Azərbaycanın yumşaq güc
strategiyası: Mədəni diplomatiyanın yeni mərhələsi
Azərbaycanın mədəni diplomatiyası son illərdə
ölkənin beynəlxalq imicinin gücləndirilməsi
baxımından strateji alətə çevrilib. Bu siyasət
dövlətin yumşaq güc arsenalının məqsədyönlü
şəkildə genişləndirilməsinə xidmət
edir. Mədəniyyət üzərindən qurulan diplomatik xətt
Azərbaycanın tarixi irsini, milli kimliyini və modern
inkişaf modelini dünyaya təqdim edir. Dünyada gedən
geosiyasi rəqabət fonunda yumşaq güc hər bir dövlət
üçün təsir dairəsini genişləndirməyin
zəruri elementinə çevrilib. Azərbaycan da bu
tendensiyanı düzgün oxuyaraq mədəni diplomatiyanı
öz milli maraqları ilə uyğunlaşdırıb. Sərt
gücün təmin etdiyi təhlükəsizlikdən sonra yumşaq
güc ölkənin qlobal nüfuzunu dərinləşdirən
əsas mexanizm kimi çıxış edir. Mədəni
diplomatiyanın uğurlu olması isə həm siyasi sabitlikdən,
həm iqtisadi müstəqillikdən, həm də dövlətçilik
ənənələrindən qaynaqlanır.
Bu sözlər politoloq Tural İsmayılovun "Azərbaycanın
yumşaq güc strategiyası: mədəni diplomatiyanın
yeni mərhələsi" sərlövhəli təhlil
yazısında yer alıb. AZƏRTAC yazını təqdim
edir.
Azərbaycanın mədəni irsinin
tanıdılmasında multikulturalizmin və idman
diplomatiyasının rolu
Azərbaycanın multikultural irsi bu siyasətin təməl
dayaqlarından biridir. Multikulturalizm burada, sadəcə, ideoloji
yanaşma yox, əsrlərlə formalaşmış həyat
tərzidir. Dövlət bu irsi beynəlxalq arenada bir model kimi
təqdim edir. Bu model ölkənin tolerant, açıq və
çoxtərəfli əməkdaşlığa hazır
olduğunu nümayiş etdirir. BMT, UNESCO və digər qlobal
təşkilatlarda Azərbaycan məhz bu dəyər mərhələsi
üzərindən tanıdılır. Mədəni müxtəliflik
Azərbaycanın beynəlxalq humanitar tədbirlərinin əsas
mövzularından birinə çevrilib. Bakı Humanitar Forumu
kimi platformalar məhz yumşaq güc strategiyasının
institusionallaşmış nümunələridir. Bu forumlar
ölkəni qlobal intellektual müzakirələrin mərkəzinə
çevirir.
Dövlət səviyyəsində dəstəklənən
incəsənət layihələri Azərbaycanın qlobal
auditoriyaya çıxışını artırır.
Muğam, xalçaçılıq və digər mədəni
irs nümunələri artıq beynəlxalq brend xarakteri
qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə
aparılan mədəniyyət siyasəti həm ənənəni
qoruyur, həm də müasirliklə sintez edir. Bu sintez Azərbaycanın
özünü yeni dövrün modern, lakin köklərinə
sahib dövlət kimi təqdim etməsinə imkan yaradır.
Heydər Əliyev Fondunun layihələri isə yumşaq
gücün qlobal miqyasda real nəticələr doğuran
praktiki nümunələridir. Fond müxtəlif ölkələrdə
tarixi abidələrin bərpasını dəstəkləməklə
Azərbaycanın humanist imicini möhkəmləndirir. Bu
addımlar Azərbaycanın dünyada “qurucu və dəyər
verən tərəfdaş” obrazını gücləndirir.
Mədəni diplomatiyanın effektivliyi həm də
idman sahəsində özünü göstərir. Formula 1,
Avropa Oyunları və digər beynəlxalq idman tədbirləri
Azərbaycanın dünyada tanınmasına ciddi töhfə
verib. Bu yarışlar ölkənin modern infrastrukturunu, təşkilatçılıq
qabiliyyətini və dövlət çevikliyini
nümayiş etdirir. İdman diplomatiyası mədəni
diplomatiyanın tamamlayıcı sütunu kimi
çıxış edir. Bu tədbirlər ölkənin
turizm potensialını da artırır. Azərbaycanın
qlobal brendlə tanınması həm investor
marağını, həm də beynəlxalq əməkdaşlıq
cəlbediciliyini yüksəldir. Turizm sahəsinə yönələn
dövlət dəstəyi yumşaq güc
strategiyasının iqtisadi ayağını
formalaşdırır. Turizm ölkənin mədəni dəyərlərinin
geniş auditoriyaya çatdırılması
üçün təbii platformadır.
Kino, media və diasporla Azərbaycanın qlobal
yumşaq gücü
Azərbaycanın kino və media sahəsində
yaratdığı məhsullar da yumşaq güc arsenalını
genişləndirir. Kino sənayesində milli hekayələrin
beynəlxalq festivallarda təqdimatı ölkənin mədəni
təsir dairəsini artırır. Dövlət bu sahəyə
də strateji yanaşma tətbiq edir. Audiovizual məhsullar
vasitəsilə ölkənin modern həyatı, inkişaf
dinamikası və milli kimliyi dünyaya tanıdılır.
Bu, Azərbaycanın qlobal informasiya mühitində öz
narrativini formalaşdırması üçün
mühüm addımdır. Azərbaycanın dövlətçilik
tarixinin filmlərlə və sənədli layihələrlə
təqdim olunması isə yumşaq gücün ideoloji əsasını
genişləndirir. Bu narrativlər ölkəni həm
regionda, həm dünyada stabil və sabitlik yaradan aktor kimi
göstərir.
Mədəni diplomatiya, eyni zamanda, diasporla əlaqələrin
gücləndirilməsinə də xidmət edir.
Dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar yumşaq gücün ön xəttində
duran aktorlardan biridir. Diaspor təşkilatlarının mədəni
tədbirlər vasitəsilə Azərbaycanı təbliğ
etməsi ölkənin qlobal nüfuzunu artırır. Dövlət
diaspor siyasətinə sistemli yanaşma tətbiq edir. Mədəni
tədbirlər həm də azərbaycanlı icmalar
arasında birlik və identiklik hissini gücləndirir. Bu
birlik Azərbaycan haqqında xarici auditoriyada formalaşan təsəvvürlərə
birbaşa təsir göstərir. Yumşaq gücün
davamlılığı üçün diaspor siyasətinin
güclü institusional dəstəyə malik olması
vacibdir.
Azərbaycanın yumşaq güc strategiyasının
yeni mərhələsi
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
həyata keçirdiyi mədəni bərpa siyasəti
yumşaq gücün yeni mərhələsidir. Qarabağda bərpaolunan
abidələr, qurulan mədəniyyət mərkəzləri
və keçirilən beynəlxalq tədbirlər ölkənin
yenidənqurma gücünü nümayiş etdirir. Bu
addımlar Azərbaycanın münaqişədən sonra
qurucu dövlət kimi mövqeyini gücləndirir.
Qarabağın dünya mədəniyyət xəritəsinə
qaytarılması yumşaq güc strategiyasının
uzunmüddətli nəticələrini formalaşdırır.
Burada aparılan işlər təkcə infrastruktur deyil, həm
də mədəni kimliyin bərpası prosesidir. Bu proses Azərbaycanın
sülh və inkişaf konsepsiyasını dünyaya göstərən
ən güclü mesajlardan biridir. Qarabağda təşkil
olunan beynəlxalq tədbirlər Azərbaycanın regional mədəniyyət
mərkəzinə çevrilməsi istiqamətində
mühüm rol oynayır.
Bütün bu addımlar göstərir ki, Azərbaycan
yumşaq gücü təsadüfi tədbirlər toplusu kimi
deyil, dövlət siyasətinin ayrılmaz hissəsi kimi həyata
keçirir. Mədəni diplomatiya həm ölkənin qlobal
mövqeyini möhkəmləndirir, həm də milli
identikliyin beynəlxalq səviyyədə tanınmasına
xidmət edir. Dövlət yumşaq gücü şaxələndirməklə
öz strateji maraqlarını daha geniş əhatə dairəsində
müdafiə etmək imkanları əldə edir. Bu strategiya
Azərbaycanı həm regionda, həm də qlobal müstəvidə
modern, sabit və mədəni irsə sahib güclü
dövlət kimi təqdim edir. Ən önəmlisi, ölkənin
yumşaq güc siyasəti davamlı, planlı və dövlətçilik
fəlsəfəsi ilə uyğundur.
Hərbi And .- 2025.- 21 noyabr(№44).-S.8.