Naxçıvanda hərbi təhsil

 

Doğrulan ümidlər, yetişən gənclik, yeni hədəflər...

 

Azərbaycan tarixinin parlaq səhifəsi olan şanlı Zəfərin qazanılmasından 5 il ötür. Ötən 5 ildə Böyük Qayıdışın şahidləri olduq. Düşmənin 30 ilə yaxın viran qoyduğu binaların kərpic-kərpic yenidən qurulması başlandı, yollar salındı, insanlar öz yurd-yuvalarına döndülər və bu proses hələ də davam edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan kompleks tədbirlər yurd həsrəti çəkmiş insanların rahat, təhlükəsiz yaşayışına hesablanıb. Mövcud binaların bərpası, tikilən yeni binalar, tarixi abidələrin mühafizəsi, milli və dini dəyərlərin qorunması, bütövlükdə zəruri infrastrukturun qurulması istiqamətində atılan addımlar "Böyük Qayıdış" proqramının uğurlu icrası olmaqla yanaşı, hər bir vətəndaşı gələcəyə daha böyük ümidlərlə baxmağa səsləyir.

Ümidləri gerçəkləşdirən rəşadətli ordu

Hər bir dövlətin əsas sütunlarından biri də ordu quruculuğudur. Rəşadətli ordu həm də müstəqilliyin qarantıdır. 1988-ci ildən başlayaraq ölkəmizdə baş verən hadisələr, yaşanan Qanlı Yanvar faciəsi, Xocalı soyqırımı və torpaqlarımızın işğalı qüdrətli ordu quruculuğunu şərtləndirirdi. Lakin həmin dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından bu proses ləngimiş, torpaqların müdafiəsi pərakəndə şəkildə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Həmçinin şəxsi mənafelərə qulluq edən ayrı-ayrı silahlı dəstələr vardı. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra - 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında Qərar qəbul etdi. Bununla da muxtar respublikada ilk milli ordu birləşmələri yaradıldı, Naxçıvanın müdafiə potensialının yaxşılaşdırılması üçün tədbirlər görülməyə başlanıldı və bu diyarın etibarlı müdafiəsinin təmin olunmasına ciddi önəm verilməsi prioritet vəzifəyə çevrildi. Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra hərbi sahəni daim diqqət mərkəzində saxlamış, ordunun qısa zamanda komplektləşdirilməsinə nail olmuşdur. Yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratmışdır.

Peşəkar ordunun yolu hərbi təhsildən keçir

Vahid komandanlıq altında formalaşan milli ordu Ulu Öndərin müqəddəs arzularını gerçəkləşdirdi. Şanlı zəfər tarixi yazan rəşadətli ordumuz, xalqımızın 30 ilə yaxın həsrətinə, ağrısına, acısına son qoydu. Bu gün qalib ordumuzun sıralarında xidmət etmək istəyən gənclərin sayı gündən-günə artmaqdadır.

Milli ordunun qısa zamanda peşəkar şəkildə formalaşması uzaqgörən siyasətin bəhrəsi idi. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra, onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Ulu Öndər hələ 70-ci illərdə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Təmayüllü Məktəbi yaradanda da Azərbaycanın müstəqil gələcəyini hədəfləmişdi. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Bunun ifadəsidir ki, müstəqilliyimizin qorunmasında, habelə milli ordu quruculuğunda həmin məktəbin məzunları böyük xidmətlər göstərdilər.

 

Naxçıvanda hərbi təhsil

Müstəqillik dövründə milli ordu quruculuğu dövlətin əsas prioritetlərindən biri elan edildi. Bu isə öz növbəsində, hərbi təhsil sisteminin dövrün çağırışlarına uyğun təkmilləşməsini şərtləndirirdi. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri, Naxçıvanda bir ilk olaraq hərbi təmayüllü məktəbin yaradılması oldu. Dahi Rəhbər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə fəaliyyətə başlayan məktəb tez bir zamanda gəncləri ətrafına topladı. Görkəmli dövlət xadimi Heydər Əliyev həmin il Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında kursantlarla görüşür, xeyir-duasını verərək deyir: "Özünü bu peşəyə həsr edən bir Azərbaycan gənci bütün gənclərdən yüksəkdə durur, bütün gənclərdən qiymətlidir. Çünki müstəqil dövlətimiz, müstəqil Azərbaycan yaşamalıdır, inkişaf etməlidir. Onun bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır. Olmalıdır ki, dünyada məşhur olan və dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi, müstəqil Azərbaycanın özünün də hərbi sərkərdələri olsun. Tam inanıram ki, Azərbaycan gəncləri içərisindən yaxın gələcəkdə belə sərkərdələr çıxacaqdır".

Azərbaycan Ordusunun peşəkar hərbi kadrlara olan tələbatını ödəmək məqsədilə yaradılan Naxçıvan filialı çox keçmir ki, özünü doğruldur. Dövlət başçısı İlham Əliyevin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə fəaliyyətinin yeni mərhələsinə qədəm qoyan Naxçıvan Hərbi Liseyi yaradıcısı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin adını daşıyır. Bu gün liseyin 4 minə yaxın məzunu silahlı qüvvələrimizin bütün birləşmə və bölmələrində öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Düşmənin cəbhə boyu törətdiyi təxribatların qarşısının alınmasında, eləcə də Aprel döyüşlərində hünər göstərən məzunlar sırasında şəhidlik məqamına yüksələnlər də var. Örnək göstərilən məzunlar yetişən kursantlar üçün vətənpərvərlik məktəbi olub. Bu məktəbi bitirənlər isə torpaqlarımızın işğaldan azad edilməsində iştirak etdilər.

Naxçıvanda ikinci hərbi təhsil müəssisəsi - gələcəyə hesablanmış hədəflər

Vətən müharibəsində qazanılan parlaq qələbə ordu quruculuğunun və hərbi təhsil sisteminin yeni mərhələsini müəyyənləşdirdi. Azərbaycan Ordusunun yeni standartlara uyğunlaşdırılması və hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradıldı. Hazırda ölkəmizdə hərbi təhsil Milli Müdafiə Universiteti tərəfindən koordinasiya olunur. Silahlı Qüvvələrin Hərbi Akademiyasının bazası əsasında iki müstəqil institut - Hərbi Elmi Tədqiqat İnstitutu və Hərbi İdarəetmə İnstitutu yaradıldı. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib.

Qalib ordunun davamlı olaraq peşəkar kadrlarla təminatı, gənclərin hərb sahəsinə marağını nəzərə alaraq orta ixtisas təhsil müəssisələrinin yaradılması məqsədilə hərbi təhsil sistemində daha bir əhəmiyyətli qərar qəbul olunub. "Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli Fərmanına əsasən, Milli Müdafiə Universitetinin tabeliyində Bakı, Gəncə və Naxçıvan şəhərlərində hərbi kolleclər yaradılıb.

Naxçıvan Hərbi Kolleci - gələcəyin peşəkar kadrları

2024-2025-ci tədris ilindən fəaliyyətə başlayan Naxçıvan Hərbi Kolleci müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsili və əlavə təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir. Kollec ən son texnologiyalarla təchiz edilmişdir və burada informasiya texnologiyaları, xarici dillərin tədrisinə xüsusi önəm verilir. İkiillik təhsil müddətini başa vuran kursantlar gizir kimi Azərbaycan Ordusunun hərbi hissə və bölmələrində xidmətə başlayacaqlar.

 

Ordu quruculuğunu daim prioritet məsələ kimi diqqətdə saxlayan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qayğısı sayəsində hərbi təhsilin maddi-texniki bazası dünya standartlarına uyğun qurularaq, hər keçən gün möhkəmlənir. Peşəkar hərbi kadr kimi formalaşdırılan gənclər, başda qardaş Türkiyə olmaqla, dünyanın bir çox dövlətlərində əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına da cəlb edilərək, dünya ordularının təcrübəsi ilə praktiki şəkildə tanış olurlar.

Yüksək təhsil, peşə sevgisi və rəşadətli ordu sıralarında xidmət etmək şərəfi gənclərin bu sahəyə marağını artırmaqla yanaşı, onların peşəkar kadr kimi formalaşmasına da təminat verir. Peşəkarlıq isə hər bir işin uğur yoludur.

Təhsil alan gənclərin qarşısında dayanan əsas vəzifə şəhid qanı ilə suvarılan bu torpaqları göz bəbəyi kimi qorumaq, verilən əmanətə sahib çıxmaqdır. Müstəqil və suveren ölkəmizin daim var olması naminə!

 

Ruhiyyə Rəsulova

Hərbi And .- 2025.- 28 noyabr(№45).-S.15.