Dövlətin dağlara
dönüşü…
25 Noyabr! Beş ildir bu təqvim günü,
bizimçün adilikdən çıxıb – Kəlbəcərin
qurtuluş günü, Kəlbəcər Şəhəri
Günü kimi yeni məzmun daşıyır. Mübarək
olsun! Bu gün Kəlbəcər bir növ Azərbaycanın
dağlarda qurulan yeni modeli kimi görülməyi haqq edir.
Deyirlər, “Kəlbəcər” adının
anlamında “Gəl, becər”, başqa bir düşüncəyə
görə “Çay üstü qala” dayanır. Olsun! Tərtər
çayı boyunca qayalarda düzülmüş mağaralar,
min illərlə tarixi olan yaşayış izləri, qədim
qaya təsvirləri, o cümlədən qədim türk
(“runik”) işarə örnəkləri diqqətəlayiqdir,
tarixəlayiqdir, gələcəyəlayiqdir…
Kəlbəcər Azərbaycanın ən yüksək
dağ şəhəridir. Kəlbəcərin
Camışdağ, Dəlidağ zirvələri coğrafi
yüksəklik faktı ilə birgə, ulusumuzun dik duruş
iradəsinin qayalaşmış formasını təcəssüm
etdirir...
Kəlbəcər həm də strateji
qovşaqdır: günbatarda Göyçə, Göyçəçevrəsi,
quzeydə Daşkəsən-Göygöl, gündoğarda
Qarabağ ilə həmhüdud olan Kəlbəcərə nəzarətin
bərpası ölkəmizin müdafiə sistemində bel
sütununa nəzarət deməkdir.
1993-cü ilin 2 aprelində Kəlbəcər
işğal olunanda dünya zalımcasına susdu. BMT Təhlükəsizlik
Şurasının 822 saylı qətnaməsi
işğalçı qoşunların Kəlbəcərdən
dərhal çıxmasını tələb etsə də,
nə İrəvan buna əməl etdi, nə də beynəlxalq
təşkilatlar bu tələbə gerçəkçi
siyasi mexanizm qazandırdı. Sonucda yüzlərlə dinc
sakin qətlə yetirildi, yüzlərlə insan əsir, girov
və itkin düşdü, on minlərlə kəlbəcərli
respublikamızın onlarca rayonuna səpələnmiş
şəkildə “məcburi köçkün”lük yaşamına
keçmiş oldu...
Amma tarix təkcə ədalətsizliklə
yazılmır, əlbəttə. Əlbəttə, 2020-ci
ilin Vətən müharibəsi göstərdi ki, zamanı
ulusun iradəsi tamamlayanda “həmişəlik itki” deyilən
anlayış yoxdur, yoxdur, illa yoxdur!
Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyev Vətən müharibəsində Kəlbəcərin
rolunu özəlliklə vurğulayırdı. – Bəli,
müharibənin ilk günlərindən Kəlbəcərin
quzey bölümündə strateji yüksəkliklərin
götürülməsi Ermənistan ordusunun manevr
imkanlarını məhdudlaşdırdı, Basarkeçər–Kəlbəcər
xəttindən istifadəni sıfırladı. Yəni Zəfər
həm də Kəlbəcər dağlarında hesablandı,
o dağlarda qazanılan üstünlük cəbhənin digər
sahələrində hərbi və siyasi sonuclar doğurdu.
10 noyabr 2020-ci il tarixli bəlli Üçtərəfli
Bəyanata əsasən, Kəlbəcər 15 noyabrda öz yiyəsinin
- Azərbaycan dövlətinin bayrağı altına
keçməliydi, lakin işğalçılar öz
yaramazlığını burada bir daha göstərdi – dəridən-qabıqdan
çıxdı – çıxış üçün
xahiş-minnətlə daha 10 gün vaxt istədi, bunu yerləşdirmə,
daşınma və s. ilə bağladılar. Bax, bu, konkret
erməni həyasızlığı, bu həyasızlığın
hədd-hüdud tanımamasıydı. Guya xahişə
üzləri varıymış… Biz isə qalib eqosu yox, qalib ləyaqəti,
Azərbaycan şərəfi nümayiş etdirdik,
yıxdığımızı kəsmədik, vaxt verdik və
25 noyabrda nəhayət rədd olub getdilər. Kəlbəcərin
öz doğma Azərbaycan bayrağına bürünməsi
savaş meydanında qazanılan ləyaqətli
üstünlüyün diplomatik masada təsdiqi idi. Lakin
işğalçıların Kəlbəcərdən
çıxarkən evləri, bağları yandırması,
meşələri qəsdən məhv etməsi, ümumən
flora və fauna talançılıqları onların həm
işğalçı, həm də vandal kimliyinin son
nümayişi oldu. Evini yandırıb gedən tərəfin
bu torpağa aidiyyəti yoxdur; o torpaq evini bərpa edən
ulusundur – bu düz-dünyanın gördüyü gerçəklik
oldu.
Bu gün 25 noyabr – Kəlbəcər Şəhəri
Günü – artıq Şanlı Zəfərin təqvimdə
təcəssüm formalarından biridir. “Kəlbəcərin
azad olunmasına görə” medalının təsis edilməsi
və minlərlə hərbçimizin bu medalla təltif
olunması isə Kəlbəcər adını dövlət
mükafatları səviyyəsində əbədiləşdirdi.
Kəlbəcərin bu gününə baxanda
düşmən dağıntısının,
talanının səviyyəsini (səviyyəsizliyini!)
gördüyümüz kimi, bərpa-quruculuq işinin tamam
yeni konseptini görürük. 2040-cı ilədək Kəlbəcər
şəhərinin Baş Planı, şəhər ərazisinin,
əhali sayının, sosial infrastrukturun dəfələrlə
artmasını, hətta adambaşına neçə
kvadrat-metr yaşıllıq sahəsi düşəcəyini
belə nəzərdə tutur. Budur, dağ şəhərimiz
Kəlbəcərin adı çəkiləndə sinəmizə
sağ çəkilmir – o, artıq “yaşıl şəhər”
konseptinin dağlarqoynundakı vitrin örnəyidir.
Kəlbəcər şəhər mərkəzi ilə
yanaşı Yanşaq, Zallar, Zar kimi kəndlərin yeni layihələri
ilə də dirçəlir. Onlarla, yüzlərlə fərdi
ev, məktəb və bağça bərpa prosesini
kağızdan çıxarıb gerçək ailə, ocaq
yaşamına çevirir. Prezident İlham Əliyevin Kəlbəcərə
qürur dolu səfərləri, yaşayış komplekslərinin
açılışında məcburi köçkün ailələrinə
mübarək açar təqdimləri bu prosesin həm
simvolik, həm də ondan irəli praktik dövlətçilik
addımı olduğunu göstərir.
İnfrastruktur xəritəsinə baxanda isə Kəlbəcərin
sabahı daha aydın görünür. Toğanalı–Kəlbəcər–İstisu
avtomobil yolu, möhtəşəm Murovdağ tuneli,
irili-xırdalı onlarla körpü, energetika obyektləri Kəlbəcəri
həm ölkənin quru yollar şəbəkəsinə, həm
də yaşıl enerji strategiyasına möhkəm
bağlayır. Kiçik su elektrik stansiyalarının (“Kəlbəcər-1”,
“Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”,
“Aşağı Vəng”, “Nadirxanlı”, “Çaykənd” və
başqalarının) ardıcıl istifadəyə verilməsi
dağ çaylarının axarını həm də milli
enerjiyə yönəldir...
İstisu isə ayrıca bir simvoldur. Bir vaxtlar
dağıdılmış sanatoriya bu gün
çağdaş müalicə-istirahət kompleksi, minlərlə
turist üçün ünvan, “İstisu” mineral su zavodu əsasında
bir Azərbaycan brendinə çevrilir. Yəni indi Azərbaycan
Kəlbəcərdən suyu ilə, havası ilə, enerjisi
ilə, sağlamlıq turizmi ilə birgə danışa
bilir.
Bu gün Kəlbəcərdə tuneldən
çıxan hər maşın, açarı təqdim
olunan hər yeni ev, açılan hər məktəb
qapısı, işə düşən hər su elektrik
stansiyası… eyni həqiqəti söyləyir:
Azərbaycan Kəlbəcərdə öz gələcəyini
dağların yaddaşına silinməz şəkildə həkk
etdi!
25 noyabr – Kəlbəcər Şəhəri
Günü mübarək olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Hərbi And.- 2025.- 28 noyabr(¹45).- S.12.