Leytenant Hafiz Qasımov yad edilib

 

44 günlük Vətən müharibəsində düşmənin 30 il ərzində möhkəmləndirdiyi, keçilməz saydığı istehkamları yararaq xalqımıza möhtəşəm Qələbə sevinci bəxş edən qəhrəman Azərbaycan oğullarından biri də Culfa rayonunun Camaldın kəndində dünyaya gəlmiş şəhid leytenant Hafiz Cavanşir oğlu Qasımovdur.

Hafiz Qasımov 2020-ci il oktyabrın 14-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizin anım günü münasibətilə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, YAP Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, icra hakimiyyəti əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca çıxışlar olub.

Çıxış edənlər şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək, Hafiz Qasımov kimi vətənpərvər, elinə-obasına bağlı mərd oğulların qəhrəmanlıqlarının xalqımızın yaddaşında daim yaşayacağını, onların şücaətinin gələcək nəsillərə nümunə olacağını bildiriblər.

Şəhid haqqında məlumat verilərkən qeyd olunub ki, Vətən müharibəsi başlayanda leytenant Hafiz Qasımov bölüyü ilə birlikdə döyüşlərə qatılıb, Füzuli istiqamətində böyük igidlik göstərib. O, həm döyüşkən hərbçi, həm də mərhəmətli və qayğıkeş insan kimi döyüş yoldaşlarına dayaq olub. Yaralı əsgərlərə tibbi yardım göstərib, bir dəfə isə ağır döyüş zamanı soyuqdan titrəyən yaralı əsgərinə öz isti formasını verərək döyüşə davam edib. Həmin döyüşdə 2020-ci il oktyabrın 14-də  şəhadətə ucalıb.

Sağlığında nümunəvi xidməti ilə seçilən leytenant Hafiz Qasımov “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib. Ölümündən sonra isə Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə mükafatlandırılıb.

Tədbirin sonunda leytenant Hafiz Qasımovun və onunla yanaşı dəfn edilmiş şəhid kapitan Şamil Babayevin məzarlarına gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub.

Bu xalq sizi heç vaxt unutmayacaq.

Ruhunuz şad olsun!

 

Bəxtiyar ƏLİYEV

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi

Hərbi And .- 2025.- 17 oktyabr (¹39) .- S.2.