Ədaləti uca
tutan hər kəs Xocalı qurbanlarının xatirəsini
ehtiramla yad edir
Otuz dörd il əvvəl xalqımıza qarşı
bəşər tarixinin ən ağır və qanlı faciələrindən
olan Xocalı soyqırımı törədildi. Bu dəhşətli
cinayət nəticəsində yüzlərlə dinc Xocalı
sakini məhz azərbaycanlı olduqları üçün
amansız zorakılığa məruz qaldı. Hər il
xalqımız, eləcə də ədaləti uca tutan hər
kəs Xocalı faciəsi qurbanlarının xatirəsini
ehtiramla yad edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin
deputatı Mircəlil Qasımlı bildirib.
Xocalıda baş verənlərin beynəlxalq humanitar
hüquq normalarının kobud şəkildə pozulması,
insanlığa qarşı yönəlmiş ağır
cinayət kimi tarixə düşdüyünü söyləyən
deputat qeyd edib ki, BMT Baş Assambleyasının 1948-ci il 9
dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən
və 1951-ci ildən qüvvəyə minən Konvensiyada
soyqırımı cinayətinin hüquqi əsası təsbit
edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü
zamanı həmin Konvensiyada təsbit edilən
soyqırımı cinayətinə aid bütün əməllər
tətbiq olunub. Xalqımıza qarşı törədilmiş
bu faciə beynəlxalq ictimaiyyət tərəfindən də
öz hüquqini qiymətini almalıdır.
Ötən illər ərzində dövlətimiz tərəfindən
bu istiqamətdə mühüm addımların
atıldığını söyləyən Mircəlil
Qasımlı deyib: “Bu faciəyə ilk hüquqi-siyasi qiymət
məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən
verildi. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycan Milli Məclisi 26 fevralı Xocalı
Soyqırımı Günü kimi elan etdi. Xocalı
soyqırımını təcavüzkar erməni millətçilərinin
əsrlər boyu Azərbaycan xalqına qarşı
apardığı etnik təmizləmə siyasətinin
qanlı səhifəsi kimi qiymətləndirən Prezident
İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimiz
tərəfindən ötən illər ərzində həyata
keçirilən ardıcıl siyasət nəticəsində
ermənilərin uydurduqları yalanlar ifşa olunur. Artıq
Xocalı faciəsinin soyqırımı olması faktı
dünyanın bir çox ölkəsinin və beynəlxalq təşkilatların
qərarlarında, qətnamələrində əksini
tapır. Bu günədək 18 ölkənin qanunverici
orqanı, həmçinin ABŞ-nin 24 ştatı tərəfindən
müvafiq parlament qətnamələri qəbul olunub. Bu istiqamətdə
Leyla Əliyevanın təşəbbüsü ilə
başladılan “Xocalıya ədalət!” kampaniyasını
xüsusi qeyd etmək istərdim. 2008-ci ildə start verilən
kampaniya yüz minlərlə şəxsin və 115 təşkilatın
dəstəyini alıb”.
Hər il xalqımızın bu müdhiş faciənin
ildönümünü ölkəmizin müxtəlif bölgələrində
ürəkağrısı ilə qeyd etdiyini söyləyən
deputat bildirib ki, Vətən müharibəsi və lokal
xarakterli antiterror tədbirləri nəticəsində
Xocalı da azadlığa qovuşdu. Artıq bütün
şəhidlərimizin, Xocalı qurbanlarının ruhları
şaddır. 2024-cü il fevralın 26-da dövlətimizin
başçısı xocalılılarla birgə Xocalı
şəhərində Xocalı Soyqırımı
Memorialının təməlini qoydu. Memorial Xocalı
qurbanlarının xatirəsini əbədiləşdirmək,
soyqırımı ilə bağlı həqiqətləri gələcək
nəsillərə, dünya ictimaiyyətinə
çatdırmaq məqsədi daşıyır.
Bu gün Xocalının müasir standartlar əsasında
yenidən qurulduğunu, burada infrastruktur layihələrinin,
sosial obyektlərin, istehsal müəssisələrinin inşa
olunduğunu söyləyən Mircəlil Qasımlı
artıq Xocalıya ümumilikdə 881 ailənin, 3 600-dən
çox sakinin köçürüldüyünü qeyd
edib.
“Azərbaycan tarixinin ən ağrılı səhifələrindən
olan bu faciə, eyni zamanda, milli birliyimizin, ədalət
uğrunda mübarizəmizin rəmzi oldu. Öz gücü
hesabına tarixi ədaləti bərpa etmiş qüdrətli
Azərbaycan bu gün azad Xocalını yenidən qurur, bu
torpaqlarda həyat yenidən canlanır. Bir sözlə,
dövlətimiz xocalılıların öz doğma
diyarlarında xoşbəxt və firavan yaşamaları
üçün lazım olan bütün şəraiti də
öz gücü hesabına yaradır”, - deyə Mircəlil
Qasımlı vurğulayıb.
Hərbi And .- 2026.- 27 fevral (¹8).- S.4.