Çanaqqala zəfəri
Ordumuz, Türk birliyinin, Türk qüdrəti və
qabiliyyətinin, Türk vətənsevərliyinin
poladlaşmış bir ifadəsidir
1914-cü ilin 1 avqustunda
Almaniyanın Rusiyaya müharibə elan etməsi ilə
Dünya Müharibəsi başlanmışdı. Mustafa Kamal artan
siyasi və hərbi hadisələri böyük bir diqqətlə
izləyir, digər tərəfdən də görüş və
düşüncələrini hərbi nazirliyə bildirirdi.
Onun fikrincə əgər Osmanlı dövləti müharibəyə
qoşulmağa məcbur edilməsə, o bu böyük
müharibədən kənarda qalmalı idi. Lakin hadisələrin
sürətli inkişafı 29 oktyabr 1914-cü ildə
Osmanlı dövlətini də istər-istəməz Antanta
dövlətləri əleyhinə müharibəyə
qoşulmağa məcbur etdi. Noyabrın 5-də Fransa və
İngiltərə Türkiyəyə, noyabrın 12-də isə
Türkiyə onlara müharibə elan etdi.
Mustafa Kamal müharibənin
getdikcə şiddətləndiyi, Türkiyənin bu
müharibədə iştirak etdiyi bir vaxtda sakitcə kənarda
durmağı özünə sığışdıra bilmədiyindən,
dəfələrlə hərbi nazirliyə, Ənvər
paşaya rəsmi müraciət edərək döyüşən
orduya göndərilməsini xahiş etdi. Yazdığı məktubların
birində Mustafa Kamal deyirdi: "Yoldaşlarım ön cəbhədə
olduğu halda, mən Sofiyada hərbi attaşe ola bilmərəm".
Onun təkidli xahişlərindən sonra, nəhayət 1915-ci
il yanvarın 20-də Təkirdağda yenicə təşkil
edilməkdə olan 19-cu diviziyaya komandir təyin edildi.
Fevralın 25-də bu diviziya maydosa
köçürüldü, Mustafa Kamal isə əlavə
olaraq 9-cu diviziyanın ikinci piyada alayını və bir
neçə topçu birləşmələrini də
öz tabeçiliyinə alaraq Maydos hərbi idarəsinin
komandanı oldu.
Bu zaman Gelibolu yarımadasında
ciddi hadisələr baş verirdi. İngilis donanması 18 mart
1915-ci ildə Çanaqqala (Dardanel) boğazını
keçməyə təşəbbüs etsə də, sahil
topçularının mü-vəffəqiyyətli müdafiəsi
nəticəsində məqsədinə nail olmadı və
ağır itkilərə məruz qaldı. Donanması ilə
boğazı keçə bilməyən ingilislər bu dəfə
türklərə Gelibolu yarımadasına desant
çıxarmaq ilə məğlub etməyə
çalışdı. Hadisələr bu şəkildə
inkişaf edərkən, Baş ştab 23 mart 1915-ci ildə
Geliboluda V ordunun yaradılması haqda qərar qəbul
etmiş, komandirliyə isə alman generalı Liman fon Sandersi təyin
etmişdi. Liman fon Sanders mümkün ola bilən hər
cür düşmən təcavüzünə qarşı
qüvvələri üç qrupa bölərək işləri
planlaşdırmışdı, Mustafa Kamal bu plana görə,
18 aprel 1915-ci ildə Tümeni və Biqalaya keçdi.
Çanaqqala istiqamətində
cəhdləri alınmayan ingilis komandirləri 25 aprel 1915-ci
ildə Səddülbahir və Arıburnu istiqamətində
desant çıxarmağa başlayır. Elə ilk
hücüm zamanı Mustafa Kamalın qoşunu üzərinə
göndərilən desant dəstələrini məhv etmək
üçün Mustafa Kamal qoşunu Biqalidən Conkbayıra
köçürür. Arıburnundan Conkbayıra irəliləyən
ingilis qoşunları Mustafa Kamalın rəhbərlik etdiyi
19-cu diviziyanın əks hücümları nəticəsində
böyük itkilərdən sonra geri çəkilməyə
məcbur olur.
Conkbayırın
müdafiəsində türk əsgəri götürülməmiş
bir mətanət və cəsarətlə vuruşur, tarixin ən
böyük qəhrəmanlıq
səhnələrini nümayiş etdirdi. Əsgərlərini
millət, dövlət naminə özünə güvənməyə
çağıran Mustafa Kamal: "Mən sizə
hücüm etməyi yox, ölməyi əmr edirəm! Biz
ölüncəyə qədər keçəcək zaman ərzində
yerimizə başqa qüvvələr və komandirlər gələ
bilər".
Həmin qanlı
döyüşlər haqqında Mustafa Kamalın xatirələri
canlı mənzərə yaradır: "Üz-üzə
duran səngərlər arasındakı məsafə 8 metrdir,
yəni ölüm labüddür. Birinci səngərdəkilərin
heç biri xilas olmadan yerə sərilir. İkinci səngərdəkilər
ildırım kimi onların
yerinə keçir. Fəqət nə
qədər tükürpədici bir soyuqqanlıq və
təvəkküllə, bilirsinizmi? Bomba, şarapnel, güllə
yağımı altında ölənləri görür,
üç dəqiqədən sonra öləcəyini bilir və
ən cüzi belə çəkinmə göstərmir.
Sarsılma yoxdur. Oxumağı bacaranlar Qurani-Kərimi oxuyur və
cənnətə getməyə hazırlaşır. Oxumaq
bacarmayanlar isə kəlmeyi-şəhadət gətirir və
azan oxuyaraq yürüyürlər. İsti cəhənnəm
kimi qaynayır. 20 düşmənə qarşı hər sərkərdə
bir nəfər süngü ilə çarpışır.
Ölür, öldürür. Bəli, bu türk əsgərindəki
ruhi qüvvəni göstərən, dünyanın heç
bir əsgərində olmayan, ehtirama layiq bir nümunədir. Əmin
olmalısınız ki, Çanaqqala müharibəsində qələbə
qazandıran bu yüksək ruhdur".
Çanaqqala zəfəri
haqqında türk ədəbiyyatında böyük əsərlər
yazılıb və bu gün də yazılmaqdadır. Bu əsərlər
arasında böyük türk şairi Mehmet Akif Ersoyun
"Çanaqqala şəhidləri" xüsusi yer tutur.
Şüheda
gövdesi, bir baksana, dağlar taşlar.
O,
rüku olmasa, dünyada eğilmez başlar,
Vurulup
tertemiz alnından uzanmış yatıyor,
Bir
hilal uğruna, ya Rab, ne güneşler batıyor!
Ey,
bu topraklar için torpağa düşmüş, asker!
Gökten
ecdat inerek öpse o pak alnı değer.
Ne
büyüksün ki kanın kurtarıyor Tevhidi
Bedrin
arslanları ancak, bu kadar şanlı idi.
Sana
dar gelmeyecek makberi kimler kazsın?
"Gömelim
gel seni tarihe" desem, sığmazsın.
Misraları ilə
başlayan şeirdə Çanaqqala şəhidləri Həzrəti
Məhəmmədin çiyin yoldaşları qədər
şərəfli və üstün tutulur. Yuyulmadan, namazı
qılınmadan, kəfənə bükülmədən, elə
qanlı paltarı ilə torpağa gömülmüş
Çanaqqala şəhidlərinə şair öz sevgisini
belə ifadə edir:
Ey
şehid oğlu, isteme benden makber,
Sana
ağuşunu açmış duruyor Peygamber.
Yəni şəhidin
harada və necə dəfn olunmağı, namazının
qılınıb qılınmaması önəmli deyil.
Çünki onun yeri peyğəmbərin köksündədir.
Şəhidin xüsusi məzara ehtiyacı yoxdur. Şəhidlər
torpağın bəzəyidir. Onlar üçün
ağlamaz, sızlamazlar. Əksinə, onlara həsəd
aparmaq, onlar kimi olmağı arzu edərlər.
25 aprel 1915-ci ildə
başlayan desantçıxarma hərəkatı, türk
qüvvələri tərəfindən sahilə qədər
qovulmasına baxmayaraq, düşmən bu əməliyyatı
26 və 27 aprel 1915-ci il günləri də davam etdirdi. İrəliləmək
istəyən ingilislərlə tez-tez şiddətli
vuruşmalar olurdu, ancaq hər bir hücüm türk əsgərinin
qəhrəmancasına müdafiəsi qarşısında
müvəffəqiyyətsizliyə uğrayırdı. Mustafa
Kamala, Çanaqqala cəbhəsindəki bu çox müvəffəqiyyətlə
əlaqədar olaraq 1 iyun 1915-ci ildə albaylıq (polkovnik)
rütbəsi verildi.
Düşmən
Çanaqqalada müvəffəqiyyətə nail
olmadığına, irəliləyə bilməməsinə
baxmayaraq, yeni bir desant
başlamaq niyyətində idi.
Düşünülmüş əməliyyatın həyata
keçirilməsi üçün hər şeydən əvvəl
dayaq nöqtələrini təşkil edən Arıburnu və
Səddülbahirdəki türk qüvvələrinin yerlərindən
uzaqlaşdırılması lazım idi. İngilislər bu məqsədlə
6 və 7 avqust 1915-ci ildə möhkəmləndirilmiş
qüvvələrlə daha bir hücuma əl atdılar,
düşmən qüvvələri ilə türklər
arasında şiddətli vuruşmalar oldu. Ancaq Mustafa
Kamalın gördüyü tədbirlər nəticəsində
düşmənin bu hücumu da genişlənə bilmədi.
Arıburnu və Səddülbahirdəki hücüm davam edərkən
ingilislər 6 avqust 1915-ci il axşamı Çanaqqalanın cənub
sahillərinə də ordu çıxararaq irəliləməyə
başladı. Beləliklə, Anafartalar rayonunda da vəziyyət
gərginləşdi. Getdikcə genişlənən bu
böhranlı vəziyyətlə əlaqədar olaraq, Liman
fon Sandersin əmri ilə komandanlıqda dəyişiklik edilərək,
"Anafartalar qrupu komandanlığına" 8 avqust 1915-ci
ildə albay Mustafa Kamal gətirildi. 9 avqust 1915-ci ildə
komandanlığı ələ alan Mustafa Kamal gözlənilmədən
həmin gün hücumla irəliləyən ingilis qüvvələrini
təkrar desant çıxardıqları sahilə
qaytardı. Həmin günün axşamı Conkbayır
rayonuna keçmək istəyən həmin qüvvələri
də 10 avqust 1915-ci ildə səhər tezdən hücuma
keçirdi. Beləliklə, düşmənin irəliləməsinə
imkan verilməmiş, əksinə, onlar tutduqları mövqelərdən
tamamilə çıxarılaraq, Anafartalar rayonuna tam mənası
ilə hakim olunmuşdu.
Mustafa Kamal 25 aprel 1915-ci
il hücumunda olduğu kimi, 9 və 10 avqust həmləsində
də bilavasitə atəş altında olmuş, atəş
xəttindən əmrlər vermiş və belə hərəkətləri
ilə tabeliyində olan zabit və əsgərlər
üçün tükənməz cəsarət
qaynağı olmuşdur. Conkbayırda ürəyinə
tuşlanmış bir güllə cibindəki saata dəyib
yerə düşdü və bununla da o açıq-aşkar
ölümdən qurtardı. Bu, bəlkə də Mustafa
Kamalın deyil, türk xalqının bəxtinin gətirməsi
idi. Bu döyüşlər gedişində göstərdiyi qəhrəmanlıq,
fövqəladə sərkərdəlik qabiliyyəti, ona
ölkə daxilində və xaricində böyük
şöhrət qazandırdı. Artıq o, "Anafartalar qəhrəmanı"
kimi şöhrətlənirdi.
Aylarla davam edən desant
əməliyyatlarına baxmayaraq irəliləyə bilməyən
ingilislər, nəhayət, 1915-ci ilin dekabrında müttəfiqləri
ilə bərabər Çanaqqaladan geri çəkilməyə
məcbur oldular. Onların Çanaqqalanı keçə bilməməsi
İstanbulun ingilislər tərəfindən
işğalının qarşısını almış,
onların müttəfiqləri olan ruslarla birləşmək
planlarını və strateji məqsədlərini pozmuş
oldu. İngilislərin canlı qüvvə, silah-sursat
baxımından türklərdən xeyli üstün
olmasına baxmayaraq, türk əsgərinin rəşadət
və yenilməzliyi, Mustafa Kamalın sərkərdəlik qabiliyyəti
daha üstün çıxdı.
Beləliklə, İngiltərə
və Fransa Gelıbolu yarımadasını tərk etdilər.
Onların orada 6 generalı öldürüldü, xeyli əsgər
və zabitləri həyatını itirdi. Müttəfiq
qoşunların burada verdikləri itkilər 330 min, türklərin
isə 218 min olmuşdu. Ən böyük itkiyə isə
çoxu gənc və təcrübəsiz olan Britaniya
alayları məruz qalmışdı.
Bu baxımdan, ibrətamiz
bir döyüş epizodunu xatırlatmaq yerinə düşərdi.
Podpolkovnik Mustafa Kamal
Çonkbayıra gəldiyi zaman 9-cu diviziyanın tərkibində
olan 27-ci alayın hissələrindən birinin
"döyüş sursatımız qurtardı" deyərək
başıpozuq şəkildə geri çəkildiyini
görür və onları dayandırdı:
Niyə
qaçırsınız?
Əfəndim,
düşmən
Haradadır?
Orada-deyə
təpəni göstərirlər.
Düşmənin
qabağından qaçılmaz,-dedim.
Sursatımız
qurtardı.
Sursatımız
yoxsa, süngümüz var.
Mustafa Kamal
"Süngünü tax!" əmrini verir və
döyüşə atılan türklər süngü
savaşı ilə Conkbayırı düşməndən
azad edirlər.
Samir BEHBUDOV
Hərbi and.- 2009.- 10 yanvar.- S.6.