Azərbaycan
Ordusunun və xalqının Böyük Qələbəyə
inamını və əzmini daha da artırdı, Ordumuzun
şəxsi heyəti üçün isə mühüm
sınaq və döyüş təcrübəsi oldu. Məhz
bu təcrübəni İkinci Qarabağ müharibəsində
uğurla tətbiq edən rəşadətli Azərbaycan
Ordusu düşməni məhv edərək
torpaqlarımızı işğaldan azad etdi. Bu gün hər
bir azərbaycanlı 9 il əvvəl Lələtəpədə
ucaldılan üçrəngli bayrağımızın
işğaldan azad edilən ərazilərimizdə
dalğalanmasından sonsuz qürur duymaqdadır. Bu gün hər
bir ölkə vətəndaşı qələbə
sevincini bizlərə bəxş edən Müzəffər
Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusunun əsgər
və zabitlərinə, hərbçilərimizə,
sağlamlığını itirən qazilərimizə,
torpaqlarımız uğrunda canından keçən igid Vətən
oğullarına borclu və minnətdardır.
Aprel döyüşlərində qələbə
qazanmaqla yanaşı, biz şəhidlər də verdik. Həmin
döyüşlər zamanı Qazaxın üç mərd,
igid oğlu - Fərəhli kəndinin igid oğlu kapitan Orucov
Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndinin igid
oğlu baş leytenant Namazov Elvin Məmməd oğlu və
Aslanbəyli kəndinin igid oğlu əsgər Əliyev Orxan
Məhəmməd oğlu ən uca zirvəyə - Şəhidlik
zirvəsinə ucaldı. Bu gün igid
oğullarımızın yoxluğundan bizləri 9 il
ayırsa da, onlar bizim qəlbimizdə əbədi
yaşayır, ən ülvi hisslərlə yad edilirlər.
Bu gün hər birimiz torpaqlarımızın
azadlığı uğrunda canlarını fəda edən
oğullarımız haqqında fəxarətlə, qürurla
söz açırıq. Çünki illər ötsə
belə bizlərə Vətənimizin bütövlüyü
naminə başladığımız haqq savaşında hər
gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr
bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər
və zabitləri, hərbçiləri, ruhları
qarşısında bir ömür boyu baş əydiyimiz
şəhidlərimiz heç vaxt unudulmayacaq.
Torpaqlarımızın qorunması, vətənimizin
müdafiəsi uğrunda canından, qanından keçərək
Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf
və qürurdur. Şəhidlik zirvəsinə ucalanların
xatirəsini yaşatmaq, onları gəncliyə nümunə
göstərmək isə hər kəsin vətəndaşlıq
borcudur.
Şəhidlik zirvəsinə ucalıb adını
tarixə yazdıran, ölümsüzlüyə qovuşan
şəhidimiz Əliyev Orxan Məhəmməd oğlunun
xatirəsi də hər zaman əziz tutulur. Bu gün
döyüş meydanında göstərdiyi igidliyə
görə ölümündən sonra "Hərbi xidmətdə
fərqlənməyə görə" III dərəcəli
medalı ilə təltif olunmuş Orxan Əliyevin cənnətdəki
növbəti doğum günüdür. Yaşasaydı igid Vətən
oğlunun bu gün 30 yaşı tamam olacaqdı...
GOYEZEN.AZ saytı olaraq bu gün də öz ənənəmizə
sadiq qalıb doğum günü olan igid şəhidimizin əziz
xatirəsini ehtiramla yad edirik. Vətən uğrunda
canını fəda etmiş bütün şəhidlərimiz
kimi, Orxan Əliyev də hər zaman yad olunacaq. Nə qədər
ki, Azərbaycan xalqı var Orxan kimi oğullarımız daim qəlblərdə
yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi
igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq,
yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək
nəsillər hər zaman Orxan tək oğullarımızdan
örnək götürəcək. Məkanın cənnət,
ruhun şad olsun igid Vətən oğlu! Ruhun
qarşısında baş əyirik Şəhidim!
Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci
ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan
olmuşdur. 2011-ci ildə Bakıda Texniki Kollecinə
"Avtomobil nəqliyyatı” şöbəsinin "Yol hərəkətinin
təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə
həmin kolleci öz ixtisası üzrə bitirmişdir.
Kolleci bitirdikdən sonra hərbi xidmətə getmişdir. Əliyev Orxan Məhəmməd
oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində
gedən döyüşlərdə şəhid olmuşdur.
Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa
görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel
2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətdə
fərqlənməyə görə" III dərəcəli
medalı ilə təltif olunmuşdur. Rayon rəhbərliyi tərəfindən
Qazax şəhərinin mərkəzində xatirəsini əbədiləşdirən
bulaq tikilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı və "Öyrədərək
Öyrənirik" Gənclərin İntellektual
İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı
ilə icra olunan "Vətən üçün hazır
ol!" layihəsi çərçivəsində çəkilmiş
"Qarabağa doğru" sənədli filmi baş leytenant
Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan
Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.
Tanınmış şairə, publisist Fəridə Ləman
tərəfindən şəhidin xatirəsinə həsr
olunmuş "Cənnətdən məktublar” adlı kitab
yazılmışdır.
Hərbi And .- 2025.- 15 avqust (¹ 30).- S.8.