Azərbaycanın ECO platformasında mövqeyinin möhkəmlənməsi yeni əməkdaşlıq imkanları baxımından vacibdir

 

Deputat: Azərbaycanın ECO platformasında mövqeyinin möhkəmlənməsi yeni əməkdaşlıq imkanları baxımından vacibdir

Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlar üçün uğurlu tərəfdaşdır. İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) da bu qəbildəndir. Ölkəmiz 33 ildir bu təşkilatın üzvüdür. Təsadüfi deyil ki, Azərbaycan indiyədək bu təşkilatın 3 Zirvə toplantısına ev sahibliyi edib. Qurumun 17-ci Zirvə toplantısı isə bu ilin yayında Xankəndidə keçirildi. Bu, həm də ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın ECO platformasında mövqeyinin möhkəmlənməsi yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından vacib idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Şuşa şəhərinin 2026-cı il üçün “ECO-nun turizm paytaxtı” elan edildiyini xatırladan deputat bildirib ki, Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edir. Ümumiyyətlə, İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat və energetika sahələrində qarşılıqlı əməkdaşlığın təşviqi və dərinləşdirilməsidir. Azərbaycanın coğrafi mövqeyi, həyata keçirdiyi geoiqtisadi layihələr bir çox tərəfdaşlar kimi, ECO üzvlərinin də diqqətini cəlb edir. Xüsusilə nəqliyyat və logistika əməkdaşlığın son illər aktuallaşdığı bir vaxtda Azərbaycanın potensialı daha geniş arealda dəyərləndirilir. Təsadüfi deyil ki, Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindən ECO-ya üzv ölkələr də istifadə edir.

Milli Məclisin deputatı vurğulayıb ki, Xankəndi Zirvə görüşündə ECO-ya üzv ölkələr regional əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından səmərəli müzakirələr aparıblar. Xüsusilə işğaldan azad edilmiş bütün ərazilərin iqtisadi potensialı ECO-ya üzv olan ölkələr üçün yeni əməkdaşlıq profilləri müəyyənləşdirir. ECO çərçivəsində əməkdaşlıq həm siyasi, həm də iqtisadi cəhətdən regional sabitliyə və inkişafa nail olmağı hədəfləyir. Belə ki, siyasi cəhətdən əməkdaşlığın güclənməsi regional sülhə töhfə verir və inteqrasiyanı asanlaşdırır. Eyni zamanda, iqtisadi cəhətdən yeni ticarət imkanları yaranır. Beləliklə, regionun qlobal bazarlarla inteqrasiyasının təşviqi genişlənir.

“Nəticə etibarilə, əməkdaşlıq yolu ilə qarşılıqlı etimadı gücləndirməklə siyasi həmrəyliyin artırılmasına nail olunur. ECO-ya üzv ölkələr həm də BMT və İslam Əməkdaşlıq Təşkilatının timsalında beynəlxalq aləmdə bir-birini dəstəkləyərək mövqelərin gücləndirilməsini təmin edir”, - deyə N.Məmmədova vurğulayıb.

 

Hərbi And .- 2025.- 5 dekabr(¹46).- S.11.