Bizi onun xatirələri
yaşadır
Kamran çox ağıllı, qorxmaz uşaq kimi
tanınmışdı kəndimizdə. Həm də diqqətcil
idi. Dərslərini də yaxşı oxuyurdu. Ali təhsil almışdı
Kamran. Həddindən çox vətənpərvər idi. Həm
də ailəcanlı oğul olmuşdu. Deyirlər, ailəsini
sevən Vətənini də sevər. Bəli, bu ifadə
çox doğrudur. Kamran da belə oğullardan biri idi. Onun
haqqında keçmiş zamanda danışmaq çox
ağırdır mənim üçün. Nə etmək
olar? Öz canını ailəsinə, Vətəninə
qurban verdi oğlum.
Kamran çox qoçaq uşaq idi.
Çalışdığı qədər hər kəsə
köməklik edərdi. Balaca vaxtı kənddə
bütün yaşlıların qayğısına
qalardı. Onların işlərini görərdi.
Çöldən mal-qaranı gətirərdi. Bu xasiyyətini
sonralar da tərgitmədi. İş yoldaşları
danışırdılar ki, hər birimizin işinə
köməklik edərdi.
Kamran müharibəyə könüllü
getmişdi. Hətta ilk müraciətində geri
qaytarmışdılar. Çünki həmin vaxt Kamranın
bir uşağı var idi. Həmçinin evin tək oğlu
idi Kamran. Amma Kamran evdə otura bilmədi. İkinci dəfə
yenidən müraciət etdi. Bu dəfə müraciətini qəbul
etdilər. Arzusuna çatdı.
Kamran həm də mehriban idi. Bizi lap çox sevirdi. Evə
gələn kimi ilk işi mətbəxə keçib
anasını soruşmaq olurdu. Bilirdi ki, anası onun
üçün sevdiyi yeməyi hazırlayır.
Anasını qucaqlayıb üzündən öpürdü.
Əzizləyirdi. Anası da deyirdi ki, ay Kamran, iş paltarın
yağ olacaq. Deyirdi ki, yox, səni öpməmiş yemək
yemərəm. Şəhid olduqdan sonra da anası nə vaxt mətbəxə
keçirdi elə bilirdi, indicə Kamran gələcək. Yenə
onu qucaqlayacaq.
Bizi onun xatirələri yaşadır. Oğluma minnətdaram
ki, başımızı uca etdi. Onunla fəxr edirəm. Hər
yerdən xoş sorağını eşitdik, müharibədə
isə qəhrəmanlığını. Allah bütün
şəhidlərimizə rəhmət etsin.
Ölümündən qorxmayaraq Vətən torpağına
dönən o igidlər həmişə qəlbimizdə
yaşayacaqlar. Vətən sağ olsun!
Hərbi And .- 2025.- 16 may(№17).- S.13.