Aparılan nəhəng
quruculuq işləri Kəlbəcərin gözəl gələcəyindən
xəbər verir
Noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin
erməni işğalından azad edildiyi gün kimi
yazılıb. Artıq beş ildir ki, gözəl təbiəti,
strateji coğrafi mövqeyi ilə seçilən Kəlbəcər
azadlığa qovuşub, özünün dirçəliş
və inkişaf dövrünə qədəm qoyub.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin
deputatı Mircəlil Qasımlı bildirib.
Deputat bildirib ki, əzəmətli dağların
qoynunda yerləşən Kəlbəcərdəki
yaşayış məskənləri, süni mağaralar,
qayaüstü rəsmlər Kəlbəcərin qədim
tarixindən xəbər verir. Tarixi, dini və mədəniyyət
abidələri ilə zəngin Kəlbəcər, həmçinin
Azərbaycan ədəbiyyatına zəngin mədəni irs bəxş
edən saz-söz ustadı Aşıq Şəmşir kimi el
sənətkarlarının vətənidir.
Mircəlil Qasımlı qeyd edib ki, 1990-cı illərin
əvvəllərində Azərbaycanda hakimiyyətdə
olanların səriştəsizliyi səbəbindən ölkəmizdə
yaşanan siyasi və iqtisadi böhran nəticəsində Ermənistanın
işğalçılıq siyasəti daha da genişlənirdi.
Ermənistan silahlı birləşmələrinin 1993-cü
ilin martın 27-də başlanan genişmiqyaslı hücumu
aprelin 2-də Kəlbəcər rayonunun işğalı ilə
nəticələndi. Azərbaycanın işğal olunmuş
rayonları arasında ərazicə ən böyüyü
olan Kəlbəcərin işğalı nəticəsində
rayon mərkəzi, 1 qəsəbə, 145 kənd, həmçinin
tarixi-mədəniyyət abidələri, muzeylər,
“İstisu” sanatoriyası və digər mühüm obyektlər
tamamilə dağıdıldı, rayonun təbii sərvətləri
talan edildi.
“Lakin müdrik Azərbaycan xalqı 1993-cü ildə
dahi lider Heydər Əliyevi hakimiyyətə dəvət etməklə
böyük tarixi uğurlarımızın əsasını
qoydu. Ümummilli Lider ölkəmizi inkişaf və tərəqqi
yoluna çıxardı. Ulu Öndər Heydər Əliyevin
müdrikliklə müəyyənləşdirdiyi strateji
inkişaf konsepsiyasının möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən müasir dövrün
çağırışlarına
uyğunlaşdırılmaqla qətiyyətlə davam etdirilməsi
Azərbaycanın hərtərəfli tərəqqisini,
dövlətçiliyimizin möhkəmlənməsini,
qüdrətli Azərbaycanın beynəlxalq miqyasda
nüfuzunun daha da artmasını təmin etdi. Görülən
genişmiqyaslı işlər, ölkəmizin milli
maraqlarına əsaslanan məqsədyönlü, nəticəyə
hesablanmış siyasət Azərbaycanın dayanıqlı
inkişafını təmin edərək, şanlı zəfərlərimizin
əldə olunmasına yol açdı. Müzəffər
Ali Baş Komandanın və müdrik sərkərdəliyi ilə
rəşadətli ordumuzun şücaəti nəticəsində
Vətən müharibəsində qazanılan parlaq Zəfər
30 ilə yaxın davam edən işğala son qoydu, tarixi
torpaqlarımız azad edildi”,- deyə Mircəlil
Qasımlı vurğulayıb.
Ermənistanın kapitulyasiya aktını imzalaması
nəticəsində Kəlbəcər rayonunun noyabrın 25-də
Azərbaycana təhvil verildiyini bildirən deputat qeyd edib ki,
dağlıq ərazilər, qayalar hərbi əməliyyatlarda
itkilərimizin çox olmasına səbəb ola bilərdi.
Lakin dövlətimizin başçısının müdrik
qərarları nəticəsində ordumuz Kəlbəcərə
bir güllə belə atmadan daxil oldu.
Mircəlil Qasımlı deyib ki, azad olunmuş Kəlbəcərin
yenidən qurulması, infrastrukturların müasirləşdirilməsi
və enerji sistemlərinin bərpası istiqamətində
genişmiqyaslı işlər aparılır. Şəhərin
Baş Planına əsasən yaşayış məntəqələrinin,
müasir məktəblərin, uşaq
bağçalarının, xəstəxanaların,
işğal və Zəfər muzeylərinin, mehmanxanaların
və idman meydançalarının inşası nəzərdə
tutulur. Bir sözlə, dövlətimiz müasir Kəlbəcərin
qurulması işini sürətlə həyata keçirir. Kəlbəcər
rayonunda artıq su elektrik stansiyaları tikilib və ya bərpa
olunub, yol nəqliyyat infrastrukturunun müasirləşdirilməsi
istiqamətində işlər davam etdirilir. Eyni zamanda
“İstisu” Müalicə-İstirahət Kompleksi və mineral su
zavodu regionun turizm və iqtisadi potensialının
inkişafına mühüm töhfədir.
“Cari ilin avqustunda dövlətimizin
başçısı dünyanın ən gözəl mənzərəyə
malik şəhərlərindən birinə çevrilən Kəlbəcərdə
birinci yaşayış kompleksində görülən
işlərlə tanış oldu və bura köçən
kəlbəcərlilərlə görüşdü. Bu, 32 il
sonra doğma torpaqlarına qayıdan kəlbəcərlilər
üçün əlamətdar hadisə idi. Artıq kəlbəcərlilər
şəhər gününü ilk dəfə olaraq doğma
torpaqlarında, müasir evlərində qürurla qeyd edirlər.
Ümumilikdə isə aparılan nəhəng quruculuq işlər
Kəlbəcərin gözəl gələcəyindən xəbər
verir”, - deyə deputat vurğulayıb.
Hərbi And.- 2025.- 28 noyabr(¹45).- S.5.