Kəlbəcər
Şəhəri Günü tarixi qayıdışın, mədəni
irsin və zəfərin rəmzidir
Azərbaycanın ən qədim yaşayış məskənlərindən
biri olan Kəlbəcər bölgəsi zəngin təbiəti,
mineral suları, dağlıq landşaftı və arxeoloji tapıntıları
ilə seçilir. Tarixi mənbələrə əsasən,
Kəlbəcər ərazisi hələ antik dövrdən
etibarən müxtəlif tayfaların məskunlaşdığı
mühüm strateji bölgələrdən olub. Bölgədəki
Xudavəng monastır kompleksi, Lev çayı vadisindəki
kurqanlar, hərb tarixinə aid qalalar, aşıq sənətinin
canlı ənənələri Kəlbəcərin mədəni
və tarixi dəyərinin yalnız bir hissəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında
Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, 1993-cü ildə Kəlbəcərin
işğalı bölgənin tarixində ağır bir faciədir.
Bu faciə nəticəsində minlərlə sakin doğma
yurdunu tərk etməyə məcbur olub, yüzlərlə
tarixi abidə dağıdılıb, təbii sərvətlər
isə talan edilib. Lakin bütün çətinliklərə
baxmayaraq, kəlbəcərlilər öz doğma
torpaqlarına qayıdacaqları günü səbirsizliklə
gözləyiblər. “İşğal zamanı rayonun 511 dinc
sakini öldürülüb, 321 nəfəri əsir
götürülüb və itkin düşüb. Kəlbəcərin
əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində
müvəqqəti məskunlaşmağa məcbur olublar.
İşğal nəticəsində yüzlərlə tarixi
mədəniyyət abidəsi, məktəb, uşaq
bağçası, kitabxana, mədəniyyət evi, muzey, xəstəxanalar
və digər infrastrukturlar talan edilib, dağıdılıb
və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana
daşınıb.
Nəhayət Azərbaycan Silahlı Qüvvələrinin
qətiyyəti və Ali Baş Komandan İlham Əliyevin
siyasi iradəsi nəticəsində 2020-ci il noyabrın 25-də
Kəlbəcər sülh yolu ilə Azərbaycana
qaytarılıb. Kəlbəcər şəhəri də
daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi
işğaldan azad edilib. Lakin ermənilər bu ərazini tərk
edərkən, ətraf mühitə ciddi ziyan vurub, biomüxtəlifliyi
məhv edib və meşələri yandırıblar.
Noyabrın 25-i isə yaddaşlarda Kəlbəcər tarixində
dönüş nöqtəsi kimi qalıb. Prezident İlham
Əliyevin müvafiq sərəncamları ilə Kəlbəcər
rayonunun işğaldan azad edilməsi uğrunda aparılan
döyüş əməliyyatlarında iştirak edərək
şəxsi igidlik və şücaət nümayiş
etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
yüzlərlə hərbi qulluqçusu “Kəlbəcərin
azad olunmasına görə” medalı ilə təltif olunub. Həmçinin
dövlətimizin başçısının müvafiq Sərəncamı
ilə Azərbaycan Respublikasının işğaldan azad
edilmiş əraziləri üzrə şəhər günləri
təsis edilib. Sözügedən Sərəncama əsasən
noyabrın 25-i Kəlbəcər Şəhəri Günü
kimi müəyyənləşib. Bu gün yalnız tarixi
qayıdış günü deyil, eyni zamanda, Azərbaycanın
suverenliyinin gücünü, xalqımızın birliyini və
iradəsini, şəhidlərimizin müqəddəs xatirəsini,
Kəlbəcərin bərpasına başlanılan yeni
inkişaf mərhələsini simvolizə edir. Bu gün hər
bir azərbaycanlı üçün qələbə ruhunun,
torpaq sevgisinin və vətənə
bağlılığın rəmzidir”, - deyə deputat
vurğulayıb.
Hazırda Kəlbəcər rayonu üzrə
genişmiqyaslı bərpa-quruculuq layihələrinin həyata
keçirildiyini xatırladan P.Vəliyeva bildirib ki, bölgədə
yeni yollar, tunellər və körpülər inşa olunur.
“Xüsusilə Laçın–Kəlbəcər və Tərtər–Kəlbəcər
avtomobil yolları bölgənin strateji əhəmiyyətini
daha da artırır. Həmçinin İstisu kurort kompleksinin
bərpası regionun turizm potensialını canlandırır.
Bu gün Kəlbəcərdə yeni yaşayış məhəllələri,
təhsil və səhiyyə infrastrukturu tikilir, tarixi və
dini abidələrin bərpa və konservasiya proqramları həyata
keçirilir. Bütün bu layihələr Kəlbəcərin
gələcəkdə Cənubi Qafqazın mühüm turizm
və mədəniyyət mərkəzlərindən birinə
çevriləcəyini göstərir.
Kəlbəcər artıq böyük
qayıdışın təcəssümünə
çevrilib. Bura qayıdan hər bir vətəndaş tikinti
və quruculuqda iştirak etməklə həm tarixə, həm
də gələcək nəsillərə öz töhfəsini
verir. Azərbaycan dövləti Kəlbəcəri yalnız bərpa
etmir, onu müasir və inkişaf etmiş bir region kimi yenidən
qurur. Bu isə gələcək illərdə bölgənin
sosial-iqtisadi inkişafının daha da sürətlənəcəyinə
zəmin yaradır.
İşğaldan azad edilmiş Kəlbəcər bu
gün yeni həyatını yaşayır – inkişaf, yenidənqurma,
dirçəliş və böyük gələcək
yolunda inamla irəliləyir. Böyük qürur və fəxr
hissi ilə deyə bilərik ki, 25 Noyabr – Kəlbəcər
Şəhəri Günü tarixi qayıdışın, mədəni
irsin və zəfərin rəmzidir”,- deyə deputat əlavə
edib.
Hərbi And.- 2025.- 28 noyabr(¹45).- S.4.