Şahbuzda qəhrəman şəhidimiz
yad edilib
Vətənimizin azadlığı və
bütövlüyü uğrunda canından keçən
baş leytenant Firuz Qureyşlinin xatirəsi böyük
ehtiramla anılıb.
Bu torpaq neçə-neçə igid oğulların
qanı ilə yoğrulub, azadlığımız,
bütövlüyümüz onların canı bahasına
qorunub. Qəhrəmanlarımızın ruhu bu yurdun hər
daşında, hər nəfəsində yaşayır.
Onların həyat yolu gənclər üçün bir məktəb,
xalqımız üçün qürur mənbəyidir.
"Naxçıvan Şəhid Ailələri"
İctimai Birliyinin mətbuat xidməti bildirir ki, oktyabrın
12-də Şahbuz rayonunun Külüs kəndində qəhrəman
şəhidimiz Qureyşli Firuz Əli oğlu yad edilib.
Muxtar respublikanın bütün bölgələrindən
gələn şəhid ailələri, hökumət və
dövlət nümayəndələri, hərbçilər,
polislər, məktəblilər və ictimaiyyət nümayəndələri
şəhidimizin məzarını ziyarət edərək
üzərinə gül dəstələri düzüblər.
Ölkəmizin ərazi bütövlüyü
uğrunda canlarından keçmiş qəhrəmanlarımızın
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən
sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən qonaqlar və
şəhidin ailə üzvləri iki yüz ilə yaxın
bir müddətdə erməni qəsbkarlarının əzəli
torpaqlarımızda törətdikləri qırğınlara
nəzər salıblar. Bu tarixi hadisələrdə əhalimizin
öz yurd-yuvalarından didərgin düşməsinin
ağır nəticələri tədbir iştirakçılarının
diqqətinə çatdırılıb.
Qeyd olunub ki, məhz 200 illik tariximizdə ilk dəfə
Azərbaycan öz torpaqlarını geri qaytardı və
işğalçılıq siyasətinin
qarşısını tamamilə aldı. Bu da Ali Baş
Komandan İlham Əliyevin sərkərdəliyi, cəsur
döyüşçülərimizin əzmi və
şücaəti sayəsində mümkün olub. Burada xalq
amilini də unutmamaq lazımdır. Xalq öz sərkərdəsi
və ordusu ilə sıx birləşərək Zəfərin
qazanılmasına nail olub.
Bu Zəfər Azərbaycan xalqının, Azərbaycan
Ordusunun və Ali Baş Komandan İlham Əliyevin Zəfəridir.
Zəfərin qazanılmasında canlarını fəda
etmiş Firuz kimi igidlərin göstərdikləri qəhrəmanlıq
nümunəsi tarixə düşmüş, gələcək
nəsillərə örnək kimi təqdim edilmişdir.
Qeyd edək ki, şəhidimiz 2010–2013-cü illərdə
Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuş,
2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbində təhsil almışdır.
2017–2018-ci illərdə Silahlı Qüvvələrin Təlim
və Tədris Mərkəzində dinləyici olmuşdur.
2018-ci ildə leytenant kimi Beyləqan hərbi korpusunun
N saylı hərbi hissəsində xidmətə
başlamış, 2019-cu ildə baş leytenant rütbəsi
almşdır.
Azərbaycan Ordusunun baş leytenantı olan Firuz
Qureyşli, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı
Qüvvələri tərəfindən Ermənistan
işğalı altında olan ərazilərin azad edilməsi
üçün başlanan Vətən müharibəsi
zamanı döyüşlərdə fəal iştirak edib.
10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində
gedən döyüşlərdə qəhrəmancasına
şəhid olub. Şəhidimizin bir qız övladı
yadigar qalıb.
Azərbaycan Respublikasının ərazilərinin
işğaldan azad olunması və ərazi
bütövlüyünün bərpa edilməsi zamanı
döyüş əməliyyatlarında yüksək peşəkarlıqla
hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik
və mərdlik nümunəsi göstərdiyinə görə
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına
əsasən, Firuz Əli oğlu Qureyşli “Vətən
uğrunda” və “İgidliyə görə” medalları ilə
təltif edilib.
Dərin hörmət və ehtiramla yad edirik!
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri"
İctimai Birliyinin mətbuat katibi
Hərbi And .- 2025.- 17 oktyabr (¹ 39).- S.8.