Zəfər
Günündə keçirilən parad Vətən
keşikçilərinin layiqli xidməti davam etdirdiyini
göstərir
1990-cı illərin əvvəlində ölkədə
hökm sürən siyasi hərc-mərclik bütün sahələrə
mənfi təsir göstərmişdi. Ermənistanın da
bundan istifadə edərək ərazi iddiasını daha da
gücləndirməsi və işğal fəaliyyətinə
başlaması vəziyyəti daha da qəlizləşdirmişdi.
Həmin dövrlərdə Azərbaycanda ordu yox vəziyyətində
idi, kütləvi surətdə zabit və silah-sursatı
çatışmazlığı hökm sürürdü.
Buna baxmayaraq, Azərbaycan oğulları əlində olan
silahla, yeri gələndə sinəsini sipər edərək
Vətənin müdafiəsinə qalxaraq düşmənlə
başa-baş mübarizə aparırdılar. Lakin bir məsələ
də var idi: Ermənistan bu qanunsuz əməlində tək
deyildi. Ermənistanı silahlandıran, törətdiyi cinayətləri
dəstəkləyən ölkələr var idi. Bütün
bunlara baxmayaraq, Azərbaycan Ordusu həmin dövrdə bir
sıra uğurlu əməliyyatlar da keçirməyə nail
oldu. Təəssüf ki, bu, işğal prosesinin
qarşısını almağa yetmədi.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanın
Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Vahid
Quliyev deyib.
V.Quliyev bildirib ki, Ulu Öndər ikinci dəfə
hakimiyyətə qayıtdıqdan sonra ağır vəziyyətə
olan ölkəni ayağa qaldırmaq, iqtisadiyyatımızı
gücləndirmək istiqamətində islahatlar həyata
keçirdi. Dövlətin təhlükəsizliyinin və
suverenliyinin təminatçısı olan ordunun təkmilləşdirilməsi
istiqamətində tədbirlər ön planda idi. Prezident
İlham Əliyevin hakimiyyəti dövründə ordu
quruculuğu yeni mərhələyə qədəm qoydu. Təbii
ki, ordunun formalaşmasında qardaş Türkiyənin də
rolu böyük oldu. Ordumuz NATO standartları səviyyəsində
inkişaf etdi.
Ekspertin sözlərinə görə, Azərbaycan
xalqı, Azərbaycan dövləti işğal faktı ilə
barışmamışdı. Qarabağ
düyününün sülh yolu ilə həlli
üçün danışıqlar aparılırdı. Bir
yandan da ordunun gücləndirilməsi istiqamətində tədbirlər
davam edirdi. Uzun illər görülən işlər öz bəhrəsini
döyüş meydanında göstərdi. Əvvəlcə
2016-cı il Aprel döyüşlərində Azərbaycan
Ordusu düşmənə nəyə qadir olduğunun xəbərdarlığını
verdi. Ondan sonra bir neçə dəfə təxribat törədən
düşmən hər dəfə ağır məğlubiyyətə
düçar oldu. Nəhayət 2020-ci ildə cəmi 44
günə düşmənin dizini yerinə gətirən Azərbaycan
Ordusu torpaqlarımızı azad edərək xalqımıza
çoxdandır gözlədiyi şad xəbəri verdi.
Kapitulyasiya aktı imzalamağa məcbur olan düşmən
Ağdam, Kəlbəcər və Laçını bir
güllə atılmadan geri qaytarmağa məcbur oldu.
Həmin tarixi Qələbədən bir ay sonra
keçirilən Zəfər paradı qələbəmizi həzm
etməyənlərə verilən möhtəşəm cavab
oldu. Lakin bir məsələ də var idi. O zaman
torpaqlarımız darmadağın idi, Ermənistan ordusunun
tör-töküntüləri hələ də o ərazilərdə
qalmışdı. 2023-cü ilin sentyabrında 23 saat 43 dəqiqəlik
antiterror tədbirləri ilə həmin qanunsuz erməni
qruplaşmaları zərərsizləşdirildi, suverenliyimiz
tam bərpa olundu. Ona görə də noyabrın 8-də
Bakının Azadlıq meydanında Vətən müharibəsində
Qələbənin beşinci ildönümünə həsr
olunmuş Hərbi parad tamam başqa məna ifadə edir.
Çünki həm, ərazi bütövlüyümüz və
suverenliyimiz tam bərpa olunub, həm də həmin torpaqlarda
abadlıq-quruculuq işləri davam edir və oradan doğma
sakinlərin nəfəsi gəlir. "Paradda havada, dənizdə
və quruda istifadə olunan yeni texnika, silah və
avadanlıqları gördük. Həmin gün müasir tələblərə
cavab verən dördüncü nəslə aid silahlar, raketlər,
texnikalar, təyyarələr, artilleriya qurğuları,
pilotsuz uçuş aparatları və s. nümayiş olundu.
Həmçinin, yeni yaradılan qoşun növü -
İnsansız Sistem Qoşunları paradda keçid etdi. Bu,
onu göstərir ki, ordumuz ən müasir silahlarla təchiz
olunur, kadr potensialı daha da artırılır, daha
güclü döyüş qabiliyyətinə malikdir.
Paradın gedişatında Prezident İlham Əliyev
bir sıra məsələlərə də eyham vurdu,
Xocalı qatillərinə müəyyən mesajlar göndərdi.
Vaxtilə erməni hərbi-siyasi rəhbərliyinin səsləndirdiyi
“tanklarımız Bakı küçələrində
olacaq”, “Bakıda çay içəcəyik” kimi cəfəng
iddiaları xatırladan ölkə başçısı
dedi: "Əslində, onların bu arzuları həyata
keçdi. Onları biz gerçəkləşdirdik.
Onların tankları bu gün Hərbi Qənimətlər
Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları
bu gün Bakıda məhkəmə qarşısında cavab
verirlər və istintaq təcridxanasında Azərbaycan
çayını içirlər."
Ümumilikdə, Zəfər Günü keçirilən
parad ordumuzun ayıq-sayıqlığını itirmədiyini,
Vətən keşikçilərinin layiqli xidməti davam
etdirdiyini, ərazi bütövlüyümüzün əmin əllərdə
olduğunu göstərir. Paradı izlədikcə qürur
duydum", - deyə Azərbaycanın Milli Qəhrəmanı
fikirlərinə yekun vurub.
Hərbi And .- 2025.- 21 noyabr(¹44).-S.3.