“Özüm də itirəm vaxtın içində”
Dünyaya şair taleyi
ilə doğulan insanlar bütün ömürləri boyu
sözün enerjisini daim diri saxlamaq, sözləri bir-birinə
hörərək onların yeni məna qatlarını, ifadə
çalarlarını üzə çıxarmaq kimi müqəddəs
bir missiyanı yerınə yetirirlər. Sözlər isə
dünyanı dərketmə, anlama və düşünmə
prosesinin özülündə dayandığından poeziya
dolayısı ilə həm də dünyanı yenidən
yaratmaq, yeni nizam və düzəndə sərgiləmək cəhdidir.
Şairlik iddiasında bulunan hər bir istedad sahibi bu işin məsuliyyətini,
necə böyük bir risklə bağlı olduğunu bir an
belə unutmamalı, çiynini verdiyi yükün
ağırlığından nə vaxtsa xoflanmayacağına
tam əmin olmalıdır. Əks təqdirdə onun
yazdıqları sözü diriltmək əvəzinə
öldürmək, dünyanı yenidən qurmaq əvəzinə
dağıtmaq şakərindən o yana keçməyəcək.
Ramazan Səməroğlunun
"Özüm də itirəm vaxtın içində"
adlı şeirlər kitabı müəllifin poeziyanın
missiyasını düzgün dərk etməsi, onu təmənnasız
və iddiasız münasibəti haqqında dolğun təəssürat
yaradır.
Sadəlik və ciddilik
Ramazanın poetik üslubunun ən xarakterik cəhətləri
kimi təzahür edir. O, bəzi qələm sahibləri kimi
intellektual görünmək xatirinə yersiz söz oyununa aludə
olmur, mürəkkəblik, yalançı filosofluq kimi
aldadıcı (və zahirən parıltılı) fəndlərə
uymur, şeirlərini təbii duyğu və hisslərinin ifadəsi
üzərində qurur. Onun demək olar ki, bütün
şeirlərinin arxitektonikası bu prinsipə tabedir.
Yağış istəyirəm
qəfildən yağa,
Mənsə uşaq təki
göylərə baxam.
Sənin göz
yaşının damcılarını
Nə ola,
yağışın içində tapam.
Bu dörd misra boyunca
ifadə olunan obrazlı təfəkkür tərzi və dil,
bədii təhkiyə üslubu Ramazanın poetik dəsti-xəttinin
xarakterik cizgiləridir- desəm qətiyyən yanılmaram.
Sevgilisinin göz yaşları ilə yağış
damlaları arasında assosiativ paralellər aparan şair
öz subyektiv hisslərini, duyğularını poetik obrazlar səviyyəsinə
qaldıra bilir:
Oxşayam o şəffaf
yaş damlasını,
Qoyam ürəyimin başına onu.
Görəsən ürəyim
sərinləyərmi.
Duysa bu damlanın
yaş olduğunu?
Qeyd etməyi lazım
bilirəm ki, Ramazan bu kitaba qədər fəal jurnalistika
yaradıcılığı ilə məşğul
olmuş, bir sıra uğurları ilə auditoriyanın rəğbətini
qazanmışdır. Məsələnin bu tərəfi,
heç şübhəsiz ki, onun poetik
yaradıcılığına da təsirsiz ötüşməmişdir.
Publisistik vüsət, vətəndaş
narahatlığı, müasir dünyada baş verən
mürəkkəb olaylara çevik, operativ münasibət
onun kitaba daxil edilmiş bir çox şeirlərində
qabarıq duyulur. Özü də publisistik və poetik təfəkkürün
sintezi Ramazanın yaradıcılığında, təbii bir
prosesin qanunauyğun nəticəsi kimi təzahür edir.
Sosial haqsızlıqlara, erməni təcavüzünün
doğurduğu problemlərə, mənəvi eybəcərliklərə
qarşı barışmaz mövqedə dayanan şair yeri gələndə
müraciət etdiyi mövzuların, ifadə etdiyi mətləblərin
ağırlığını sanki publisistika və
poeziyanın vəhdətində yüngülləşdirməyə
çalışır, qəlbinin nisgilini, itirilmiş yurd həsrətini
poetik düşüncənin sığalı ovundurur:
Bir qocanı ağlar
gördüm,
Göz yaşından od
ələndi.
Vətən deyib nalə
çəkdi
Yer də, göy də
silkələndi.
Vətənə tükənməz
və təmənnasız məhəbbət, yurd yerinin
müqəddəsliyi, itirilmiş torpaqların tezliklə geri
qaytarılacığına sarsılmaz inam "Vətən"
başlığı altında toplanmış şeirləri
minlərlə, milyonlarla vətən övladının qəlbindən
püskürən duyğuların ümumiləşdirilmiş
ifadəsinə çevirir.
Təqvimlər dəyişir,
zaman da gedir,
İllər yaş
sırıyır yaşımız üstə.
Kəsə bilərdikmi
vaxtın qarşısın?
Tutub saxlasaydıq ili qəfəsdə.
Müəllifin əksər
şeirlərində tez-tez müraciət etdiyi, poetik fikrin
predmetinə çevirdiyi məfhumlardan biri də zaman
anlayışıdır. Ramazanın öz təbirincə desək,
"nazlanıb gedən" zamana belə həssas münasibət
onun vəfasızlığının, insanı son mənzilə
aparan amansız sürətinin xofu ilə bağlı deyil. Əksinə
qocalığına "xoş gəldin" deyərək
onun "qabağına düşməyi" bacaran müəllif
zaman kateqoriyasına həm sonsuzluğun və
bütövlüyün, həm də əbədiliyin rəmzi
kimi baxır. Əslində poeziya, şeriyyət də sonsuz
dünyanın əbədi hikmətlərini sözlə ifadə
etmək yanğısıdır. "Özüm də itirəm
vaxtın içində" kitabında toplanmış
şeirlər sübut edir ki, onun müəllifinin poetik
ilhamı sahibinin bu yolda yeni uğurlar qazanacağına tam təminat
verir.
Əlisəftər HÜSEYNOV
Sənətşünaslıq namizədi
Hərbi and.-2009.-10 yanvar.-S.14.