Zəfərin dili...
Dilin zəfəri...
Dünən, qardaş Özbəkistanın Səmərqənd
şəhərində keçirilən UNESCO-nun 43-cü
Baş Konfransında 15 dekabr – Dünya Türk Dili Ailəsi
Günü haqqında qərar qəbul edildi. Bu qərar
qardaş Türkiyənin digər qardaş dövlətlərlə
birlikdə hazırladığı və 26 ölkənin birgə
təqdim etdiyi ortaq təşəbbüsün nəticəsidir.
Əlbəttə, türk dillərinin tanıdılması
üçün çalışmaları yüksəldən
belə bir addım, tarixi səciyyə və səviyyə
daşıyır və olan türk dilinin qorunması, gələcək
nəsillərə ötürülməsi yönündə
işbirliyini daha da gücləndirəcəkdir. Biz ortaq
keçmişdən ortaq gələcəyə məhz ortaq
yaddaşla, deməli, ilk sırada dil yaddaşı ilə gedə
bilərik. Bizim bu yeni Günümüz – UNESCO-nun qərarı
– əslində, öz dilinə biganə olmayan bütün
xalqların bölüşə biləcəyi bir gözəllikdir.
Bəli, bundan sonra hər təqvim ilinin son
ayının 15-i Dünya Türk Dili Ailəsi Günü
olaraq vurğulanacaq, bizim – Türk dünyasının dil
bayramı olacaq. Bu məqamda, Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin ailə vurğusu edən
çox vacib və mövzumuza tam uyğun düşüncələrini
yada salmaq istərdim:
“Biz beynəlxalq təşkilatlarla bağlı bundan
sonra da öz addımlarımızı atacağıq, ilk
növbədə, Türk Dövlətləri Təşkilatı
çərçivəsində səylərimizi davam etdirəcəyik.
Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas
beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir.
Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk
dünyasıdır”. – Dövlət başçımız
2024-cü il fevralın 14-də Milli Məclisdəki
Andiçmə mərasimində belə deyirdi. Hər iki ailə vurğusu
özünəxas dərin məzmun və
üfüqgenişliyi daşıyır. Əgər qəbul etsək ki, bu
dünyada təsadüf yoxdur, o zaman dünən başqa bir
tarixi çıxışı da Prezident İlham Əliyevin
2024-cü ilin ikinci ayındakı çıxışı
ilə eyni səviyyədə, səciyyədə tuta bilərik.
Azərbaycanın dövlət başçısının
Milli Elmlər Akademiyasının 80 illik yubiley ilə
bağlı tədbirdəki çıxışında
bütün digər vacib istiqamətlərlə
yanaşı, dilimizin saflığı, qorunması məsələlərinə
də tarixi vurğular vardı:
“Azərbaycan dili çox zəngin dildir. Bu gün 50
milyondan çox insan üçün Azərbaycan dili ana
dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin
qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti.
Mən azərbaycanlıların yaşadıqları müxtəlif
bölgələrdə vəziyyətlə müntəzəm
surətdə olaraq tanış oluram, diqqətdə
saxlayıram, lazımi tədbirlər görürəm.
Görürəm ki, bəzi yerlərdə bizim ədəbi
dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar
arasında itirilir. Daha çox məişət dili kimi istifadə
olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz
öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda
yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət,
hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin
əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar,
bütün ictimaiyyət bir nöqtəyə
vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm,
50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir
və xarici kəlmələrə ehtiyac da yoxdur.
Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu
leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində
əzəli bir kəlmə varsa, başqa dildən kəlməni
gətirib əvəzləmək nə məqsəd
daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər
ikisi də qəbuledilməzdir”.
Prezidentin Akademiyadakı nitqini dinləyən,
oxuyan hər kəs, oradan obyektiv nəticələr, vəzifələr
çıxara bilər. Nitqin Zəfərimizlə, tariximizlə,
mədəniyyət coğrafiyamızla, həqiqətlərimizlə,
qarşıda duran hərtərəfli quruculuq vəzifələri
ilə, o cümlədən elmi yeniliklərlə bağlı
bölümləri də dövlət dilimizlə
bağlı tapşırıqları özündə
daşıyır. Biz öz dilimizdə, türkcəmizdə
qalib gəlmişik. – Zabitimiz əsgərimizə “İrəli”dən
öncə “Ardımca!” deyir, bir sözlə,
sözünü öz türkcəmizdə buyururdu. Cəbhədə
vurulmuş, götürülmüş, indi Hərbi Qənimətlər
Parkında sərgilənən düşmən texnikası
başqa dildəydi... İşğalçının tunelləri,
səngərləri, minaları, silah-sursatı, ərzaqı,
palı-paltarı başqa dildəydi, başqa dildəydi... Zəfərimiz
tamamən türkcəydi, öz ailəmizcəydi; qələbəmizi
özümüz qazandıq; öz şəhidlərimiz,
öz qazilərimiz, öz ordumuz Ali Baş
Komandanımızın buyruğu əsasında olmazları
olar etdi! Zəfərimizin işığı da bütün
Türk dünyasına düşdü – bilənlər bilir;
az sonra (21 yanvar, 2021) Türkmənistanla anlaşmamız oldu.
Bizim “Kəpəz”, türkmən qardaşlarımızın
“Sərdar” dediyi neft-qaz yatağı “Dostluq” adı ilə birgə
çıxarıma verildi. Bir qədər keçdi Azərbaycan
– Türkiyə arasında tayı-bərabəri olmayan
“Şuşa Bəyannaməsi” imzalandı (15 iyun 2021) və o,
digər qardaşlarımıza da ilham qaynağı oldu. Zəfərin
birinci ildönümündə isə Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurası Türk Dövlətləri
Təşkilatına çevrildi və həmin tarixi qərarın
verildiyi toplantıda Azərbaycan Prezidentinə məhz Zəfər
vurğusu ilə “Türk Dünyasının Yüksək
Ordeni” verildi (12 noyabr 2021)!
Təməli 2009-cu il oktyabrın 3-də
imzalanmış Naxçıvan Sazişi ilə qoyulan
Türk Dövlətləri Təşkilatının Dövlət
Başçıları Şurasının 12-ci Zirvə
Görüşü ötən ayın 7-də Qəbələdə
keçirildi. Azərbaycan ailəmizin güclənməsi
üçün dünən çalışıb, bu
gün çalışır, gələcəkdə də
çalışacağı Gün kimi, elə həm də
Dünya Türk Dili Ailəsi Günü kimi aydındır!
1926-cı ildə Bakıda keçirilmiş Birinci
Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
da bugünlərə– ötən ayın 22-nə təvafüq
edir.
Yeri gəlmişkən, hər halda o da heç təsadüfi
deyil ki, AMEA-nın ulu Nəsiminin adını daşıyan
Dilçilik İnstitutunun son illərdəki ən möhtəşəm
işi “Türk dilləri sözlüyü”nü (“Divanü
Lüğat-it-Türk”ü) – Türk
dünyasının ilk ensiklopedik əsərini nəşr etməsidir.
Söhbət, Türk dünyasının böyük bilgini,
XI yüzildə yaşayıb-yaratmış Qaşqarlı
Mahmudun 1072-1074-cü illər arasında Bağdadda
yazdığı türkcə-ərəbcə
sözlüyün akademik nəşrindən gedir. Belə ki,
ötən yüzilin 30-cu illərində keçmiş
SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında
işləmiş özbəkəsilli Azərbaycan alimi Xalid Səid
Xocayev Qaşqarlı Mahmudun bu ünlü əsərini
türkologiya tarixində ilk dəfə ərəb dilindən
Azərbaycan dilinə çevirib. Xocayev bundan sonra “əksinqilabi
pantürkist təşkilatın üzvü kimi, həm də
Türkiyənin xeyrinə kəşfiyyat işi
aparmış şəxs” damğası ilə ittiham olunaraq,
1937-ci ildə güllələnib. Alimin evində
axtarış aparılan zaman “Divan” üzə
çıxmayıb, itmiş sayılıb. Türk dünyasının
ən qiymətli kitablarından biri olan bu ensiklopedik əsəri
86 il sonra – 2023-cü ildə AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunun direktoru Prof.Dr. Nadir Məmmədli
institutun arxivindən tapıb.
Sonra “Divanülüğat-it-türk” 3 cilddə
akademik nəşrə hazırlanıb və nəfis şəkildə
gün üzü görüb. Bu böyük hadisə nəinki
2024-cü ildə “Divanü lüğat-it-türk”ün
yazılmasının 950 illiyinə, ümumən
türkologiyaya, dilçiliyə dəyərli töhfədir.
Türkcənin bizə bəlli ən qədim
sözlüyü, bu gün də, dəyərlidir, önəmlidir,
yəqin gələcəkdə də belə olacaq.
Bəli, “Divanü lüğat-it-türk”ün
Akademiyanın 80 illiyinə də dəyərli töhfə
olduğunu deyə bilərik. Sanki zaman özü onu bu ərəfədə
üzə çıxardıb... –
Azərbaycanın tarixi Zəfərindən sonra, ərazi
bütövlüyümüz və suverenliyimiz bərpa olunduqdan
sonra və AMEA-nın Zəfərsonrası ilk yubileyi ərəfəsində...–
Mən bu kimi işlərə təsadüf yox, təvafüq
kimi, kainatın ruhunun üzə vurması (təcəllası)
kimi baxıram...
“Mən bütövlükdə bildirmək istəyirəm
ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır.
Burada bu kürsüdən dövlət strukturlarına da
göstəriş vermək istəyirəm ki, Azərbaycan
alimləri ilə daha sıx işləsinlər”. – Bu sözlər
də, dövlət başçımızın
Akademiyadakı nitqindəndir. Bu sözlər, elə bilirəm,
həm də, dilimizin elmlə, iqtisadiyyatla, sənaye ilə
sıx bağlı olmasını göstərişini,
tapşırığını da daşımaqdadır.
Yuxarıda da vurğuladığımız kimi, həmin
proqram xarakterli, tarixi nitqdə bir neçə istiqamət
önplana çıxarıla bilər:
-Tarix,
-Mədəniyyət coğrafiyamız,
-Süni intellekt,
-Rəqəmsallaşma,
-kibertəhlükəsizlik,
-hərbi sənaye,
-İqtisadiyyat,
-Zəngəzur dəhlizi,
-İşğaldan azad edilmiş ərazilərdə
tikinti-quruculuq, abadlıq işləri və s. – Bax,
bütün bu və bənzəri sahələrin hər
birində dövlət dilimiz tətbiq imkanları, dərinliyi,
üfüqötəsi ilə iştirak etməli,
yaradıcılığımız doğma dilimizdə
olmalı, öz dilimizdə qanadlanmalıdır. Dilimiz
yaddaşımızdır, ruhumuzdur. Zəngəzuru,
Göyçəni başqa dildə necə belə dərindən
duya, duydura bilərik? Ulusumuzun kədəri də, sevinci, həyəcanı
da, gələcəyi də öz dilimizdəki dərinliyi,
üfüqü ilə doğmadır, əzizdir...
“Azərbaycan xalqının tarixi, dövlətçilik
tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir.
Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və
yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim
hüdudlarımızın o tayında hər istiqamət
üzrə Azərbaycan əhalisi yaşayır”. – Bax, bu, əvəzsiz
sözlər hər tərəfdən öz tarixi
torpaqları, öz mədəniyyət coğrafiyası ilə
həmhüdud olan respublikamızın vətəndaşlarının
dilinin, ruhunun, ruhi gücünün, tarixinin, mədəniyyətinin,
ləyaqətinin dərəcəsini, keyfiyyətini,
üfüqünü göstərir. Bizim dilimizin həmhüdud
ərazilərdə məişət səviyyəsinə
düşməməsi üçün elmlə mədəniyyətin,
dövlətlə vətəndaş cəmiyyəti
institutlarının, yaradıcı qüvvələrin birgə
çalışmaları gərəkdir, gərəkdir, gərəkdir.
“Bir neçə gündən sonra biz tarixi Zəfərimizin
beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil
ediləcək. Beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər
paradı keçirilmişdir. 2023-cü ildə Xankəndidə
hərbi parad keçirilmişdir ki, Azərbaycanın
suverenliyi tam bərpa edilmişdir. Bir neçə gündən
sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi
böyük hadisədir, qürurverici hadisədir. Azərbaycan
xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi
fəxr edəcək.
Mən sizi, bütün Azərbaycan xalqını həm
Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə,
həm də qarşıdan gələn Zəfər
Günü və Bayraq Günü münasibətilə təbrik
edirəm. Sizə cansağlığı, uğurlar
arzulayıram”! – Dilimizin, dövlətimizin
qayğısını çəkən Müzəffər
Ali Baş Komandan belə dedi, belə bayramlaşdı.
DİLİMİZ DƏ, DÖVLƏTİMİZ
DƏ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Hərbi And .-2025.- 7 noyabr (¹ 42).- S.14.