Azərbaycan, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması bir-biri ilə sıx bağlı olan prosesdir  

 

 

2020-ci ildən sonra formalaşan yeni reallıqlarda Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər Azərbaycan-Ermənistan münasibətlərinin bütün regional proseslərin mərkəzinə çevrilməsinə səbəb olub. Azərbaycan regionda yaranmış yeni güc balansını əsasən özü formalaşdırır. Ərazi bütövlüyünün bərpası və təhlükəsizlik mexanizmlərinin yaradılması nəticəsində Bakı həm Ermənistanla münasibətlərin gələcəyini, həm də Türkiyə-Ermənistan dialoqunun istiqamətini müəyyən edən əsas aktora çevrilib. Ermənistan–Türkiyə normallaşması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və regionun təhlükəsizlik arxitekturasının yenidən qurulması birbaşa olaraq Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasının mahiyyəti və dinamikası ilə bağlıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.

O bildirib ki, regionda gedən üçtərəfli normallaşma prosesində Azərbaycanın təşəbbüskar və müəyyənedici rolu mövcuddur. Azərbaycan, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması bir-biri ilə sıx bağlı olan prosesdir və onun əsas həlqəsi Azərbaycan-Ermənistan münaqişənin başa çatması, münasibətlərin siyasi nizamlanmasıdır. Azərbaycan bölgədə öz ehtiyaclarının formalaşdırdığı şərtlər daxilində regional transformasiyanın dinamikasını və məzmununu müəyyənləşdirən əsas strateji və təşəbbüskar aktordur.

Y.Hacıyeva qeyd edib ki, 44 günlük müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə regionda yeni təhlükəsizlik balansı yarandı. Bu dəyişiklik Ermənistan–Türkiyə dialoqunun qarşısını alan əsas tarixi baryeri - Azərbaycan ərazilərinin işğal amilini aradan qaldırdı. Qardaş Türkiyə uzun illər boyu Ermənistanla münasibətlərin yaxşılaşmasında əsas şərt kimi Qarabağ və ətraf rayonların işğaldan azad olunması məsələsini qoyub. Elə buna görə də Bakı ilə sülh prosesində irəliləyiş olmadan Ankara–İrəvan dialoqu siyasi baxımdan mümkün deyildi. Yeni regional təhlükəsizlik modelinin irəli sürülməsində Azərbaycanın təşəbbüsünün əsas mahiyyəti bölgənin gələcək siyasi və iqtisadi quruluşunun məhz regional dövlətlər tərəfindən müəyyənləşdirilməsini nəzərdə tutur. Bu addım Cənubi Qafqazda xarici təsirlərin məhdudlaşdırılması və regional müstəqilliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycanın təklif etdiyi “3+3” platforması, üç regional və üç qonşu ölkənin - Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İranla əməkdaşlığın bölgənin siyasi və iqtisadi quruluşu formalaşmasında xarici təsirlərin məhdudlaşdırılması, regional müstəqilliyin gücləndirilməsinə yönəlik təşəbbüslərdən biridir.

“Azərbaycanın təklif etdiyi sülh müqaviləsininin prinsipləri Azərbaycan-Ermənistan münasibətlərinin bünövrəsini təşkil etməklə həm də Ermənistan–Türkiyə yaxınlaşmasının iqtisadi və siyasi zəminini formalaşdırır. İqtisadi zəmin kimi kommunikasiyaların açılması Azərbaycanı regionun logistika mərkəzinə çevirməsi ilə yanaşı, həm də Ermənistan–Türkiyə normallaşmasının iqtisadi əsasını möhkəmləndirəcək amildir. Siyasi zəmin kimi, Azərbaycanla Türkiyə arasında siyasi və təhlükəsizlik sahələrində dərin inteqrasiya “bir millət, iki dövlət” prinsipi əsasında davam edir. Ankara Ermənistanla normallaşma prosesində Azərbaycanın maraqlarını əsas götürür və bütün təşəbbüslərini Bakı ilə uzlaşdırır. Bir sözlə, hər iki ölkə region üzrə strateji sinxronizasiya ilə hərəkətdədir və bu sinxronizasiyada yeni regional arxitekturanın memarı, prosesin dirijoru Azərbaycandır. Çünki Azərbaycanın təşəbbüsləri - sülh təklifləri, kommunikasiya layihələri, regional əməkdaşlıq platformaları və Türkiyə ilə strateji sinxronizasiya üçtərəfli normallaşmanın əsasında dayanır. Bu proses Azərbaycanın regionun gələcək arxitekturasının memarı və aparıcı gücü kimi çıxış etdiyini açıq nümayiş etdirir. Bir sözlə, Azərbaycanın irəli sürdüyü sülh gündəliyi regionda yeni müharibə ehtimalını minimuma endirir və uzunmüddətli sabitlik üçün təməl yaradır. Bu sabitlik həm iqtisadi əlaqələrin genişlənməsi, həm də Ermənistan–Türkiyə münasibətlərinin normallaşmasına şərait yaradan siyasi şərtlərin formalaşması baxımından əhəmiyyətlidir. Azərbaycan enerji, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində genişmiqyaslı layihələrin əsas təşəbbüskarıdır. Bu, ölkəni regionda iqtisadi cəhətdən mühüm mərkəzə çevirir və Ermənistan ilə Türkiyə arasında əlaqələrin gücləndirilməsində əhəmiyyətli rol oynayır”, - deyə İdarə Heyətinin üzvü əlavə edib.

 

Hərbi And .- 2025.- 5 dekabr(¹46).- S.4.