Aİ-Ermənistan sənədi
bu ölkənin üzərinə götürdüyü
öhdəlikləri unutmağa meyilli olduğunu göstərir
Avropa İttifaqı ilə Ermənistanın ikitərəfli
münasibətlərində strateji anlaşma sənədində
təşkilatın mandatından kənar, keçmiş
münaqişə ilə bağlı narrativlərə
qayıdılıb. Həmin sənəddə Ermənistan-Azərbaycan
ikitərəfli məsələlərinə dair
istinadların olması ölkəmizin haqlı
narazılığına səbəb verir. Sənədin bu
şəkildə razılaşdırılması həm də
Ermənistanın sülh niyyətinə şübhə
salır, hər fürsətdə Azərbaycana qarşı
addım ata biləcəyini göstərir. Sənəddə
Azərbaycan-Ermənistan normallaşma prosesində
dönüş nöqtəsi olan Vaşinqton
razılaşmalarına istinad edilməməsi Avropa
İttifaqının Vaşinqton görüşünün nəticələri
ilə bağlı verdiyi açıqlamalarda səmimi
olmadığını, Ermənistanın isə üzərinə
götürdüyü öhdəlikləri unutmağa meyilli
olduğunu göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında
Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O bildirib ki, sənəddə “Qarabağ erməniləri”
ifadəsi işlənərək könüllü getmiş
bu insanların qaçqın adlandırılması bu statusun
təhrif olunmuş formasıdır. Könüllü olaraq Azərbaycanın
suverenliyi, qanunvericiliyi altında yaşamağa razı
olmayaraq, inteqrasiyadan imtina etmiş insanlar Ermənistana
köç etmək qərarına gəliblər. Azərbaycan
Hökuməti tərəfindən hazırlanmış inteqrasiya
proqramı BMT-in Qaçqınlar üzrə Proqramına da məlumdur.
Onların ərazidəki monitorinqi heç bir zorakılıq
olmamasını və könüllü köçü təsdiqləmişdi.
Azərbaycanın hərbi əməliyyatlarından sonra
qaçqın düşmüş insanlar ifadəsi
faktları təhrif etməkdir.
Deputat söyləyib ki, sənəddə Avropa
İttifaqının Ermənistandakı missiyasının
(EUMA) fəaliyyətinin davam etdirilməsinin vacibliyinin
vurğulanması “Azərbaycan Respublikası və Ermənistan
Respublikası arasında sülh və dövlətlərarası
münasibətlərin təsis edilməsi haqqında
Saziş”in 7-ci maddəsi ilə ziddiyyət təşkil edir.
Belə ki, bu maddədə tərəflərin
qarşılıqlı olaraq sərhəd boyunca hər
hansı üçüncü tərəfin qüvvələrini
yerləşdirməyəcəkləri qeyd edilir. Sülh
müqaviləsinin digər mühüm bəndlərindən
biri də delimitasiya və demarkasiya prosesi başa çatana qədər
sərhəd bölgələrində təhlükəsizlik
və sabitliyin təmin olunması üçün
qarşılıqlı razılaşdırılmış, hərbi
sahə də daxil olmaqla, təhlükəsizlik və etimad
quruculuğu tədbirlərinin həyata keçirilməsini nəzərdə
tutur. Həmçinin tərəflər üzərilərinə
götürürlər ki, üçüncü tərəflərlə
mövcud beynəlxalq razılaşmalar onların bu Saziş
üzrə öhdəliklərinə xələl gətirməyəcək.
Növbəti 7 il üçün Avropa İttifaqı ilə
Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən
həmin ikitərəfli sənəd bu müddəanın əksini
göstərir. Avropa İttifaqı-Ermənistan sənədində,
həmçinin Beynəlxalq Ədalət Məhkəməsində
mövcud iddiaların dərhal, effektiv və tam şəkildə
icrası da qeyd olunur. Bu da həmin sülh sazişinin müddəaları
ilə ziddiyyət təşkil edir.
“Sənəddə Vaşinqton razılaşmalarına
heç bir aidiyyəti olmayan Paşinyan hakimiyyətinin irəli
sürdüyü “Sülh kəsişməsi” təşəbbüsü
də TRIPP layihəsindən kənardakı əraziləri əhatə
edir. Bu, faktiki olaraq Azərbaycanın təqdim etdiyi real layihələrə
alternativ olaraq, prosesi uzatmaq məqsədilə ortaya
atılıb. Azərbaycanın haqlı gözləntisi odur
ki, sözügedən sənədə dəyişikliklər
olunmalı, ölkəmizin mövqeyi nəzərə
alınmalıdır”, - deyə P.Vəliyeva əlavə edib.
Hərbi And .- 2025.- 19 dekabr (¹48).- S.4.