O, yaralı döyüşürdü...

 

Aprel döyüşləri yenicə səngimişdi. Qərargahda əməliyyat bölməsi otağında bir neçə zabit xəritə üzərində gərgin dialoq aparırdı. Onlar düşmənin yerləşdiyi ərazidə qüvvələrin nisbətini, əsas və ehtiyat mövqelərini yenidən müəyyən edirdilər. Hiss olunurdu ki, aldıqları məlumatları xəritə üzərinə köçürürlər. Hündürboy, xırda saçlarını səliqə ilə yana daramış zabit gözünü qarşıdakı xəritədən çəkib diqqətlə mənə baxdı. Bu an otağa sükut çökdü. Sanki burada diskusiya olmamışdı. Mənimlə otağa daxil olan zabit: - Dediyim qəhrəman döyüşçü budur, - kapitan Mirdamət Bağıyevi göstərmişdi. Onunla ilk görüşüm bu cür olmuşdu.

Polkovnik-leytenant Mirdamət Səristan oğlu Bağıyev Şamaxı rayonunun Poladlı kəndində anadan olub. Poladlı kənd tam orta məktəbini bitirdikdən sonra indiki Heydər Əliyev adına Hərbi İnstituta yüksək balla qəbul olub. Onun uşaqlıq arzusu idi zabit olmaq. O zaman kursant adını qazandığı üçün özünü xoşbəxt hiss edirdi. Çünki orta məktəbdə oxuyanda məktəbdə müəllimlərindən, evdə valideynlərindən eşitmişdi ki, ölkəmiz müharibə şəraitindədir, torpaqlarımızın 20 faizini bədnam qonşumuz olan ermənilər işğal edib, bir milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin salınıb. Bu cür söhbətlər balaca Mirdaməti narahat edib düşündürürdü. Birinci Qarabağ müharibəsinin acısı doğma Poladlıdan da yan keçməmişdi. Qoynunda doğulub boya-başa çatdığı Vətənə övladlıq borcunu necə verəcəyi düşüncələri onu narahat etməyə başlamışdı. İllər bir-birini əvəz etdikcə Mirdamət böyüyəndə kim olacağını qətiləşdirirdi. Orta məktəbi bitirəndə artıq o, öz qərarını vermişdi...

Mirdamət Bağıyev "Yerüstü artilleriya" ixtisasını seçəndə düşmənə daha çox itki verəcəyini də ilk dəfə onda zənn etmişdi. Kursant illərində artilleriya silahlarını mükəmməl öyrənməyə çalışırdı. O, yaxşı bilirdi ki, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün müharibənin olacağı qaçılmazdır. Özünü bacarıqlı, bilikli artilleriyaçı görmək istəyirdi. Niyyətini gerçəkləşdirməyin tək yolu yaxşı oxumaq idi və oxudu da. 2007-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə bitirən gənc leytenant bir il təkmilləşdirmə kursunu keçdi və sonra təyinatla cəbhə bölgəsinə göndərildi.

Tərtər-Ağdərə istiqamətində xidmətə başlayan gənc zabit əvvəlcə ərazi ilə yaxından tanış olub. Ona verilən döyüş tapşırığını yerinə yetirmək üçün təmas xəttini öyrənmək ən vacib məsələlərdən idi. Tank əleyhinə olan bölmənin komandiri düşmənin zirehli döyüş texnikalarının hərəkət edəcəyi istiqamətləri müəyyən etmişdi. O, tabeliyində olan tank əleyhinə silahların taktiki-texniki xüsusiyyətlərini heyət üzvlərinə də mükəmməl öyrətmişdi. Heyətlər ən qısa zamanda səfərdən döyüş xəttinə açılmaqla döyüş tapşırığını uğurla yerinə yetirmək gücünə malik idilər.

Mirdamət görkəmcə sadə, qarşıdakı insanı səbirlə dinləməyi bacaran zabitdir. İllər keçməsinə baxmayaraq onunla söhbətim sanki dünən olmuş kimi yaddaşımdadır. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan ordusunun təxribatları nəticəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin Tərtər, Cəbrayıl və Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Mirdamət Bağıyev döyüşlər zamanı Tərtər-Ağdərə istiqamətində döyüşüb. Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndi istiqamətində əlverişli mövqeləri, strateji məntəqələri, sonradan Bayraqtəpə adlandırdığımız vacib yüksəklik də daxil olmaqla, xeyli ərazini azad etdi. Tarixə Aprel döyüşləri kimi düşmüş həmin savaşda Mirdamət tank əleyhinə silahla Ermənistan ordusunun 7 ədəd tankı, 1 ədəd piyada döyüş maşınını, 1ədəd komandir avtomobilini və 1 ədəd hərbi nəqliyyat vasitəsini məhv edib. Talış kəndi yaxınlığında döyüşdə igid komandir yaralansa da, o, bunu heç kimə bildirməyib. Axan qanı dayandıraraq döyüşə davam edib. İgid döyüşçü ona verilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirib və növbəti komandanı gözləyib. Amma aldığı güllə yarası onu rahat buraxmayıb. Düşmənin zirehli texnikaları da Mirdamətin müdafiə olunduğu istiqamət üzrə hərəkətini tam dayandırmışdı. Hücum zamanı döyüş texnikalarının bir-bir səlis atəşlə məhv edildiyini görüncə düşmənin sonuncu tankının geri dönərək qaçdığını görmüşdü. Döyüşçülər bunu düşmənin acizliyinin və məğlubiyyətinin başlanğıcı bilmişdilər. Cəsur döyüşçü Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Aprel döyüşlərindəki şücaətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Aprel döyüşlərindən sonra ordumuzun döyüş hazırlığının daha da artırılması istiqamətində ciddi addımlar atıldı. Artilleriya qoşunlarının arsenalına yeni silahlar daxil edildi. Bu silahların öyrənilməsi, istifadəsi təcrübəli zabitlər tərəfindən tabeliyində olan heyət üzvlərinə aşılandı. Dəfələrlə təlim mərkəzlərində keçirilən sınaq atışları uğurla icra olundu. Mirdamət Bağıyev bildirdi ki, qazandığı bilikləri tabeliyində olan heyət üzvlərinə aşılayıb. Onun sözlərinə görə tank əleyhinə idarə olunan raket sistemlərini əsgərlər həvəslə öyrəniblər. Onun nəticəsi idi ki, İkinci Qarabağ müharibəsində düşmənin xeyli sayda zirehli və digər döyüş texnikalarını məhv etdilər. Daha sonra zabit dedi: "Aprel döyüşləri həyatımın ilk ağır və məsuliyyətli xidmət dövrü olub. Mənə düşmənin bir neçə istiqamətdən hücum edəcəyini bildirmişdilər. Əvvəl seçdiyim mövqe döyüş aparmaq üçün əlverişsiz idi. Düşmən texnikalarının hərəkət istiqamətini dəyişdiyi üçün heç nə edə bilmədim. Nişangahın arxasında dayanıb xeyli gözləməli oldum. Hər yanda, top mərmiləri partlayırdı. Növbəti komanda gələndə atəş mövqeyimi dəyişdim. Yenicə mövqe tutub silahı döyüşə hazır vəziyyətinə gətirmişdim ki, bu an düşmən tankının mənə tərəf gəldiyini gördüm. Vaxt itirmədən düyməni sıxdım. Tank bir anda alova büründü. Onun arxasınca sağ-sol cinahlardan gələn texnikaları da eyni qaydada məhv etdim. Tez-tez atəş mövqeyimi dəyişirdim. Çünki təhlükəsizliyim üçün şərait bunu tələb edirdi. İstifadə etdiyim mərmilərindən heç biri hədəfdən yan keçmədi. Daha sonra müşahidə apardım. Düşmənin canlı qüvvəsi olan avtomobil ön xəttə yaxınlaşanda onu nəzarətsiz qoymadım və arxasınca gələn komandirin maşınını da vaxt itirmədən nişan aldım. Hər iki avtomobili növbə ilə məhv etdim. Avtomobillər mərminin təsirindən darmadağın oldu və tüstülənməyə başladı, anidən alova büründü...

Zabit Mirdamət Bağıyevin xidmətləri bununla bitmədi. Onu qarşıda daha ciddi xidmət gözləyirdi. Tank əleyhinə silah üçün heyətlərin hazırlanması təcrübəli, bacarıqlı komandirə həvalə edildi. O, bütün varlığı ilə tank əleyhinə idarə olunan raket qurğularının heyətlərini öyrədirdi. Bu cür bacarıqlı zabitdən bilgi almaq hər bir döyüşçü üçün böyük məsuliyyət idi. Bunu dərk edən döyüşçülər silah haqqında dərin biliklər əldə etməyə çalışırdılar. Artıq qısa müddətdə Mirdamət Bağıyevin hazırladığı və yüksək döyüş qabiliyyətinə tam malik olan tank əleyhinə idarəolunan raket qurğularının heyətləri təlim mərkəzlərində uğurlu nəticələr qazanırdılar...

Şəxsi heyət 27 sentyabr 2020-ci ilin səhəri açıq gözlə qarşıladılar. Tezdən cəbhə boyu düşmən hücuma keçdi. Bütün istiqamətlərdə hücum dəf edildi. Təmas xəttini daim nəzarət altında saxlayan Mirdamət Bağıyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusuna əks-hücum əmri verəndə silahdaşları ilə döyüşə hazır vəziyyətdə idi. İkinci Qarabağ müharibəsi zamanı da Mirdamətin rəhbərlik etdiyi bölmə düşmənə ağır zərbələr vurmaqla onun müqavimətini xeyli sarsıtdı. Düşmən Aprel döyüşlərindən sonra ermənilər cəbhə boyu "Ohanyan səddi" çəkməklə guya bu səddin Azərbaycan əsgərinin keçə bilməyəcəyi qədər güclü olduğunu bildirirdilər. Lakin qəhrəman Azərbaycan əsgərinin qarşısında düşmənin istənilən istehkamı aşılmaz səviyyədə güclü deyildi. Cəmi 44 gün davam edən müharibə bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və durmadan torpaqlarımızın azad edilməsi üçün döyüş vərdişlərini təkmilləşdirib. Mirdamət Bağıyev 44 günlük haqq döyüşündə də şəxsi şücaət göstərdi. Onun komandiri olduğu bölmələr düşmənin xeyli sayda döyüş texnikalarını məhv etdi. Azərbaycan Ordusunun bölmələri Şuşa şəhərinə daxil olandan sonra düşmənin təslim olmaqdan başqa çıxış yolu qalmadı. Bu, xalqımızın, dövlətimizin və ordumuzun tarixi zəfəri idi. Bu qələbənin əldə olunmasında qəhrəman hərbçilərimizin döyüş meydanında misilsiz şücaətləri olmuşdur. Müharibədən sonra Mirdamət Bağıyevə dövlətimizin başçısının 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Qəhrəman döyüşçümüz bu gün də ordu sıralarında hərbi xidmətini şərəflə davam etdirir. Tez-tez rəhbərlik etdiyi bölmələrə baş çəkir, orada heyətlərin döyüş və mənəvi hazırlığı ilə yaxından tanış olur. - Müharibə bitsə də, yenə əsgərlərin hazırlıq səviyyəsini daim yüksəkdə saxlamaq lazımdır, - Mirdamət Bağıyev dedi. Çünki düşmən hər zaman təxribat törədə bilər. Onun qarşısını almağın yeganə yolu isə şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıqlarının yüksək səviyyədə saxlanılmasıdır.

 

Bəxtiyar Əliyev

Hərbi and.- 2025.- 14 fevral(№6).- S.12.