Yaddaşlarda yaşayan şair
Xalq şairi Süleyman
Rüstəm Azərbaycan şeirinin inkişafında
böyük xidmətləri olan sənətkarlardan biridir.
Onun yaradıcılığında yeni həyatın tərənnümü,
eləcə də cənub mövzusu mühüm yer tutur.
Süleyman Rüstəmin yazdığı bütün əsərlər
sevgidən, inamdan qaynaqlanıb. Xalq şairinin hər bir əsəri
ədəbiyyatımızın solmayan səhifələrini təşkil
edir. Təsadüfi deyil ki, Süleyman Rüstəm XX əsr
Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən
biri olub. O, yaradıcılığında Azərbaycanın dilbər
guşələrini vəsf edib, elə buna görə də
vətənə, torpağa məhəbbət, əməyə
qiymət onun poeziyasının mayasını təşkil
edir.
Bu gün Azərbaycan poeziyasının görkəmli
nümayəndəsi, Xalq şairi Süleyman Rüstəmin
anadan olmasından 119 il ötür.
Süleyman Rüstəm 1906-cı il martın 12-də
Bakıda kasıb dəmirçi ailəsində dünyaya
göz açıb. Kasıb həyat tərzi, çətin
uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata,
poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli
əməyinə, torpağa və zəhmətə qiymət
verməyi poeziyasında işıqlandırıb. 83 il
ömür sürən şairin həyatının 65 ildən
çox müddəti əhatə edən
yaradıcılığı yüzlərlə şeir, poema,
dram əsərlərindən ibarətdir. 1923-cü ildən
1989-cu ilədək xalqın həyatında baş verən
ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi
durumunadək bu poeziyada hər şey öz əksini tapıb.
Süleyman Rüstəm həm də cənub
mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng
gətirib. O, cənubda yaşayan soydaşlarımızın
ağır həyat tərzini görüb və
könlündən keçənləri kağızlara
köçürüb. “Təbrizim” adlı şeiri şairin
bu səpkili şeirlərindən ən təsiredicisidir.
Bundan başqa, şair “Könlümə Təbriz
düşdü”, “İşıq”, “Yenə Araz
qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində
vətən həsrəti çəkən, əzablı, cəfalı
günlər keçirən soydaşlarımızdan
danışır.
Ədəbi fəaliyyətə "Çimnaz
xanım yuxudadır" birpərdəli komediyası ilə
başlayan sənətkarın “Qaçaq Nəbi” məzmun
dramı, “Durna” komediyası dramaturgiyamızın incilərindəndir.
“Ələmdən nəşəyə” kitabı ilə
kifayət qədər sevilən Süleyman Rüstəm
mübariz, optimist, düşmənə qarşı
barışmaz bir şair kimi tanınıb, yaddaşlarda həmişə
yaşayacaq.
Azərbaycanın elə bir guşəsi yoxdur ki,
Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər
dənizi haqqında ən çox şeir yazan da məhz
Süleyman Rüstəm olub. "Xəzər və
durnalar", "Xəzər nəyə bənzəyir",
"Xəzərdə gecə", "Xəzərdə",
"Xəzərin səhəri", "Xəzərim
olsun" və başqa şeirlərdə öz xəyalının
qanadlarını Xəzərin dalğaları ilə
qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən
doymayıb.
İkinci Dünya müharibəsi Süleyman Rüstəm
yaradıcılığından təsirsiz keçməyib.
O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl
əsərlər yaradıb: "Ana ürəyi",
"Durnalar", "Ana və poçtalyon", "Gün
o gün olsun ki" kimi kitabları məhz o dövrdə
çapdan çıxıb.
Onun xalq, vətən qarşısındakı xidmətləri
layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif
xarici dillərə tərcümə olunub.
Hərbi And .- 2025.-14 mart(№10).-S.14.