Sözün bitdiyi yer...
“Musiqi – yeganə incəsənətdir ki, insan ürəyinə
dərindən süzülür, bu hissi nə təsvir edə
bilər?”
Standal
Məşhur skripka ustası Səlim Abbasovun musiqi dühasına ithaf edirəm
Deyirlər ki, hiss və duyğuların sözlə ifadəsi mümkün olsaydı, bəlkə də musiqiyə ehtiyac
qalmazdı. Doğrudan da, əgər söz insan qəlbini riqqətə gətirən bütün hiss və duyğuları olduğu kimi, bütün çılpaqlığı
ilə
təsvir edə bilsəydi, o zaman musiqi heç bir dərin məna və əhəmiyyət kəsb etməyən sənət kimi o qədər də tərəqqi etməz, insan qəlblərini fəth edə bilməzdi. Musiqinin məhz sözün bacarmadığı missiyanı
yerinə
yetirməsi onu hər kəs, o cümlədən də sözün özü üçün əvəzedilməz edir. O yerdə ki, söz öz hədsiz qüdrəti və dərin müqəddəsliyinə rəğmən insan ruhunun dərinliklərindən süzülüb gələn hisləri dəqiqliklə əks etdirə
bilmir, o yerdə ki, insan duyğuları söz qəlibinə sığışmaqdan, öz
azadlıq və sonsuzluğunu bu qəliblə məhdudlaşdırmaqdan imtina
edir, o zaman musiqi – insanın yer üzündəki ən böyük, ən ecazkar kəşflərindən biri dövriyyəyə girir. Musiqi sözlə ifadə edilməyən hiss və duyğuları öz sehirli sədaları ilə
bir
insan
qəlbindən digər insan qəlbinə “köçürür”. İnsan ruhunun bütün ağrı və iztirabı, kədər və nisgili, sevinc və məyusluğu məhz musiqinin füsunkar sədaları sayəsində “dilə
gəlir”, digər insanların xatirə və yaddaşında əbədiləşir. Başqa
sözlə desək, sözün gücsüzləşdiyi dəqiqələrdə musiqi önə çıxır, bir möcüzə digər möcüzə ilə əvəzlənir. Sözün beyinə hopdura
bilmədiyini
musiqi
bilavasitə
ruha, təxtəlşüura həkk edir. Musiqi sözün bacarmadığını bacarır, bir rəssamdan fərqli olaraq insan hiss və duyğularını bəyaz tablo üzərində rəngli boyalarla deyil, qəlblər üzərində, not və səsin ittifaqı halında təsvir edir.
Əsl
sənətkara məxsus gerçək musiqi insan hislərinə sonsuz həyat və əbədiyyət qazandırır. Lakin təəssüflər olsun ki, bütün gözəlliklər kimi yaxşı musiqi nümunələri və sənətkarlara da çox
az
hallarda, nadir şəkildə rast gəlmək olur.
Çağdaş Azərbaycan
musuqisinin
bu
cür nadir və əvəzedilməz təmsilçilərindən biri də tanınmış skripka ustası,
əməkdar artist Səlim Abbasovdur.
O,
kimdir
– peşəkar qatil, yoxsa məsum xilaskar?
S.Abbasovun kim
olduğunu, onun Azərbaycan musiqi
sənətindəki yeri və rolunu anlamaq üçün sözügedən skripka ustasının ifa etdiyi bir tək musiqiyə qulaq asmaq, onun adi bir ifasını dinləmək kifayətdir. S.Abbasovun skripkasının tellərindən qopub gələn istənilən bir ifanı dinləmək müəllifin nə qədər böyük bir ürəyə, fitri bir istedada malik olduğunu anlamaq üçün yetərlidir. O, öz sehirli ifası
ilə
insan
qəlbini tədricən, zərrə-zərrə, hissə-hissə ələ alır, onu dinləyicinin özünün də hiss etmədiyi bir ustalıqla fəth edir. S.Abbasovun musiqisinə
qulaq
asan
hər kəs cəmi bir neçə dəqiqədən sonra bu musiqinin axarına qoşulub getdiyini, özünü və ətrafdakı hər kəsi, hər şeyi unutduğunu, artıq “fəth edildiyini” dərk edir. Cəmi bir neçə dəqiqəlik ifadan sonra dinləyici başa düşür ki, onun qarşısında sadə bir musiqi ifaçısı deyil, insan qəlbinin, insan duyğularının mükəmməl bilicisi əyləşib. Elə bir bilici
ki, o öz sirli və ecazkar musiqisi
ilə
istənilən insanın ruhuna təsir göstərməklə onu həm həyatın, həm də intiharın astanasına sürükləyə bilər. Onun sehirli skripkasından insan ruhuna
elə bir kədər, elə bir fəryad axa bilər ki, insan qəlbi bu ağının qəlb göynədən iniltisinə sona qədər davam gətirməyərək parçalana bilər. Bu “danışan”, “dilə gələn” skripka bir anın içində insanı öz qəm, qüssə fırtınasında elə taqətdən salar ki, insan bu hədsiz matəmin iztirabından qurtulmaq üçün ölümü qeyri-iradi olaraq, böyük bir həvəslə səsləyər. Və əksinə, bu “kədərli skripka” birdən-birə insana elə gözəl, sevincli, işıqlı həqiqətlərdən bəhs edə bilər ki, hətta ölüm ayağında olan xəstə belə qışın dondurucu soyuğuna baxmayaraq qar üzərindən günəşə boylanan çiçək kimi həyata sonsuz bir ümid və şəfqətlə
baxa
bilər. Bir sözlə, çoxlarının əlində adi taxta parçasından fərqlənməyən bu skripkanın S.Abbasovun əlində
əsl həyat qaynağı,
xilas
və qurtuluş mənbəyinə çevrilməsi mümkündür. Bu mənada S.Abbasovun qatilmi, xilaskarmı
olduğu birmənalı olaraq bəlli deyil. Lakin bəlli olan bir həqiqət var. O, öz musiqisi ilə
köksündə daş deyil, qəlb daşıyan hər kəsi öldürməyə də, yaşatmağa da qadirdir və elə bu bacarığına görə onun qarşısında baş əyməyə dəyər.
Qorxun, ruh ovçusu gəlir!
S.Abbasovun doyumsuz
ifasından, hədsiz enerji və dinamika ilə
yüklənən çalğısından çox bəhs etmək, bu ifaya müxtəlif kontekslərdən yaxınlaşmaq olar. Lakin bu ifaya necə, hansı nöqteyi-nəzərdən yanaşmağımızdan asılı olmayaraq, nəticə dəyişilməmiş qalacaqdır. İstənilən təhlil və ümumiləşmənin sonucu göstərəcəkdir ki, bu ifa həyat və yaşamın, insan qəlbini ehtizasa gətirən hiss və duyğuların hədsiz dəqiqliklə əks edilən inikası deyil, özüdür. Buna görə də, S.Abbasovun ifasına maddi baxımdan qiymət qoymaq, bu ifanı hər hansı formada
maddiləşdirmək mümkün deyil. Çünki istənilən maddi qiymətləndirmə mexanizmi,
istənilən rəqəm və ya məbləğ bu ifa qarşısında son dərəcə miskin və
cılız qalacaqdır. Əslində S.Abbasovun ifasının qiyməti də
onun qiymətsizliyində, yalnız mənəvi qiymətləndirmə
sisteminə
tabe olmasındadır.
Bütün bu amillər səbəbilə S.Abbasovun ifası
ilə
bağlı insanın öz fikir və qənaətini söz və cümlələr vasitəsilə lazımi dəqiqliklə ifadə
etməsi mümkünsüzdür. S.Abbasovun ifasına sözün verə biləcəyi ən dəqiq qiymət yalnız bu ola
bilər: sözün bitdiyi yer! Doğrudan da, insan ruhuna hökm edən, onu kədərə və sevincə məhkum edən bir ifaya başqa cür qiymət vermək mümkün deyil. Odur ki, hətta üfüqündə belə S.Abbasovun gəlişi gözlənilən istənilən məclisin iştirakçılarına yalnız bunu demək olar: “Qorxun, ruh ovçusu gəlir!”
Seymur ƏLİYEV
Hürriyyət.- 2012.- 29
oktyabr -1 noyabr.- S.11.