Şanlı Zəfərin
daha bir təcəssümü – Kəlbəcər Şəhəri
Günü
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı
ilə Azərbaycan Respublikasının işğaldan azad
edilmiş əraziləri üzrə şəhər günlərinin
təsis edilməsi tarixi Qələbə günlərini əbədiləşdirdi.
Həmin Sərəncama əsasən, 25 noyabr Kəlbəcər
Şəhəri Günü kimi müəyyən olunub.
Artıq 3-cü ildir ki, hər il noyabrın 25-də Kəlbəcər
Şəhəri Günü təntənəli şəkildə
qeyd edilir. Bu gün, həmçinin Kəlbəcər
rayonunun Ermənistan silahlı qüvvələrinin
işğalından azad edilməsindən beş il
ötür. Kəlbəcərin işğaldan azad edilməsi
Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və
yenilməz Ordumuzun Vətən müharibəsindəki
uğurlu hərbi əməliyyatları nəticəsində
mümkün olub. Xatırladaq ki, Kəlbəcər rayonu
1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri
tərəfindən işğal edilmişdi.
Bu fikirləri Kəlbəcər Şəhəri
Günü ilə əlaqədar AZƏRTAC-a
açıqlamasında Demokratiya və İnsan
Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə
doktoru Çingiz Qənizadə deyib. O bildirib ki, Kəlbəcərin
işğalı nəticəsində 53 min 340 nəfər
öz yurdundan didərgin düşmüş, 55 hərbçi,
511 mülki sakin öldürülmüş, 321 nəfər əsir
götürülmüş, itkin düşmüş və
minlərlə sakin yaralanmışdır.
Hüquq müdafiəçisi Kəlbəcərin
azad olunmasından söhbət açaraq deyib ki, Azərbaycan
Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın
Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları
Bəyanata əsasən, Kəlbəcər noyabrın 15-də
Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi
ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların
rayondan çıxarılması üçün əlavə
10 gün vaxt istədi. Məlum olduğu kimi, Ermənistan
qeyri-qanuni məskunlaşdırma siyasətindən əl
çəkməyərək BMT-nin və ATƏT-in prinsiplərinə
zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində
ermənilərin məskunlaşdırılmasına
başlamışdı. Ona görə də Kəlbəcərin
boşaldılması üçün əlavə vaxt verildi.
Bununla da Azərbaycan dövləti öz humanist xarakterini bir
daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin
xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək
uzatdı.
Ç.Qənizadə Vətən müharibəsinin
ilk günlərində Kəlbəcərin şimal hissəsinin
Azərbaycan Silahlı Qüvvələri tərəfindən
işğalçılardan azad edildiyini xatırladaraq bildirib
ki, bu ərazidəki strateji yüksəkliklər
götürülərək erməni silahlı qüvvələrinin
hərəkətləri məhdudlaşdırıldı və
faktiki olaraq işğalçılar Basarkeçər-Kəlbəcər
yolundan istifadə edə bilmədilər. Yenilməz Ordumuz bəzi
istiqamətlərdə strateji nöqtələrdə nəzarəti
ələ keçirərək Ermənistan ordusunun hərəkətlərini,
demək olar ki, iflic vəziyyətə saldı. Üçtərəfli
Bəyanatın şərtlərinə əsasən, Kəlbəcərin
ermənilərdən boşaldılması zamanı törədilən
vəhşiliklər işğalçıların
barbarlığının, erməni vandalizminin növbəti
nümayişi oldu: “Kəlbəcəri tərk edən
qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri
və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara
qalmaması üçün evlərə, bağlara od vuranlar
öz vəhşi xislətlərini nümayiş etdirdilər.
Beynəlxalq ictimaiyyətin gözü qarşısında
baş verən bu vəhşiliklər bir daha erməni
vandalizmini dünya birliyinə nümayiş etdirdi.
İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan
vurulması və mülki obyektlərin
dağıdılması beynəlxalq konvensiyalara görə hərbi
cinayət sayılır. Ermənistan bu cinayəti də
törədərək beynəlxalq hüquq normalarına
hörmətsizliyini açıq şəkildə
nümayiş etdirdi. Bütün bunlar artıq arxada qalıb.
Bu gün Kəlbəcər yeni inkişaf mərhələsinə
qədəm qoyub”.
Hüquqşünas Kəlbəcərdə aparılan
yenidənqurma, bərpa-quruculuq işlərindən söhbət
açaraq deyib ki, Prezident İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın Kəlbəcərə səfərindən
sonra burada əsaslı yenidənqurma işlərinə start
verildi: “Bu müddət ərzində dövlətimizin
başçısı 7 dəfə Kəlbəcərə səfər
edib. Hər dəfə yeni müəssisələrin
açılışı digərlərinin isə təməli
qoyulub. Hazırda bərpa-quruculuq işləri sürətlə
davam etdirilir. Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də
Kəlbəcərə səfəri zamanı buraya
köçmüş 20 ailəyə mənzillərin
açarlarını təqdim edib. Bu vaxta qədər Kəlbəcərə
81 ailə, 338 nəfər köçürülüb.
Bütün işlər planlaşdırılmış şəkildə
davam etdirilir. Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı
ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək
inkişafına dair Baş planı” təsdiq edilib.
Hüquq müdafiəçisi deyib ki, Prezident
İlham Əliyevin Sərəncamı ilə 2020-ci il
noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə”
medalı təsis edilib. Kəlbəcər rayonunun
işğaldan azad edilməsi uğrunda aparılmış
döyüş əməliyyatlarında iştirak edərək
şəxsi igidlik və şücaət nümayiş
etdirmiş Silahlı Qüvvələrimizin 9455 hərbi
qulluqçusu “Kəlbəcərin azad olunmasına görə”
medalı ilə təltif olunub.
“Bölgədə infrastrukturun yenidən qurulması,
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun
tikintisi, enerji ehtiyatlarından səmərəli istifadə,
yeni iş yerlərinin açılması, “İstisu”
Müalicə-İstirahət Kompleksinin tikintisi və digər
bərpa-quruculuq işləri Kəlbəcəri yaxın illərdə
beynəlxalq turizm mərkəzinə çevirəcək”, -
deyə Ç.Qənizadə bildirib.
Hərbi And.- 2025.- 28 noyabr(¹45).- S.5.