Zəfər salnaməsində
Kəlbəcər: Müzəffər Ali Baş Komandanın rəhbərliyi
ilə dirçələn bölgə
Tarixi Zəfərimizin beş ilinin fonunda sentyabrın
27-dən başlayaraq qeyd etdiyimiz şəhər günləri
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Ordumuzun göstərdiyi qəhrəmanlığı,
şücaəti bir daha nümayiş etdirir. 44 günün hər
günü tariximizə Zəfər günləri kimi
yazılıb. Vətən müharibəsində əldə
etdiyimiz Qələbə nəticəsində imzalanmış
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən
Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil
verildi. İyirmi yeddi ildən artıq müddətdə
işğal altında qalan Kəlbəcər Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və
müdrik siyasəti, qəhrəman ordumuzun rəşadəti
sayəsində bir güllə atılmadan azad edildi. Kəlbəcər
şəhəri də daxil olmaqla rayonun 147 yaşayış
məntəqəsi azadlığına qovuşdu.
Üçtərəfli Bəyanatın şərtlərinə
əsasən Kəlbəcərin ermənilərdən
boşaldılması işğalçının eybəcər
siması və barbarlığının, erməni vandalizminin
növbəti nümayişi oldu. Belə ki, Kəlbəcəri
boşaldan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri
və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara
qalmaması üçün evlərə, bağlara od vuranlar
öz vəhşi xislətlərini nümayiş etdilər.
Beynəlxalq ictimaiyyətin gözü qarşısında
baş verən bu vəhşiliklər bir daha erməni
vandalizmini dünya birliyinə təqdim etdi. İşğal
olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və
mülki obyektlərin dağıdılması beynəlxalq
konvensiyalara görə hərbi cinayət sayılır.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına
görə” medalı təsis edildi. Prezident İlham
Əliyevin sərəncamları ilə Kəlbəcər
rayonunun işğaldan azad edilməsi uğrunda
aparılmış döyüş əməliyyatlarında
iştirak edərək şəxsi igidlik və şücaət
nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin
azad olunmasına görə” medalı ilə təltif olunub”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli
Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat qeyd edib ki, Kəlbəcər rayonu Azərbaycanın
ən füsunkar və təbii gözəlliklərlə zəngin
bölgələrindən biridir: “Bu ərazi təkcə mənzərəli
dağ silsilələri ilə deyil, həm də nadir flora və
fauna növləri, şəfalı mineral suları,
bulaqları ilə seçilir. Bu yerlərin həm ekoloji, həm
də turizm potensialı baxımından mühüm əhəmiyyəti
vardır. Ən hündür zirvələri
Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır
(3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər
qərbdə Ermənistan, şimalda Daşkəsən,
Göygöl, Goranboy, şimali-şərqdə Tərtər,
şərqdə Ağdam, Xocalı, cənubda Laçın
rayonları ilə həmsərhəddir. “Kəlbəcər”
toponiminin mənşəyi qədim türk dilində
“çay üstündə qala” deməkdir. Yaşayış
məntəqəsinin yerləşdiyi qayada Tərtər
çayı boyunca cərgə ilə düzülmüş
qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində
30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri,
6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası
nümunələri aşkar edilib. Buradakı daş abidələr
Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin,
xristianlığın, VII əsrdən isə İslamın
yayıldığı dövrlərdə yaradılıb”.
Deputat bildirib ki, tarixi Zəfərimizdən dərhal
sonra başlanan bərpa-quruculuq işləri nəticəsində
digər azad edilmiş ərazilərimiz kimi Kəlbəcər
də həyatının yeni dövrünə qədəm
qoydu: “Kəlbəcər artıq öz daimi sakinlərini
qarşılayır. Dövlət başçısı
İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın 2021-ci ilin 16 avqust tarixində Kəlbəcərə
reallaşdırdıqları ilk səfər zamanı “Yolumuz
Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə”
söyləyən Müzəffər Ali Baş Komandan
artıq bu ilin 21 avqust tarixində Kəlbəcər şəhərinə
köçən sakinlərlə görüşüb onlara
açarları təqdim etdi. Qısa müddətdə bu
qayıdış görülən işlərin təqdimatı
oldu”.
Malik Həsənov qeyd edib ki, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı
ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək
inkişafına dair Baş planı”nı təsdiq edilib:
“Şəhərin işğala qədərki son Baş
Planında ərazisi 130 hektar, əhalisinin sayı isə 7500
nəfər təşkil etdiyi halda, 2040-cı ilədək
inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər
iki dəfədən çox artacaq. Baş plana əsasən,
şəhərin mərkəzi ortamərtəbəli
çoxmənzilli və inzibati binalardan ibarət olacaq.
Ətrafda isə fərdi yaşayış evlərinin
tikintisi aparılacaq. Ümumilikdə 2040-cı ilədək əhalinin
4250 mənzillə təmin olunması nəzərdə tutulub.
Kəlbəcər şəhərində 524 ailəlik
yaşayış məhəlləsi tikilir. Birinci mərhələdə
buraya 201 ailə köçürülür. İkinci mərhələdə
bu kompleksə 323 ailənin köçürülməsi
planlaşdırılır. Kompleksdə sakinlərin rahat
yaşayışı üçün hər cür şərait
yaradılır. Ərazidə park, istirahət guşələri,
sosial-məişət obyektləri, idman meydançaları
istifadəyə veriləcək, geniş abadlıq və
yaşıllaşdırma işləri görüləcək.
Dövlət başçısı İlham Əliyev bu ilin
avqust ayında Kəlbəcər şəhərinə səfəri
zamanı bura köçmüş 20 ailəyə mənzillərin
açarlarını təqdim etmişdi. Ümumilikdə bu
günədək Kəlbəcərə 81 ailə, 338 nəfər
köçürülüb. Genişmiqyaslı bərpa-quruculuq
işləri soydaşlarımızın mərhələ-mərhələ
doğma yurd-yuvalarına qayıdışı ilə
müşayiət olunur”.
Deputat vurğulayıb ki, işğaldan azad edilmiş
ərazilərimizin hər biri özünəməxsus iqtisadi
potensiala malikdir. Bu baxımdan Kəlbəcər turizm
imkanları ilə diqqətdədir. Kəlbəcər şəhəri
hazırda dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilir.
Hərbi And.- 2025.- 28 noyabr(¹45).- S.4.