Öz yolu, öz ədəbi
taleyi olan şair
Gəldi, sevdi, sevildi, qəlbini göynədən
ağrıları ağ vərəqlərdə “göyərtdi”,
insanları və insanlığı sevməkdən
yorulmadı. Sadədən-sadə olmağa
çalışdı, sözdən halallıq adlı
ölməz nəğmələr yaratdı, gecəsini
gündüzünə qatıb tək öz taleyini deyil, həm
də mənsub olduğu millətin
ağrısını-acısını, dərdini, kədərini
qələminin gücü, istedadının gözü ilə
gələcək nəsillərə
çatdırmağı özünə borc bildi.
Sağlığında qiymətini ala bilməyənlərin,
haqqı tapdananların, min bir ləkə vurularaq zindanlar
küncündə işığa həsrət qalanların
haqqını qaytarmaq üçün
“Sağlığında qiymət verin insanlara” harayı ilə
minlərin-milyonların qəlbində ümid, inam tonqalı
qaladı. Sadə, lakin inandırıcı, adi, lakin təsirli
dedi. Elə dedi ki, ilk andan insanlar bunu bir şüar kimi, Azərbaycan
poeziyasının Cabir Novruz həqiqəti kimi qəbul edib dəyərləndirdilər.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruzun
anadan olmasından 92 il ötür.
Şairin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının
parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində
milli irsimizin zəngin ənənələri müasir ədəbi
cərəyanların tələbləri ilə üzvi şəkildə
birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən
şair yüksək bəşəri-mənəvi dəyərləri
tərənnüm edən şeirləri ilə oxucuların dərin
məhəbbətini qazanıb. Onun qələmindən
çıxan lirik poeziya nümunələri və epik
lövhəli əsərlər bədii səviyyəsi,
mövzu rəngarəngliyi ilə seçilir. Şairin
yüksək mənəviyyata səsləyən
yaradıcılığı və vətəndaş ruhunun
hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi
və rəvanlığı ilə səciyyələnir.
Cabir Novruz öz yolu, öz sözü, öz ədəbi
taleyi olan şairdir. Xalqımızın min illər bundan əvvəl
başlayan bədii şüur hərəkətində,
qüdrətli poeziya marafonunda onun yaradıcılıq
manerası, poetik nəfəsi seçilir, orijinal sənət
yolundan xəbər verir. Bu sənət yolunu izlədikcə,
Cabir Novruz şeirlərinin işığı önündə
düşündükcə, bir həqiqətə
inanırsan. O, həmişə özü ilə üz-üzə
dayanıb, qəlbini, duyğularını, taleyini sınaq meydanına
çevirib, həmişə narahat, özündən
narazı olub, hər an sənətin dəlisov tufanlarına,
şıdırğı leysanına can atıb,
rahatlığı, duyğu xoşbəxtliyini sözlə
döyüşdə, əlbəyaxa vuruşda tapıb.
Xızı rayonunun Upa kəndində dünyaya göz
açan Cabir Novruz orta məktəbi bitirdikdən sonra Sabir
adına Pedaqoji Texnikumda təhsil alıb və 1952-ci ildə
Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə
daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar
İttifaqının (AYİ) tövsiyəsi ilə təhsilini
davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına
Ədəbiyyat İnstitutuna göndərilib və 1957-ci ildə
oranı bitirərək Vətənə dönüb.
“Bakı” axşam qəzetinin ədəbiyyat
şöbəsində ədəbi işçi kimi əmək
fəaliyyətinə başlayan Cabir Novruz müxtəlif
vaxtlarda “Azərbaycan” ədəbi-bədii jurnalının,
“Ədəbiyyat və incəsənət” qəzetinin baş
redaktoru vəzifələrində çalışıb və
AYİ-nin İdarə Heyətinin katibi olub.
C.Novruzun çap olunmuş “İnsan məhəbbəti”,
“İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”,
“Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”,
“Bir dünyam var”, “İnsan himnləri”, “Ömür keçir
karvan kimi”, “Ulu dünya, heyfsən”, “Vətən əbədi
qopuqdur”, “Özünü qoru, xalqım”, “İnsanı
tanımaq olmur” və digər şeirlər və poemalar
kitabları ədəbiyyatsevərlər tərəfindən
böyük məhəbbətlə qarşılanıb.
Onun şeirləri, poemaları əsrimizi, müasirlərimizi
düşündürən aktual problemlərə - insan
ömrünün mənasına, müharibənin bir nəslin
taleyinə vurduğu yaralara, gündən-günə
çiçəklənən ölkəmizin qüdrətinə,
zəhmət adamlarının mənəvi dünyasına
yazılmış nəğmələrdir, himnlərdir. O, elə
ilk şeirlərindən sadə insanların, adi adamların tərənnümçüsü
olmuşdur. Şairin tərcümeyi-halı poeziyası ilə
ahəngdardır. O, müharibənin
ağrı-acılarını öz taleyində
daşıyan nəslin nümayəndəsidir.
C.Novruz poeziyası sadəliyi və
emosionallığı ilə diqqəti cəlb edir. Elə
buna görədir ki, onun şeirlərinə çoxlu
mahnılar yazılıb. Şairin sözlərinə bəstələnmiş
çoxsaylı mahnılar musiqisevərlər tərəfindən
həmişə böyük rəğbət və sevinclə
qarşılanıb.
Əsərləri dünyanın müxtəlif
xalqlarının dillərinə tərcümə edilərək
nəşr olunub. Onun bədii tərcümələri sayəsində
isə Azərbaycan oxucusu dünya poeziyasının bir
sıra qiymətli nümunələri ilə tanış
olmaq imkanı qazanıb.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub.
O, həyatının bütün mərhələlərində,
xüsusilə birinci çağırış Azərbaycan
Respublikası Milli Məclisinin deputatı kimi ölkəmizdə
gedən ictimai-siyasi proseslərin fəal
iştirakçısı olub, xalqımızın həyatında
baş verən taleyüklü hadisələrə
düzgün qiymət verilməsində əsl vətəndaşlıq
mövqeyi nümayiş etdirib.
Şairin ədəbi və ictimai fəaliyyəti
yüksək qiymətləndirilib. O, Xalq şairi, “Əməkdar
incəsənət xadimi” fəxri adlarına, dövlət
mükafatına, orden və medallara layiq görülüb.
Duyan qəlb, düşünən ürək, sadəliklə
səmimiyyət arasındakı məsafəni böyük
insanlıqla fəth edən Cabir Novruz 2002-ci il dekabrın 12-də
ömrünün 70-ci ilində dünyaya əlvida dedi.
Şeirləri dillər əzbəri olan Cabir Novruzu
bütün zamanların adamları aşağıdakı
misralarla daha çox xatırlayacaqlar:
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı
deyin,
Sağlığında yaman deyin yamanlara…
Hərbi And .- 2025.-14 mart(№10).-S.14.