Asimana ucalan Vətən aşiqi

 

Sevgilərin ən mükəmməli, ən çılğını vətən sevgisiymiş. Bütün sevgilərin fövqündə Vətən sevgisi dayanır. Vətənə məhəbbət, Vətənə sevgi ən ülvi bir hissdir.

Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır.

2020-ci il sentyabrın 26-sı gecəsi, bəlkə, son tariximizin ən uzun gecəsiydi, sabahı günəş doğacaqdı üzümüzə... Deyirlər, gecənin ən qatı qaranlığı sabaha ən yaxın olan vaxtıdır.Ən işıqlı sabahlar ən qatı qaranlıqdan doğur.

Məhz 27 sentyabr – tariximizin və taleyimizin dəyişdiyi o gün idi. Sentyabrın 27-si sabahı 30 illik uzun gecədən sonra üstümüzə doğan ən işıqlı sabah idi. Azərbaycanın böyük şairi Hüseyn Cavid demişkən: “Azadlıq! Öylə nazlı afət ki, qan tökülməyincə üzə gülməz o işvəkar”.Açılan sabahımız da bizdən oğullarımızın tərtəmiz qanını istədi, yoxsa yenidən qaranlıq çökərdi.  

Azərbaycan dövləti güclü, yenilməz dövlətdir, apardığı savaş isə haqq savaşıdır. Bu müharibə birlik, həmrəylik, qalibiyyət müharibəsi idi. Bu müharibə 30 il idi ki, vətənsiz böyüyən vətən övladlarını Qarabağa yenidən qaytarmaq uğrunda gedən müharibə idi.

Azərbaycan vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Vətən üçün ölmək qəhrəmanın ölümü deyil, ölümün qəhrəmanlığıdır.

44 günlük Vətən müharibəsində Zəfər və Qələbəmizin təmin olunmasında cahana sığmayan qəhrəmanlıqları ilə öyündüyümüz poladiradəli şəhid ərənlərimizdən biri də fəxr və hüznlə söz açdığımız rəşadətli Vətən oğlu Rüstəmli İbrahim Mirzağa oğludur.

Vətən müharibəsinin zəfər tarixinin ən azı bir səhifəsinin müəllifi olan şəhid İbrahimin həyat hekayəsi də kəlmələrə sığmayan bir dastandır.

Müzəffər Azərbaycan Ordusunun igid cəngavəri Rüstəmli İbrahim Mirzağa oğlu 1993-cü il iyulun 18-də Zərdab rayonunun Şahhüseynli kəndində dünyaya göz açıb. O, 2011-ci ildə Şahhüseynli kənd orta məktəbini bitirib, hərbi xidmətə getmişdir. Vətənə olan sevgisi İbrahimi könüllü olaraq Aprel döyüşlərinə yazılmağa vadar etdi.Vətənin hər qarış torpağı üçün döyüşmək və düşməındən intiqam almaq onun ən böyük amalı idi.

Dünyaya gələn hər bir insanın tale yolu, ömür səhifəsi olur. Şəhid ibrahimin də qısa da olsa, lakin şərəfli bir ömür tarixçəsi var. Bu ömür tarixinin hər səhifəsi vətənpərvərliklə bağlı idi. Onun ömür tarixini vərəqlədikcə gözlərimiz önündə vətənini bütün varlığı ilə sevən, torpaq uğrunda canından keçməyə hazır olan mərd və cəsur bir insanın surəti canlanır. Ibrahimin keçdiyi döyüş yolu, xidmət tarixi ümumiyyətlə bütün fəaliyyəti, zəngin və nümunəvidir.

Şəhid İbrahim uşaqlıq illərində həm ailəsində, həm də məktəbdə müəllimlərindən Qarabağın düşmən işğalından azad olunacağına əminlik ifadə edən fikirlər eşidirdi. Bu ruhda tərbiyə almışdı. O da başqa gənclər kimi Qarabağ torpaqlarının azad edilməsində şəxsən iştirak etməyi arzu edirdi. Onun bu arzusu tezliklə həyata keçdi. Rüstəmli İbrahim Mirzağa oğlu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinə müraciət etdi. Bu cəsur ürək sahibi olan igidimiz özü kimi vətənpərvər gənclərlə birlikdə 2020-ci ilin sentyabr ayının 21-də könüllü olaraq cəbhəyə yollanmışdı. Onlar vücudunu sipər edib, qanlarıyla vətənimizin mülkiyyət hüququnu yazdılar. Hərbi hazırlıq keçdikdən sonra topçu kimi xidmət etməyə başladı. Vətən sevdalı İbrahim 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə də öz istəyi ilə böyük intiqam hissi ilə getmişdi.O, 44 günlük müharibəyə peşəkar, təcrübəli döyüşçü kimi girmişdi. Qarabağ məsələsində çox həssas idi. Torpaqlarımızın işğalı ilə heç cür barışmırdı. Düşməndən intiqam almaq, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək arzusu ilə yaşayırdı Rüstəmli İbrahim. İgid İbrahim də başqa hərbçi yoldaşları kimi, döyüşlərə cəsarətlə atılıb, torpaqlarımızın azadlığı uğrunda gedən əməliyyatlarda böyük şücaət nümayiş etdirmişdi. 2020-ci il oktyabr ayının  ortalarında gedən döyüşlər zamanı İbrahim yüngül qəlpə yarası almışdı. O, bir müddət müalicə alıb, sağaldıqdan sonra yenidən cəbhəyə yollanmışdı. Azərbaycan Ordusunun igid ərəni şəhid Rüstəmli İbrahim Xocavənd rayonunun bir neçə kəndinin işğaldan azad edilməsində fəal iştirak etmişdir. Şəhid İbrahimin son savaş meydanı Xocavənd oldu. Bu gənc fateh noyabrın 4-də Xocavəndin işğaldan azad edilməsində son damla qanınadək qəhrəmanlıqla vuruşaraq yaralanmış, bir neçə əsgər yoldaşının mühasirədən çıxmasına köməklik göstərərkən şəhadət şərbətini içmişdi. Xocavənddə ilk Azanı da səsləndirən elə Rüstəmli İbrahim olub.

Əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsi olan Rüstəmli İbrahim Zərdab rayonunun Şahhüseynli kənd qəbristanlığında böyük ehtiramla torpağa tapşırılıb. Şəhidin uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!

Onun tək günahı vətənini azad, müstəqil görmək idi, vətəninin sevdalısı idi.

Rüstəmli İbrahim Mirzağa oğlu noyabr ayının 3-də atası ilə sonuncu dəfə danışanda belə söyləmişdir: Əgər şəhid olsam, narahat olmayın. Şəhid olmaq savabdır! Şəhidimiz haqqında döyüş yoldaşları da hər zaman qürürla danışır.

Elə insanlar var ki, onlar əməlləri, mərdlikləri, şücaətləri ilə əbədiləşərək adlarını tarixə yazdırırlar. Bənzərsiz könül sahibi olan şəhid Rüstəmli İbrahim də belə insanlardan idi.

Gənc şəhidin arzuları yarımçıq qaldı. Yaşasaydı, neçə-neçə uğurlara imza atacaqdı. Bu cür dəyərli incilərimiz düşmən hədəfinin qurbanı oldu. Şəhid Rüstəmli İbrahim zirvələr üçün, ucalıqlar üçün yaranıbmış.

Yaşının az olmasına baxmayaraq, arzuları böyük, istəkləri sonsuz idi İbrahimin. Hələ yaşamalı günləri, ömür sürməli illəri qabaqda idi. Qarşıda onu böyük uğurlar gözləyirdi. Amma o, başqa yolu ona yaraşanı, Vətəni seçdi, çünki qutsal dəyərlər uğrunda şəhid olmaq hər kişiyə deyil, ər kişiyə nəsib olur.

İnsana bəxş olunmuş ömrün qısa və ya uzun olması əsas şərt deyil. Elə uzun ömürlər var ki, heç zaman yada düşmür, xatırlanmır. Elə ömürlər də var ki, qısa olmasına baxmayaraq daim söz açılır, anılır.

Öz şəhid izini torpağa salan Rüstəmli İbrahim ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Cənnət qoxulu şəhidimizdən gələcək nəsillər üçün şərəfli bir ömür tarixçəsi yadigar qalıb. O, döyüşlərdə qəhrəmancasına şəhid olub qələbə gününü görə bilmədi. 27 yaşlı rəşadətli Vətən oğlu Rüstəmli İbrahim döyüş meydanında əbədiyyətə qovuşdu. 

Böyük sərkərdələrimiz demişdir: “Şəhid qanının düşdüyü yer Vətəndir”. Şəhid qanlarıyla xalqımızın alnına günəş doğdu, əyilmiş qaməti düzəldi. Onların göstərdiyi qəhrəmanlıq sayəsində millətimiz dost-düşmən qınağından – tənəsindən qurtardı. Şəhidlərimiz xaraba qalmış yurd yerlərimizi vətən etdilər. Vətən sevdalı igidlər döyüş qüdrəti ilə cahanı heyrətə saldılar. Azərbaycan Ordusunun igid ərənləri bayrağımızı Pənahəli xanın ucaltdığı Şuşa qalasının başında dalğalandırdılar. İbrahim kimi vətən oğulları göstərdi ki, torpaq təkcə su ilə becərilmir, çiçəklənmir, həm də şəhid qaqnıyla bəslənirmiş.

Bütün şəhidlərin qədəri-qisməti eynidir, amma onların hər biri ayrı-ayrılıqda bir qəhrəmanlıq dastanıdır. Mən istəyirəm ki, bütün dünya tanısın qəhrəman Azərbaycan oğullarını. Axı onlar yaşamağı, yaratmağı, sevməyi, nakam qalmış arzularını – hər şeylərini canlarından artıq sevdikləri Vətən torpağına dəyişmişdilər.

Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, onların keçdiyi döyüş yolunu gənclərə nümunə göstərmək, Vətən sevdalı şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, adlarını əbədiləşdirmək və ruhlarını şad etmək hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Gülnar Bəşirova

AMEA-nın dissertantı, Azərbaycan Hərb Tarixi Muzeyinin tədqiqatçı-elmi işçisi

Hərbi And .- 2025.- 31 oktyabr (¹ 41).- S.7.