Xocalı faciəsi Azərbaycan
tarixində milli yaddaşın və ədalət tələbinin
simvoludur
Hər il fevralın 26-da Azərbaycanda Xocalı faciəsi
qurbanlarının xatirəsi ehtiramla yad edilir. 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə baş verən
hadisələr Azərbaycan tarixinin ən ağır humanitar
faciələrindən biri və beynəlxalq humanitar
hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli
Məclisin deputatı Sevil Mikayılova deyib.
O xatırladıb ki, 1992-ci ilin qarlı fevral gecəsində
Ermənistan silahlı qüvvələri, keçmiş
SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı
alayının iştirakı ilə Xocalı şəhərinə
hücum həyata keçirdi. Nəticədə şəhər
tamamilə dağıdıldı, dinc əhali kütləvi
zorakılığa məruz qaldı. Rəsmi statistikaya əsasən,106
qadın, 63 uşaq, 70 qoca olmaqla 613 nəfər qətlə
yetirilib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb,1275
nəfər əsir və girov götürülüb, 150 nəfərin
taleyi bu günədək məlum deyil, 8 ailə tamamilə məhv
edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən
birini itirib. Bu rəqəmlər faciənin təkcə hərbi
deyil, həm də dərin sosial-demoqrafik və psixoloji nəticələr
doğurduğunu göstərir. Xocalı hadisəsi nəticəsində
bütöv bir şəhər xəritədən silinib,
yüzlərlə ailənin taleyi faciəvi şəkildə
dəyişib.
Deputat qeyd edib ki, Xocalının ələ
keçirilməsi yalnız hərbi üstünlük qazanmaq
məqsədi daşımırdı, eyni zamanda, bölgədən
azərbaycanlı əhalinin kütləvi şəkildə
çıxarılması və etnik tərkibin dəyişdirilməsi
strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
“Hadisələrin gedişində keçmiş Rusiya
Silahlı Qüvvələrinin Xankəndidə yerləşən
366-cı motoatıcı alayının iştirakı barədə
çoxsaylı faktlar və şahid ifadələri
mövcuddur. Bu hərbi birləşmə zirehli texnika və
canlı qüvvə ilə Ermənistan tərəfindən
keçirilən əməliyyata dəstək verdi. Heç təsadüfi
deyil ki, Xocalı hadisəsi və ümumilikdə Qarabağ müharibəsinin
ilk mərhələsi “rus-erməni işğalı” kimi
xarakterizə olunur. Bu məsələ münaqişənin
beynəlxalq-hüquqi qiymətləndirilməsi
baxımından mühüm əhəmiyyət
daşıyır, çünki Rusiya hərbi kontingentinin
iştirakı hadisəyə regional deyil, daha geniş geosiyasi
çalar verir. Xocalıdan iki il əvvəl, – 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə, – sovet
qoşunlarının Bakıya yeridilməsi nəticəsində
dinc əhaliyə qarşı qətliam törədilmişdi.
Bu hadisə Azərbaycanın müstəqillik hərəkatına
qarşı güc tətbiqi kimi tarixə düşüb və
onlarla insanın həyatına son qoyub. 20 Yanvar hadisələri
ilə Xocalı faciəsi arasında siyasi-psixoloji paralellər
aparmaq olar, hər iki hadisə sovet/postsovet məkanında
güc yolu ilə təsir mexanizminin davamı idi.
Ermənistan silahlı qüvvələrinin əməliyyatları
Rusiya hərbi kontingentinin dəstəyi və ya birbaşa
iştirakı olmadan mümkün olmazdı. Rusiya rəsmiləri
həmin dövrdə mərkəzi hakimiyyətin zəifliyini
və alay daxilində nəzarətsiz vəziyyəti önə
çəkərək dövlət səviyyəsində
planlaşdırılmış iştirak iddialarını qəbul
etmirlər. Xocalı Qarabağ bölgəsində yeganə
mülki hava limanının yerləşdiyi strateji nöqtə
idi. Şəhərin ələ keçirilməsi Ermənistan
üçün həm logistik, həm də hərbi
üstünlük demək idi. Bununla yanaşı, azərbaycanlı
əhalinin bölgədən
sıxışdırılıb çıxarılması
prosesi sürətləndi və etnik tərkib dəyişdi",
- deyə S.Mikayılova diqqətə çatdırıb.
O qeyd edib ki, Xocalı hadisəsi Azərbaycanın həmin
dövrdə hərbi-siyasi baxımdan zəif vəziyyətdə
olmasından istifadə edilməsinin nəticəsi idi. Bu, eyni
zamanda, regionda böyük güclərin maraqlarının
toqquşduğu mürəkkəb geosiyasi mərhələnin
tərkib hissəsi idi. Azərbaycan Xocalı hadisəsini
1948-ci il BMT Konvensiyasına uyğun olaraq soyqırımı və
insanlığa qarşı cinayət kimi təqdim edir.
1994-cü ildə Milli Məclis 26 fevralı “Xocalı
soyqırımı günü” elan edib. Leyla Əliyevanın
təşəbbüsü ilə başladılan “Xocalıya
ədalət!” kampaniyası çərçivəsində
bir sıra ölkələr və ABŞ-nin çoxsaylı
ştatları hadisəni soyqırımı və ya qətliam
kimi tanıyan sənədlər qəbul ediblər. O cümlədən
Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya və Peru kimi
dövlətlərin parlament qərarları siyasi-hüquqi
baxımdan əhəmiyyətlidir.
"Xocalı faciəsi Azərbaycan tarixində
yalnız bir hərbi epizod deyil, həm də milli
yaddaşın və ədalət tələbinin simvoludur. 20
Yanvar hadisələri ilə birlikdə baxıldıqda, bu
faciələr Azərbaycanın müstəqillik yolunda
üzləşdiyi ağır sınaqların ardıcıl
zənciri kimi qiymətləndirilir. Hadisələrin hərbi-siyasi
aspektləri, o cümlədən keçmiş sovet hərbi
hissələrinin rolu və regional güclərin iştirakı
məsələsi hələ də tarixi və hüquqi
müstəvidə araşdırma predmetidir", deyə o
vurğulayıb.
Azərbaycan Ordusunun Xocalının qisasını Vətən
müharibəsi zamanı döyüş meydanında
aldığını bildirən deputat deyib: "2020-ci ildə
baş vermiş Vətən müharibəsi regionda yeni
reallıqlar yaratdı. 44 gün davam edən müharibə nəticəsində
uzun illər işğal altında qalan torpaqlarımız azad
edildi. Sonrakı dövrdə həyata keçirilən tədbirlər
nəticəsində bölgədə təhlükəsizlik
və sabitlik təmin olundu. 2023-cü il sentyabrın 19-20-də
keçirilmiş antiterror tədbirlərindən sonra
Xocalı şəhəri separatçılardan təmizləndi.
2023-cü il oktyabrın 15-də dövlətimizin
başçısı İlham Əliyev şəhərdə
Azərbaycan Bayrağını ucaltdı. Bu hadisə milli
tariximizdə mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir.
Bu gün Xocalı şəhəri və ətraf kəndlərdə
yenidən həyat bərpa olunur. İnfrastruktur layihələri
həyata keçirilir, evlər tikilir, sosial obyektlər
qurulur. “Böyük Qayıdış” Proqramı çərçivəsində
artıq yüzlərlə ailə doğma torpaqlarına
qayıdıb. Bu proses təkcə bir şəhərin bərpası
deyil, həm də tarixi ədalətin təntənəsi kimi
dəyərləndirilir".
Hərbi And .- 2026.- 27 fevral (¹8).- S.4.