Atıcı
silahların və döyüş sursatlarının
istehsalı artır
MSN-in müəssisəsindən
REPORTAJ
Dekabrın 17-si Azərbaycan Respublikası Müdafiə
Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə
bayramı günüdür.
MSN 2005-ci il dekabrın 16-da Prezident İlham Əliyevin
müvafiq Sərəncamı ilə yaradılıb. Dövlətimizin
başçısının 2009-cu il 10 noyabr tarixli Sərəncamı
ilə hər il dekabrın 17-si ölkəmizdə MSN
işçilərinin peşə bayramı günü kimi
qeyd edilir.
AZƏRTAC-ın müxbirləri MSN işçilərinin
peşə bayramı günü münasibətilə
nazirliyin müəssisələrindən birinə baş
çəkib, silah-sursatın hazırlanması prosesi ilə
tanış olublar.
Müəssisənin sexlərinə baş çəkərək
silah-sursatın ən xırda detallarının
hazırlanmasından tam hazır hala gətirilənədək
həyata keçirilən mərhələlərin şahidi
olduq.
Gərgin iş, böyük diqqət və məsuliyyət
tələb edən proses incə-incə işlənilirdi.
Detalların ştamplaması, ilkin xammalın
hazırlanması - həssas tökmə, müdafiə sənayesi
məmulatlarının hazırlanması üçün
proqram dəzgahlarından istifadə, məmulatların
yığımı, lülə sahəsinin robotik cihazlarla
hazırlanması prosesləri bir-birini əvəz edirdi. Son nəticədə
ortaya Azərbaycan istehsalı olan yüksək dəqiqliyi,
atış tezliyi ilə fərqlənən, cəngavər Vətən
və asayiş keşikçilərinin, təhlükəsizlik
və əmin-amanlığımızın təminatçılarının
“ən sadiq dostu” hesab edilən əzəmətli silahlar ortaya
çıxırdı.
Sonra MSN-in əməkdaşı ilə həmsöhbət
olub, müəssisənin fəaliyyəti haqqında məlumat
aldıq. Onun sözlərinə görə, MSN-in müəssisələrində
hərbi təyinatlı məmulatların istehsalı üzrə
genişmiqyaslı işlər aparılır. Son illər
dövlətimizin dəstəyi ilə respublikamızın
regionlarında MSN-in yeni texnologiyalara əsaslanan müasir
avadanlıqlarla təchiz olunmuş istehsal müəssisələri
inşa edilib. Çox qısa zamanda həmin müəssisələr
tam istehsal gücü ilə fəaliyyətə başlayacaq.
Müəssisələrə regionlardan yeni kadr resursları da
cəlb olunub.
Qeyd edildi ki, hazırda MSN-in müəssisələrində
müxtəlifçaplı atıcı silahların,
döyüş sursatlarının istehsalı artan qrafik
üzrə icra olunur. Silahlı Qüvvələrin, güc
strukturlarının və aidiyyəti dövlət
qurumlarının sifarişləri əsasında hərbi təyinatlı
məhsullara olan tələbat üzrə dövlət
sifarişləri vaxtlı-vaxtında, keyfiyyətlə yerinə
yetirilir. 2025-ci il üçün MSN müəssisələri
artıq dövlət sifarişi proqramını tamamilə
yerinə yetirib.
O da vurğulandı ki, MSN-in müəssisələri
44 günlük Vətən müharibəsi zamanı Ordunun və
güc strukturlarının təminatı üçün əlindən
gələni əsirgəməyib, üçnövbəli
iş rejimində çalışaraq həmin qurumları hərbi
təyinatlı məmulatlarla təmin edib.
İstehsalatda müasir istehsal texnologiyalarının,
təcrübi konstruktor layihələrinin tətbiqi sayəsində
yeni növ silahların yaradılmasına nail olunub.
İstehsal edilən məmulatların hissələrinin
emalının 90 faizi rəqəmsal proqramla idarəolunan dəzgahlarda
aparılır ki, bu da texniki imkanları artırır, keyfiyyət
baxımından beynəlxalq bazara rəqabətədavamlı
məmulat çıxarılmasına imkan yaradır.
Hazırda müəssisədə 5,45x39 , 7,62x39
avtomatların, 7,62x54 universal, 7,62x54 hücum
pulemyotlarının,12,7, 14,5 və 23 millimetrlik
iriçaplı snayper tüfənglərinin seriyalı
istehsalı aparılır.
Sonra müəssisənin pilotsuz uçuş
aparatları (PUA) istehsal edilən sahəsi ilə tanış
olduq.
Burada bir PUA diqqətimizi xüsusilə cəlb etdi.
Öyrəndik ki, müəssisənin 44 günlük Vətən
müharibəsi “veteranı” hesab edilən həmin pilotsuz
uçuş aparatı – “Orbiter-3” tipli PUA İkinci Qarabağ
müharibəsi zamanı uzun müddət havada kəşfiyyat
işi aparıb. Son tapşırığında düşmən
silahlarının hədəfinə çevrilməsinə və
müxtəlif tipli qəlpə zədəsi almasına baxmayaraq,
öz missiyasını uğurla tamamlayaraq geri dönüb.
Nazirliyin PUA istehsalı sahəsi üzrə mütəxəssisi
AZƏRTAC-ın müxbirləri ilə söhbətində
bildirdi: "Bizim sahəmizdə müxtəlif tipli pilotsuz
uçuş aparatları istehsal olunur. PUA-lar həm kəşfiyyat,
həm də kamikadze tiplidir. Həmin PUA-lar müharibə
şəraitində bütün növ
tapşırıqları yerinə yetirmək qabiliyyətinə
malikdir. Vətən müharibəsində həmin aparatlardan
geniş istifadə olunub. Həm kəşfiyyat, həm də
kamikadze tipli uçuş aparatlarımız düşmənin
gizli və açıq mövqelərini hədəfə
alaraq zərərsizləşdirib. PUA-lardan “Orbiter-2”,
“Orbiter-3”, “Orbiter-4” tipli aparatlar kəşfiyyat tiplidir. Həmin
aparatlar gündüz və gecə rejimlərində
düşmənin bütün hədəflərini
aşkarlayıb, həm komanda məntəqəsinə
ötürür, həm də koordinatları təyin etmək
qabiliyyətinə malikdir. Həmin PUA-lardan biri kamikadze tipli zərbə
tipli “İtiqovan” adlandırılan zərbə uçuş
aparatıdır ki, bu da düşmənin mövqelərini
qısa zamanda aşkarlayaraq, yüksək hündürlükdən
çox dəqiqliklə məhv edə bilir. Yəni, hədəfi
görərək saatda 350-370 kilometr sürətlə -
böyük bir şığıma sürəti ilə hədəfi
məhv etmək qabiliyyətinə malikdir”.
Müəssisədə şahid olduğumuz proseslər,
hər detal üzərində gözünü qırpmadan
çalışanlar onu deməyə əsas verir ki,
müdafiə sənayesinin ən parlaq gələcəyi
qarşıdadır. Əminik ki, getdikcə ölkəmizdə
silah-sursat və texnika ixracı idxalı üstələyəcək
və Azərbaycanın özünəməxsus hərbi məhsulları
ən qabaqcıllar sırasında yer alacaq.
Hərbi And .- 2025.- 19 dekabr (¹48).-
S.14.