Aİ–Ermənistan
strateji tərəfdaşlığı: Cənubi Qafqazda
sülh balansına yeni risklər
Ermənistan ilə Avropa İttifaqı (Aİ)
arasında yeni strateji tərəfdaşlıq gündəliyinin
imzalanması Cənubi Qafqazda gedən mürəkkəb
geosiyasi proseslər fonunda diqqətlə təhlil edilməli
olan addımdır. Bu təşəbbüs zahirən Ermənistanın
siyasi və institusional inkişafına dəstək kimi təqdim
edilsə də, onun Ermənistan–Azərbaycan sülh prosesi və
regionda formalaşmaqda olan yeni təhlükəsizlik
arxitekturasına real təsirləri ciddi suallar doğurur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin
deputatı Mehriban Vəliyeva söyləyib. Deputat bildirib ki,
Azərbaycan öz ərazi bütövlüyünü və
suverenliyini tam bərpa etdikdən sonra regionda davamlı
sülhün təmin olunması üçün prinsipial və
ardıcıl mövqe nümayiş etdirib: “Rəsmi Bakı
sülh müqaviləsinin beş baza prinsipi əsasında
imzalanmasını, dövlətlərarası münasibətlərin
beynəlxalq hüquq normaları çərçivəsində
tənzimlənməsini və regionun xarici müdaxilələrdən
kənar, birbaşa dialoq yolu ilə sabitliyə
qovuşmasını əsas hədəf kimi irəli
sürüb. Bu kontekstdə Avropa İttifaqının Ermənistanla
birtərəfli xarakter daşıyan strateji tərəfdaşlıq
sənədi imzalamağa hazırlaşması balansı pozan
amil kimi qiymətləndirilə bilər. Aİ-nin bu
addımı Ermənistan cəmiyyətində və siyasi
dairələrində yanlış gözləntilər
formalaşdırmaq riskini daşıyır. Xüsusilə də
sülh müqaviləsinin imzalanmasına yaxın mərhələdə
Ermənistanın müəyyən beynəlxalq mərkəzlərdən
siyasi və diplomatik dəstək aldığına dair təsəvvürlər
yaranarsa, bu, İrəvanın konstruktiv mövqedən
uzaqlaşmasına, vaxt udmağa və ya yeni şərtlər
irəli sürməyə cəhd göstərməsinə səbəb
ola bilər. Tarixi təcrübə göstərir ki, Ermənistan
rəhbərliyi beynəlxalq dəstəyə arxalanaraq əvvəllər
də üzərinə götürdüyü öhdəlikləri
yerinə yetirməkdən yayınıb və bu, regionda gərginliyin
uzanmasına gətirib çıxarıb. Avropa İttifaqının
bölgədə atdığı bu cür addımların
yeni münaqişə risklərini
artırıb-artırmadığı sualı da aktualdır.
Aİ rəsmən sülhü dəstəklədiyini bəyan
etsə də, tərəflərdən biri ilə strateji tərəfdaşlıq
münasibətlərini dərinləşdirməsi,
xüsusilə də təhlükəsizlik və siyasi sahələri
əhatə edən sənədlərin gündəmə gətirilməsi
neytrallıq prinsipinə kölgə salır. Bu isə
regionda etimad mühitinə zərbə vurur və sülh
prosesinin həssas balansını poza bilər”.
Mehriban Vəliyeva vurğulayıb ki, sülhün əsas
şərti tərəflərin öz aralarında
razılığa gəlməsidir; kənar aktorların bir tərəfi
açıq və ya dolayı şəkildə təşviq
etməsi isə əks effekt yaradır. Avropa
İttifaqının sülhə gedən yolda bu cür birtərəfli
addımlar atmasının səbəbləri müxtəlif
amillərlə izah oluna bilər. Bir tərəfdən, Aİ
Cənubi Qafqazda geopolitik təsir imkanlarını genişləndirməyə
çalışır və Ermənistanı bu strategiyada
dayaq nöqtəsi kimi görür. Digər tərəfdən,
daxili siyasi proseslər, müxtəlif lobbi qruplarının təsiri
və regionun real geosiyasi reallıqlarının yetərincə
nəzərə alınmaması Brüsselin siyasətində
ziddiyyətlər yaradır. Nəticədə, sülhə
töhfə verməli olan təşəbbüslər, əksinə,
prosesə maneə törədən faktora çevrilir.
Xüsusilə diqqətçəkən məqamlardan biri Ermənistanın
avqustun 8-də ABŞ-də keçirilmiş
görüşdə verdiyi öhdəliklərdir. Həmin
görüşdə Ermənistan tərəfi sülh
müqaviləsinin imzalanması, kommunikasiyaların
açılması və qarşılıqlı ərazi
bütövlüyünün tanınması ilə
bağlı konkret vədlər verib. Lakin Ermənistanın əvvəlki
davranışları nəzərə alındıqda, beynəlxalq
siyasi dəstək artdığı halda bu öhdəliklərdən
yayınmaq cəhdlərinin istisna edilmədiyi aydın
görünür. Avropa İttifaqı ilə yeni strateji tərəfdaşlıq
gündəliyi də məhz bu riskləri artıran amil kimi
çıxış edə bilər. Azərbaycan isə
prinsipial mövqeyini dəyişməz saxlayaraq, sülhün
alternativinin olmadığını dəfələrlə bəyan
edib. Rəsmi Bakı üçün əsas məsələ
sənədlərin imzalanmasından daha çox, onların
real icrası və regionda uzunmüddətli sabitliyin təmin
olunmasıdır. Bu baxımdan, beynəlxalq aktorların, o
cümlədən Avropa İttifaqının məsuliyyəti
tərəflərdən birinə üstünlük vermək
deyil, sülh prosesinə mane ola biləcək bütün
addımlardan çəkinmək olmalıdır.
“Ermənistan və Avropa İttifaqı arasında
imzalanması gözlənilən yeni strateji tərəfdaşlıq
gündəliyi regionda sülh prosesinə birbaşa və
dolayısı təsir göstərmək potensialına
malikdir. Əgər bu sənəd Ermənistanı daha
konstruktiv mövqeyə təşviq etməz, əksinə,
ona əlavə manevr imkanları qazandırarsa, bu, sülh
müqaviləsinin gecikməsinə və regionda gərginliyin
yenidən artmasına zəmin yarada bilər. Cənubi Qafqazda
davamlı sülh yalnız beynəlxalq hüquqa əsaslanan,
balanslı və ədalətli yanaşma ilə
mümkündür və bu reallıq bütün xarici
aktorlar tərəfindən nəzərə
alınmalıdır”, - deyə deputat fikrini
yekunlaşdırıb.
Hərbi And .- 2025.- 19 dekabr (¹48).- S.4.