Deputat: Türkçülük ideologiyası dövlət
siyasəti statusu qazanmaqdadır
Türk dünyasının ortaq elmi irsi olan “Divani
lüğət-it-türk”ün yazılmasından 950 il
keçir. Türk yazılı ədəbiyyatının ən
dəyərli incilərindən olan bu əsər
türklüyün və türkçülüyün
ensiklopediyası hesab olunur. Bu gün bütün türk
dövlətlərinin xarici siyasətində aparıcı
istiqamətə çevrilməkdə olan
türkçülük ideologiyası dövlət siyasəti
statusu qazanmaqdadır. Ötən il sentyabrın 23-də VII
Milli Məclisin açılış sessiyasında
çıxış edən Prezident İlham Əliyev deyib:
“Bu, bizim üçün prioritetdir, ... indi aparılan siyasət
də hər kəsə bunu aydın göstərir. Bizim
başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk
dünyasıdır”. Bu çıxış bütün
türk dövlətlərinin siyasi-iqtisadi qurumları ilə
bərabər, həm də bu ölkələrin mədəni-elmi
dairələri üçün birliyə
çağırış idi. Bu, ortaq tarixi, mədəni və
elmi-ədəbi irsimiz əsasında bütün Türk
xalqlarının xoşbəxt gələcəyini birlikdə
qurmağa çağırış idi. Bu
çağırışın işığında
türkçülük ideyasının məhək
daşlarından biri olan “Divani lüğət-it-türk”ün
950 illiyi bütün türk ölkələrində
xüsusi həssaslıqla, ortaq tariximizə və mədəni
irsimizə böyük qayğı və məhəbbətlə
qeyd olunur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında
Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq
Fondun Prezidenti Cavanşir Feyziyev deyib.
Deputatın sözlərinə görə, türk
xalqlarının dil xüsusiyyətlərini özündə
əks etdirən, türkün dili, ədəbiyyatı, mədəniyyəti,
ictimai-siyasi tarixi, coğrafiyası, məişəti,
düşüncə sistemi haqqında fikir formalaşdıran
və türkün ilk sözlüyü hesab edilən “Divani
lüğət-it-türk” kitabı türkün
özünütanıma və özünütanıtma yoluna
işıq salan ən möhtəşəm mədəni abidələrimizdən
biridir. Türk dilinin ilk sözlüyü, ilk dil bilgisi
kitabı olan ərəbcə yazılmış bu əsər
Mahmud Kaşğarinin iyirmi il toplama, iki il isə
düşünüb yazmaq zəhmətinin məhsuludur.
Əsərin müəllifindən danışan
C.Feyziyev bildirib: “Astanada Türk dünyasının görkəmli
alim və mütəfəkkiri Mahmud Kaşğarinin “Divani
lüğət-it-türk” əsərinin 950 illik yubileyinə
həsr edilmiş sərgidə nümayiş olunan əsər
və xəritə, o cümlədən ötən il Parisdə
baş tutan konfransın “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi:
“Divani lüğət-it-türk”ün 950-ci
ildönümü” adlandırılması bir daha onu təsdiqləyir
ki, tarixdə ilk türk xəritəsini yaradan da məhz Mahmud
Kaşğari olub”.
Deputat deyib ki, ensiklopedist, folklorçu, etnoqraf,
tarixçi, ədəbiyyatşünas,
coğrafiyaçı kimi müxtəlif sahələri öz
şəxsində cəmləşdirən Kaşğari
bütün fəaliyyətini türkçülüyə
xidmət missiyası üzərində kökləmişdi.
Türklərin İslamı qəbul etdikləri dövrdən
bir qədər sonra iki dünyanın, iki sivilizasiyanın, iki
mədəniyyətin qovuşduğu bir dövrdə
yaşamış bu unikal zəka sahibi tarixdə ilk
türkçü, türkçülüyün banisi, nəzəriyyəçisi
və təbliğatçısı kimi öz tarixi
missiyasını ərəb dünyasına Türk
dünyasını bütün əlvanlığı ilə
tanıtmaqda görürdü. Kaşğari zəhməti və
fədakarlığı ilə bu missiyanı uğurla həyata
keçirib. Tariximizə, mədəni-mənəvi təkamülümüzə
minillik yol bələdçisi olan “Divani-lüğət
it-türk” əsəri, sözün həqiqi mənasında,
türkün yaratdığı böyük mənəvi xəzinədir.
Məhz həmin "Divan"da müəllifin verdiyi dairəvi
dünya xəritəsində vətənimiz Azərbaycan “ərzi
Azərabadqan” şəklində göstərilir.
Əsərin yazılışının 950-ci
ildönümündə Astanada sərginin keçirilməsi
isə "Divani lüğət-it-türk"ün dünya
mədəniyyətinə, eyni zamanda, türk
xalqlarının dilinin inkişafına və mədəni
irsinin öyrənilməsinə verilmiş töhfələri
işıqlandırmaq məqsədi daşıyır.
“Astanada bu əsərin işığına
toplaşmağı, əsərin ideyası ətrafında
aparılan elmi müzakirələri də türk dilinə, mədəniyyətinə
və tarixinə ehtiramın bariz nümunəsi hesab edir”, –
deyə Cavanşir Feyziyev vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl
Qazaxıstan Milli Muzeyində Türk dünyasının
görkəmli alim və mütəfəkkiri Mahmud
Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin
950 illik yubileyinə həsr edilmiş sərginin
açılış mərasimi keçirilib. Sərginin
açılışında Azərbaycanın mədəniyyət
naziri Adil Kərimli, Qazaxıstanın mədəniyyət və
informasiya naziri Aida Balayeva, xarici işlər nazirinin müavini
Alibek Bakayev, Qırğızıstanın mədəniyyət,
informasiya, idman və gənclər siyasəti nazirinin
müavini Gülbara Abdıkalıkova, Türkiyənin
Astanadakı səfiri Mustafa Kapucu, Türk Dövlətləri
Təşkilatının Baş katibi Kubanıçbek
Ömüralıyev və Türk Akademiyasının prezidenti
Şahin Mustafayevlə yanaşı, çox sayda qonaq və
media nümayəndələri iştirak ediblər.
Hərbi and.- 2025.- 14 fevral(№6).- S.15.