Azərbaycanda
müasir silahlarla təchiz olunmuş ordu yaratmaq istiqamətində
mühüm addımlar atılır
Son illərdə dövlət büdcəsindən Azərbaycan
Silahlı Qüvvələrinə ayrılan vəsait
artıb. Noyabrın 8-də Azadlıq meydanında
keçirilmiş hərbi paradın əvvəlkilərdən
fərqi Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin
sayının çox olması idi. İstər 2016-cı ilin
aprel döyüşlərində, istərsə də Vətən
müharibəsində biz onların sayının
artmasının şahidi olduq. Eyni zamanda Azərbaycan Ordusunun
2016-cı ildə ilk dəfə istifadə etdiyi dronlar 44
günlük müharibəsində çox uğurlu şəkildə
tətbiq olundu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi
ekspert Tərlan Eyvazov söyləyib.
Onun sözlərinə görə, sonralar bu istiqamətdə
işlər davam etdirilib. Komando qüvvələrinin
yaradılması və onların sayının
artırılmasına diqqət artırılıb. Bu
2023-cü ilin sentyabrında keçirilmiş bir günlük
lokal xarakterli antiterror tədbirlərində özünü
müvəffəq şəkildə göstərib. 2023-ci ildən
indiyədək hər il yeni silahlar alınmaqdadır: “Biz,
yalnız Müdafiə Nazirliyində deyil, digər güc
strukturlarında da - Daxili Qoşunlarda, Sərhəd
Qoşunlarında, kəşfiyyat və əks kəşfiyyat
qurumlarında xüsusi təyinatlı qüvvələrin,
komanda hərbi hissələrinin sayının
artırılmasının şahidi olduq. Bunun bariz nümunəsini
Azadlıq meydanındakı hərbi paradda gördük.
Bundan başqa, Azərbaycan Silahlı Qüvvələri
hərbi dronların tətbiqi sahəsindəki üstün
mövqeyini qoruyub saxlamaqdadır. Paradda İnsansız Sistem
Qoşunları tərəfindən Ordumuzun pilotsuz
uçuş aparatları və digər insansız vasitələr
təqdim edildi. İsraildən hərbi hava qüvvələrinin
arsenalına daxil olan yeni nəsil qurğular alınıb. Həmçinin
“Bayraktar Akıncı” pilotsuz döyüş aparatlarının
alınması üçün Türkiyə ilə
imzalanmış müqavilələr uğurla icra olunur”.
Hərbi ekspert qeyd edib ki, hərbi hava qüvvələrinin
silah arsenalına “JF-17” çoxməqsədli yeni
qırıcı təyyarələr də daxil olub: “Çin
və Pakistanın birgə istehsalı olan bu təyyarələr
digərlərinə nisbətən daha kiçik, mobil, ucuz və
müasirdir. Silahlanmaya yeni qəbul edilmiş və sürətlə
hərəkət edən dəniz hədəflərini vura bilən
KAYRA - kamikadze tipli suüstü dəniz vasitəsi Ordumuza dəniz
əməliyyatlarında əlavə taktiki imkanlar qazandırır.
Paradda Vətən müharibəsində sınaqdan
keçirilmiş “LORA” əməliyyat-taktiki raket sistemlərinin
keçidi oldu. Silahlanmaya yeni qəbul edilmiş uzaqmənzilli
“NORA” artilleriya sistemləri NATO standartlarına uyğundur”.
T.Eyvazov bildirib ki, paradda təqdim olunan 155 millimetrlik
uzaqmənzilli “DİTA” özüyeriyən artilleriya sistemləri
döyüş sahəsinin tələblərinə uyğun
olaraq texnikanın dəqiq zərbə vurmaq imkanlarını
artırır. Ordumuzun kifayət qədər mobil və
stasionar havadan müdafiə qurğuları mövcuddur. Buna
baxmayaraq, paradda göstərilən və silahlanmaya yeni qəbul
edilmiş “HQ-9” uzaqmənzilli zenit-raket kompleksi Azərbaycanın
hava məkanının etibarlı müdafiə qabiliyyətinin
təcəssümüdür.
Bütün bu silahları, qurğuları və
avadanlıqları təhlil edərək Azərbaycan Ordusunun
hərbi texnikaların alınmasında kəmiyyətdən
keyfiyyətə yönəldiyi qənaətinə gəlmək
olar. Beləliklə, ölkəmizdə daha peşəkar və
müasir silahlarla təchiz olunmuş ordu modeli yaratmaq istiqamətində
yeni addımlar atılır.
“Ordumuzun Hava Hücumundan Müdafiə
Qoşunlarının arsenalına müxtəlif ölkələrdən
alınmış stasionar və qeyri-stasionar mobil
qurğuları daxil olduğundan Azərbaycanın aviasiya sahəsində
artıq MDB-də qabaqcıl ölkələr arasında
olduğunu görərik. Odur ki, ölkəmizin hava məkanına
hər hansı hərbi müdaxilə olunarsa, Hərbi Hava
Qüvvələrimiz təyyarə hücumlarının və
raket zərbələrinin qarşısını çevik
ala biləcək. Eləcə də, İsraildən və
Türkiyədən pilotsuz uçuş aparatlarının
(PUA) həm alınması, həm də Azərbaycanda birgə
istehsalı çox uğurla davam edir”, - deyə T.Eyvazov
vurğulayıb.
Hərbi And .- 2025.- 21 noyabr(¹44).-S.3.