“Dünya boyda ölümsüzlük” kitabının təqdimatı keçirilib

 

Naxçıvan Texniki Kollecində şairə, yazıçı-publisist, “Heyran xanım” adına Zərif xanımlar Ədəbi Birliyinin təsisçisi və rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Təranə Arif qızının şəhid baş leytenant Raqib Hüseynovun xatirəsinə həsr etdiyi “Dünya boyda ölümsüzlük” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhadət zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri,Naxçıvan MR Ali Məclisin deputatları, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, Naxçıvan Şəhər Təhsil şöbəsinin müdiri, orta məktəblərin və uşaq baxçalarının kollektivləri, şair və yazıçılar, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin zabit heyəti, şəhid ailələri, müharibə qaziləri, Naxçıvan Texniki Kollecinin müəllim və tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Rüşənov bu cür tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd edərək şəhidlərin adlarının daim uca tutulmasının mənəvi borc olduğunu bildirib.

Daha sonra çıxış edənlər qəhrəman şəhid baş leytenant Raqib Hüseynovun mənalı həyat yolundan, Vətən uğrunda göstərdiyi şücaət və igidlik nümunələrindən söz açıblar. Qeyd olunub ki, Raqib Hüseynov kimi qəhrəmanlar yalnız bir ailənin deyil, bütöv Azərbaycan xalqının fəxridir və onların döyüş yolu gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Çıxışlarda eyni zamanda bu qəhrəmanlıq salnaməsini qələmə alaraq gələcək nəsillərə çatdıran müəllif Təranə Arif qızına dərin təşəkkür ifadə olunub.

Təqdim olunan kitabın müəllifi Təranə Arif qızı çıxış edərək “Dünya boyda ölümsüzlük” əsərinin yaranma tarixindən, kitab üzərində işləyərkən keçirdiyi duyğulardan danışıb. Müəllif bildirib ki, bu kitab yalnız bir şəhidin həyat hekayəsi deyil, eyni zamanda Vətən sevgisinin, fədakarlığın və ölümsüzlüyün bədii salnaməsidir. O, şəhidin ailəsinə dərin hörmət və ehtiramını ifadə edib.

Şəhidin anası Rəna xanım çıxışında oğlu ilə bağlı xatirələrini bölüşərək onun uşaqlıqdan Vətənə bağlı, mərd və əzmkar bir övlad olduğunu söyləyib. Qəhrəman oğlu ilə daim qürur duyduğunu bildirən ana, şəhidin xatirəsinin yaşadılmasına xidmət edən bu cür tədbirlərə görə müəllifə və tədbir iştirakçılarına minnətdarlığını ifadə edib.

Tədbir Naxçıvan Texniki Kollecinin tələbələrinin və Naxçıvan Şəhər Heydər Əliyev adına tam orta məktəbin 5 a sinif şagirdlərinin hazırladıqları vətənpərvərlik ruhlu bədii kompozisiya ilə davam etdirilib. Səsləndirilən şeirlər və səhnəciklər tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Sonda bir daha vurğulanıb ki, şəhidlərimizin adı, xatirəsi və qəhrəmanlıq yolu xalqımızın yaddaşında əbədi yaşayacaq, onların müqəddəs amalına sadiqlik gələcək nəsillərə örnək olacaq.

 

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi

  Hərbi And .- 2025.- 19 dekabr (¹48).- S.13.