Kəngərlidə
şəhid leytenant Elməddin Qəhrəmanov anılıb
Vətən müharibəsi xalqımızın qəhrəmanlıq
tarixinin qürur səhifəsidir. Azərbaycanın igid
oğulları torpaqlarımızın azadlığı
uğrunda canlarından keçərək
xalqımızın şərəf və qürur simvoluna
çevriliblər. Belə igidlərimizdən biri də
leytenant Qəhrəmanov Elməddindir.
11 oktyabr 2025-ci il tarixdə Vətən müharibəsində
şəhidlik zirvəsinə ucalmış leytenant Elməddin
Niyaməddin oğlu Qəhrəmanovun anım günü
doğulduğu Qıvraq qəsəbəsində
keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri,
şəhid ailələri, Vətən müharibəsi
iştirakçıları, polislər, hərbçilər
və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid
olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik
sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib. Dini icmanın üzvü tərəfindən
Qurani-Kərimdən ayələr oxunub.
Tədbirdə çıxış edən Kəngərli
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov
bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu
44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq
göstərərək torpaqlarımızı işğaldan
azad edib. Bu Qələbə şəhidlərimizin qəhrəmanlığı,
qazilərimizin fədakarlığı və
xalqımızın birliyi sayəsində mümkün olub.
Natiq şəhid Elməddin Qəhrəmanovun
döyüş yolundan da danışaraq onun göstərdiyi
igidliyi xüsusi vurğulayıb. Qeyd olunub ki, şəhidimiz
döyüş meydanında böyük rəşadət
göstərib, vətənpərvərliyi və
mübarizliyi ilə silahdaşlarına nümunə olub.
“Belə igid oğullarımızın sayəsində
bu gün üçrəngli bayrağımız azad
torpaqlarımızda dalğalanır,” – deyə icra
başçısı çıxışında
vurğulayıb.
Tədbirdə çıxış edən Ali Məclisin
deputatı Xəzəngül Orucova, şəhid anaları və
ataları, qazilər və hərbçilər şəhidlərin
göstərdiyi igidlik və fədakarlığın gələcək
nəsillər üçün əsl vətənpərvərlik
nümunəsi olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan
dövləti və xalqı hər zaman şəhidlərimizin
müqəddəs xatirəsini uca tutacaq, onların ailələrinə
xüsusi diqqət və qayğı göstərəcəkdir.
Mərasimdə həmçinin şagirdlər şəhidlərimizin
əziz xatirəsinə həsr olunmuş şeirləri bədii
qiraət ediblər.
Sonda Qıvraq qəsəbə şəhidlərinin
müqəddəs məzarları ziyarət olunub, üzərinə
tər qərənfillər düzülüb, ruhlarına
dualar oxunub və şəhid yaxınları ilə xatirə
fotoları çəkdirilib.
Bu cür tədbirlər xalqımızın
yaddaşında şəhidlərimizin əziz xatirəsini
daim yaşadır, gələcək nəsillərə vətən
sevgisi və qəhrəmanlıq nümunəsi kimi
ötürülür. Onlar bizim qürurumuz, Vətənimizin
müqəddəsliyini qoruyan mənəvi dirəyimizdir. Hər
bir şəhidin adı Azərbaycan tarixinin şanlı səhifələrində
əbədi həkk olunub və bu xalq onları heç vaxt
unutmayacaq.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri"
İctimai Birliyinin mətbuat katibi
"Azərbaycan Jurnalistlər Birliyi" nin
üzvü
Hərbi And .- 2025.- 17 oktyabr (№ 39).- S.8.