Azərbaycan həm Cənubi
Qafqazda, həm də Avrasiyada siyasi təsirini artırır
Son illərdə Azərbaycan ilə Mərkəzi
Asiya ölkələri arasında əməkdaşlıq həm
coğrafi miqyası, həm də iqtisadi-siyasi məzmunu
baxımından nəzərəçarpacaq dərəcədə
genişlənib. Bu münasibətlər tədricən ənənəvi
tərəfdaşlıq çərçivəsini aşaraq
çoxşaxəli və sabit regional əməkdaşlıq
modelinə çevrilir. İnteqrasiya bir sıra istiqamətlərdə
özünü göstərir. Azərbaycan Trans-Xəzər
Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əsas
halqası kimi Mərkəzi Asiya məhsullarının Avropaya
çıxışında tranzit rolunu daha da möhkəmləndirir.
Bakı–Tbilisi–Qars dəmir yolunun imkanlarının
artırılması, Bakı Beynəlxalq Dəniz Ticarəti
Limanının genişləndirilməsi, Orta Dəhlizin rəqəmsallaşdırılması
və əlbəttə ki, Zəngəzur dəhlizinin
reallaşması üçün görülən işlər
bu istiqamətdə həyata keçirilən əsas strateji
addımlardandır. Məhz bu infrastruktur yenilikləri nəticəsində
son iki ildə ticarət dövriyyəsinin üç dəfədən
çox artması əməkdaşlığın real
dinamizmini nümayiş etdirir. Enerji sahəsində tərəfdaşlıq
da yeni mərhələyə keçib. Eləcə də, kənd
təsərrüfatında əməkdaşlıq daha praktik
məzmuna sahib olub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında
Türkiyənin Karabük Universitetinin Beynəlxalq münasibətlər
kafedrasının professoru Ali Asker söyləyib.
O bildirib ki, Azərbaycanın Mərkəzi Asiya
Dövlət Başçılarının 7-ci Məşvərət
Görüşündə tamhüquqlu iştirakçı
statusu əldə etməsi region siyasətində əhəmiyyətli
dönüş nöqtəsi kimi dəyərləndirilir. Bu
qərar Azərbaycanın platformanın rəsmi və bərabərhüquqlu
üzvü kimi tanınmasını təmin etməklə yanaşı,
Mərkəzi Asiya liderlərinin Azərbaycana göstərdiyi
yüksək siyasi etimadı da əks etdirir. 2023-cü ildə
Düşənbədə keçirilən toplantıda fəxri
qonaq kimi iştirak edən Azərbaycan, 2025-ci ildə Daşkənddə
təşkil edilən 7-ci Məşvərət
Görüşündə artıq tamhüquqlu üzv qismində
çıxış edərək “5+1” modelindən
“altılıq” formatına keçidin aparıcı
iştirakçısına çevrildi.
Professorun fikrincə, yeni status Azərbaycanın fəaliyyətdə
rolunu daha da genişləndirir: “Azərbaycan Mərkəzi
Asiya dövlət başçılarının müzakirə
etdiyi məsələlərdə yalnız tərəfdaş
deyil, eyni zamanda, qərarverici proseslərin birbaşa
iştirakçısıdır. Tamhüquqlu üzvlük Azərbaycanın
regional prioritetləri müəyyənləşdirməsi,
yeni təşəbbüslər irəli sürməsi və
Mərkəzi Asiya ilə inteqrasiyanı daha da dərinləşdirməsi
baxımından əlavə imkanlar yaradır. Bu status Azərbaycanın
təsir gücünü təkcə ikitərəfli
münasibətlərdə deyil, eləcə də çoxtərəfli
əməkdaşlıq mexanizmlərində də
artırır. Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat
kommunikasiyaları, su ehtiyatları, rəqəmsallaşma və
regional sabitlik kimi sahələrdə vahid mexanizmlərin
yaradılmasına töhfə verə biləcək
mühüm tərəfdaş rolunu oynayır”.
Ali Asker Mərkəzi Asiya ölkələri ilə
“altılıq” formatında əməkdaşlığın
institusional çərçivəyə keçməsinin Azərbaycanın
Cənubi Qafqazdakı mövqeyini nəzərəçarpacaq
dərəcədə gücləndirməsinə də diqqət
çəkərək deyib: “Yeni reallıq Azərbaycanın
regional rolunu yalnız coğrafi üstünlüklərə
deyil, eyni zamanda, genişlənən siyasi, iqtisadi və
diplomatik təsir imkanlarına söykənərək formalaşdırır.
Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, Mərkəzi
Asiyanı Avropaya birləşdirən geniş Avrasiya məkanının
əsas strateji aktorlarından birinə çevrilib”.
Ekspert qeyd edib ki, bir sıra məsələlərdə
vahid mövqedən çıxış edilməsi Azərbaycanın
həm Cənubi Qafqazda, həm də daha geniş Avrasiya məkanında
siyasi təsirini artırır və diplomatik manevr
imkanlarını genişləndirir. Mərkəzi Asiya ölkələri
ilə Azərbaycanın mədəni, dil və tarixi
bağları isə bu geosiyasi dinamikanın yumşaq güc
ölçüsünü formalaşdırır.
“Bütün bu amilləri nəzərə aldıqda
demək olar ki, Azərbaycan Cənubi Qafqazdakı rolunu
köklü şəkildə transformasiya edib. Azərbaycan bu
gün Avrasiyanın enerji xəritəsini, nəqliyyat dəhlizlərini
və diplomatik gündəliyini formalaşdıran
aparıcı dövlətlərdən birinə çevrilir
ki, bu da həm iqtisadi mənfəətlərin artması, həm
də siyasi nüfuzun keyfiyyətcə yeni mərhələyə
yüksəlməsi ilə müşayiət olunur”, - deyə
Ali Asker əlavə edib.
Hərbi And .- 2025.- 5 dekabr(¹46).- S.11.