Yaşar Nuri vəfat etdi…

 

Xalq artisti dünən II Fəxri xiyabanda dəfn edildi

 

Azərbaycan xalq artisti, Akademik Milli Dram teatrının aktyoru, Prezident təqaüdçüsü, Şöhrət ordenli aktyor Yaşar Nuri dünən səhər saatlarında vəfat edib. Qeyd edək ki, Azərbaycan kino və teatrında əvəzsiz rolların ifaçısı olan Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib.

 

Milli teatrımızın səhnəsində yüzlərlə maraqlı obrazı canlandıran, tamaşaçıların sevimlisinə çevrilən Yaşar Nuri son mənzilə Akademik Milli Dram Teatrından yola salınıb. Aktyorun cənazəsi vida mərasimi üçün gətirildikdə zalda olanlar onu alqışlarla qarşılayıblar. Onunla vida mərasimi saat 13:00-da Akademik Milli Dram Teatrında başlanıb. Saat 14:00-da matəm mitinqi keçirilib və daha sonra aktyor Fəxri Xiyabanda dəfn olunub.

 

Yaşar Nuri ilə vidalaşırıq!

 

Vida mərasimində iştirak edən unudulmaz aktyorun dostları onun haqqında fikirlərini bildiriblər. Əməkdar artist Zöhrə Abdullayeva ANS PRESS-ə açıqlamasında bu itkinin bütün mədəniyyətimiz üçün böyük zərbə olduğunu bildirib: “Biz Yaşar Nurini qoruya bilmədik”.

Əməkdar artist Baloğlan Əşrəfov Yaşar Nuri Türkiyədə müalicə olunarkən ona bir neçə dəfə baş çəkdiyini və səhhəti ilə maraqlandığını bildirib. “O, Türkiyədə bir müddət mənimlə eyni xəstəxanada müalicə olunub. Bu cür aktyoru itirmək böyük itkidir”, – deyə Baloğlan Əşrəfov bildirib.

Vida mərasimində olan müğənni Cavan Zeynallı da mərhum aktyor haqqında fikirlərini çatdırıb: “Yaşar Nuri mənim sevimli aktyorum idi. O, həm bir insan kimi həm də bir sənətkar kimi əvəzsiz idi. Onun vəfatı mədəniyyətimiz üçün ağır itkidir”.

 

Rəhimə Nuriyeva: “Yaşar Nurini həm də oğlum kimi sevirdim”

 

Vida mərasiminə qatılan xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyeva ANS PRES-ə açıqlamasında bu itkinin onun üçün ağır dərd olduğunu bildirib: “Xəstə olduğu 5 il ərzində mən Yaşarı bir oğlum kimi də sevdim. Ona qulluq etdim, qayğısına qaldım. O, xəstəliyə boyun əymədi, onun qarşısında əyilmədi”. Yaşar Nurinin qızları isə ata dərdinin ağır olduğunu və onlar üçün çox çətin olduğunu bildirdilər.

 

Firəngiz Mütəllibova: “Onsuz necə yaşayacağımı ağlıma belə gətirə bilmirəm “

 

“Yaşarın rəhmətə getməsi xəbərini eşitdikdə sanki yarım getdi”. Bu sözləri isə xalq artisti Firəngiz Mütəllibova Akademik Milli Dram teatrında Yaşar Nuriyə həsr edilmiş vida mərasimində deyib. “Firəngiz deyəndə hamının ağlına Yaşar, Yaşar deyəndə isə Firəngiz gəlirdi. Onsuz necə yaşayacağımı ağlıma belə gətirə bilmirəm”, – deyə Firəngiz Mütəllibova bildirib.

 

Habil Əliyev: “Mən Yaşarı bağışlamayacam…”

 

“Mən Yaşarı bağışlamayacam. O, mənim növbəmi əlimdən aldı”. Bu sözləri isə dünən Akademik Milli Dram teatrında Yaşar Nurinin vida mərasiminə qatılan xalq artisi, kaman ustası Habil Əliyev bildirib.

 

Xalq Artisti II Fəxri Xiyabanda torpağa tapşırılıb.

 

Qeyd edık ki, Xalq Artisti saat 15.00-da II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Xatırladaq ki, 2008-ci ilin mayında Yaşar Nuri İstanbul klinikasında qaraciyərindən əməliyyat olunmuşdu. O, 2009-cu ilin axırı 2010-cu ilin əvvəlində İstanbulun “Memorial” xəstəxanasında müalicə almışdı. Keçən ilin noyabrında aktyorun səhhəti yenidən pisləşmişdi. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilib və Bakı Mərkəzi Gömrük Hospitalında müalicə almışdı.

Yaşar Nuri 1951-ci ilin sentyabrın 3-də Bakı şəhərində, tanınmış azərbaycanlı aktyor M.Nuriyevin ailəsində anadan olub. 1972-ci ildə Yaşar Nuri M.A.Əliyev adına Azərbaycan Teatr İnstitutunu bitirib.

1974-cü ildən o, Azərbaycan Dövlət Drama Teatrın aktyorudur. O, “Bəyin oğurlanması”, ”Yaramaz”, “Yol əhvalatı”, “Hər şey yaxşılığa doğru”, “Yoxlama” kimi məşhur filmlərdə, “Yarımştat”, “Göz həkimi”, “Kişilər” kimi teletamaşalarda rol oynayıb.

Yaşar Nuri 1989-cu ildən bəri Azərbaycanın xalq artistidir. Azərbaycanın “Şöhrət” ordeni ilə təltif olunub.

 

Allah rəhmət eləsin!

 

 

Hazırladı: RƏŞAD

 

Hürriyyət.- 2012.- 23-25 noyabr.- S.13.