Haqqın, ədalətin təntənəsi

 

Beş il bundan əvvəl duyğularımı belə ifadə etmişdim: "Çox həyəcanlı və qürurlu günlər yaşayırıq. Hər gün gözümüz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi paylaşdığı məlumatları axtarır, tapır, oxuyur, ölkə kanallarından gündəlik xəbərləri alırıq. Sentyabrın 27-si səhər saatlarında növbəti təxribata əl atan Ermənistan silahlı qüvvələrinə şanlı Azərbaycan Ordusu məğlubiyyət dalğasını yenidən yaşatdı. Təmas xətti boyunca Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə cavab çox çəkmədən uğurlu əks-hücum əməliyyatı ilə verildi. Nəticədə bir sıra yaşayış məntəqələrimiz işğaldan azad edildi. Növbəti qələbə sevincini bizə yaşadan ordumuzun cəsur, igid əsgərləri ilə bir daha öyündük".

Yaşanan o tarixi anları heç vaxt unutmarıq. 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız uğrunda savaş gedirdi. Aldığımız şəhid xəbərləri bizi sarsıtsa da, əzmimizi, iradəmizi itirmir, düşmən qarşısında əyilmirdik. Xalq-dövlət-ordu birliyi gücümüzü daha da artırır, düşmənin xain niyyətini məhv edirdi. Torpaqlarımızın azad olunma xəbərini həyəcan və sevinc dolu göz yaşlarıyla qarşılayırdıq. Ali Baş Komandanın qətiyyətli çıxışları, müsahibələrini izləyir, haqq etdiyimiz Zəfərə addım-addım yaxınlaşırdıq. Hər iki cəbhədə - informasiya və döyüş cəbhəsində düşmənlərə, məkrli niyyətlərə qarşı böyük savaş açılmışdı. İnanırdıq, güvənirdik, əmin idik. Heç vaxt inamımızı itirməmişdik. İnanırdıq ki, bir gün öz ata-baba torpaqlarımıza geri dönəcəyik. Haqq-ədalət gec-tez öz yerini tutacaq. Bizim işimiz haqq işi idi. Və bu haqqın qabağında heç bir qüvvə dayana bilməzdi.

Biz güvənirdik. Sözü imzası qədər dəyərli olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30-a yaxın nüfuzlu xarici kütləvi informasiya vasitəsinə verdiyi müsahibələr Azərbaycanın apardığı haqq savaşını, baş verən prosesləri bütün dünyaya çatdırırdı. Biz ordumuzun gücünə bələd idik. Əmin idik ki, rəşadətli ordumuz bu zəfəri qazanacaq. Düşmən də bələd oldu - barəsində mif yaratdıqları "Ohanyan səddi" yarılanda, torpaqlar qarış-qarış, addım-addım işğaldan azad olunanda, şəhidini yerdə qoymayıb çiynində daşıyan və düşmənə meydan oxuyan Azərbaycan əsgərini görəndə.

Zəfərin qazanılmasına Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları da öz töhfələrini verdilər. Dövlət başçısı İlham Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbçilərinin şücaətini dəyərləndirərək demişdir: "İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər".

Füzuli-Xocavənd, Füzuli-Şuşa istiqamətində döyüş yolu keçən Naxçıvan xüsusi təyinatlıları bu yolda çətinliklərə sinə gərdilər, silahdaşlarını itirdilər, lakin bir addım belə geri çəkilmədilər. Çox mürəkkəb relyefə malik ərazilərdə peşəkarlıq nümunəsi göstərərək düşmənin qurduğu pusquları yardılar. Verilən hər bir tapşırıq uğurla yerinə yetirildi. Noyabrın 8-i düşməndən tamamilə azad edilən Şuşaya bayraq sancan hərbi qulluqçular sırasında Naxçıvan heyəti də iştirak etdi.

Beləliklə, düşmən öz məğlubiyyətini qəbul edərək geri addım atdı. Cəmi 44 gün ərzində tarixi Zəfər əldə olundu, düşmən birliyimizin, gücümüzün önündə diz çökdü. Ermənistan kapitulyasiya aktına imza atdı. Həmin tarixi gün - 10 noyabr əsrlər ötsə də, unudulmayacaq. Əllərində bayraq, ürəklərində Vətən sevgisi, dillərində "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı ilə küçələrə axışan insanların sevinci, həyəcanı "Dəmir yumruğ"u ilə düşmənin başını əzən Ali Baş Komandanına minnətdarlığı, ordumuzun hərbi qulluqçularına sonsuz güvənin ifadəsi idi.

Böyük Zəfərin qazanılmasından sonra düşmənin torpaqlarımıza vandal, ögey münasibətindən doğan dağıdıcı fəaliyyəti nəticəsində xarabalığa dönən yurd yerlərimizdə canlanma başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın uğurlu icrası vəd edilən kimi Qarabağı cənnətə çevirməkdədir.

İkinci Qarabağ müharibəsindən sonra qarşıda dayanan vəzifələrdən biri işğal dövründə ermənilərin viran qoyduğu yaşayış məntəqələrimizin bərpası idisə, digər məqam azad edilmiş ərazilərimizin mina və partlamamış döyüş sursatından təmizlənməsi idi.

Beləliklə, Ermənistanın xalqımıza qarşı apardığı mina terroru ilə paralel olaraq, qeyri-qanuni erməni silahlı dəstələri təxribatlar törətməkdə davam edirdilər. Qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən həyata keçirilən terror aktları cavabsız qalmadı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı həyata keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi göstərişinə əsasən qarşıya qoyulmuş tapşırıqlar cəmi 23 saat ərzində şəxsi heyət tərəfindən minimum itki və yüksək peşəkarlıqla yerinə yetirildi. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı ölkəmizin bütün ərazilərində, o cümlədən azad edilmiş torpaqlarımızda qürurla dalğalanmaqdadır. Vətən müharibəsində olduğu kimi, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı haqqın, ədalətin daha bir təzahürü idi.

Qazandığımız tarixi Zəfərdən beş ilə yaxın bir müddət ötür. 2025-ci il həm də ölkəmizdə "Konstitusiya və Suverenlik İli" kimi tarixin yaddaşına həkk olunacaqdır. Beş ildə baş verən mühüm tarixi hadisələr, yeniliklər Qarabağ iqtisadi rayonunun və Şərqi Zəngəzurun dirçəlişinə rəvac verib. Bu il avqustun 8-də reallaşan Vaşinqton görüşü, əldə olunan razılaşma və imzalanan sənədlər növbəti tarixi uğurumuz kimi səciyyələndirilir. Həmçinin Naxçıvanın paytaxtla quru bağlantısı təmin edilir. Zəfərdən sonra daim gündəlikdə saxlanılan bu məsələ, nəhayət ki, öz həllini tapmış və bu istiqamətdə işlər davam etməkdədir. Bu yol yalnız Azərbaycanın iki hissəsini bir-birinə birləşdirməyəcək, həm də beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək.

32 illik həsrətdən sonra avqustun 21-də öz elinə-obasına dönən kəlbəcərlilərin sevincinə şərik olan dövlətimizin başçısı dünya birliyinin bizim qələbəmizi və yeni reallıqları qəbul etməsini tarixi hadisə adlandıraraq demişdir: "Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Hər halda son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. İndi dünyada gedən prosesləri görürsünüz. Müxtəlif yerlərdə toqquşmalar, müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə qazanmayıb. Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək. Yəni, bax bu siyasi məsələlərin inkişafı bunu göstərir. Tək yeganə ölkə bizik. Yeganə xalq bizik ki, tam qələbə qazandıq, mütləq qələbə qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır".

Bəli, qazanılan mütləq qələbə, işğaldan azad olunan torpaqların yenidən qurulması, mühüm infrastruktur layihələrinin həyata keçirilməsi, sakinlərin öz el-obasına qayıdışı, "Xocalı faciəsi" ifadəsi ilə hər il xatırladığımız, bu günün abad, azad Xocalısı, Qarabağ Universitetini qurduğumuz Xankəndi özümüzə qayıdış, haqqa-ədalətə çağırış, Vətənə sonsuz məhəbbətin ifadəsi, Ali Baş Komandan İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasətinə sadiqliyin, xalqına həsr etdiyi ömrün Zəfər nəğməsidir! 

 

Ruhiyyə RƏSULOVA

"Şərq qapısı" qəzetinin məsul katibi

Hərbi And .-2025.- 7 noyabr (№ 42).- S.13.