Erməni yalanı
Türklər ermənilərə
qarşı düşmənçilik siyasəti
yürütsəydi, indi nəinki erməni adlı etnik qrup
olmazdı, hətta onların izi tarixdən tamamilə silinərdi
Bu gün ermənilər Ermənistan
adlı dövlətdə yaşayırlarsa və
dünyanın müxtəlif yerlərində “soyqırım”
iddialarıyla çıxış edirlərsə, deməli
türklərin onları fiziki cəhətdən məhv etmək
hədəfi heç bir zaman olmayıb
(Əvvəli ötən
sayımızda)
Dəfələrlə Qars və Bəyazid
uğrunda gedən döyüşlərdə qəhrəmanlıq
göstərib rusları geri oturdan türk ordusu, nəhayət,
1878-ci ildə bu şəhərləri müharibəsiz tərk
edib Ərzuruma çəkilmişdi. Məqsəd
döyüşlərdə taqətdən düşən
ordu hissələrini tamamilə məhv olmaqdan qorumaq idi. Tarixə
1877-1878-ci illər Rus-Osmanlı müharibəsi kimi
düşən bu döyüşlər Osmanlıların
ağır məğlubiyyəti ilə nəticələnmişdi.
Bütün Balkanları və Şimali Anadolunun bəzi vilayətlərini
itirən Osmanlı Berlin sülh müqaviləsinə qol
çəkmək məcburiyyətində qalmışdı.
Həmin müqavilənin 61-ci bəndində ermənilərin
qorunması və onların milli-mədəni haqlarının
tanınması kimi olduqca ağır şərtlər yer
almışdı. Tarixdə ilk dəfə Ermənistanın
qurulması öhdəliyi gündəmə gəlmiş və
Osmanlı dövləti də bununla
razılaşmışdı. Ən ağır şərt isə
ermənilərin hüququnun qorunmasında xarici dövlətlərin
qarantorluğunun qəbul olunması idi ki, bu öhdəliklə
faktiki olaraq Osmanlı dövləti öz daxili siyasətinin
müəyyənləşməsində suverenlik
haqqını itirmişdi.
Bu sülh müqaviləsi şəraitində
40 il rus işğalında qalan Qarsda ermənilər türk
xalqına qarşı qətliam törədir, onları
öz torpaqlarından çıxmağa məcbur edirdilər.
Tarixi məlumatlara görə yalnız 1878-1881 illərdə
82.000 türk Qarsı tərk edib Ərzurum çevrəsinə
yerləşmişdilər. Qətliamdan qaçıb
Naxçıvana sığınanların sayı isə 10
minlərlə ölçülürdü. Rus-erməni hərbi
birləşmələri bununla kifayətlənmir, yaxın
bölgələrdə yaşayan erməniləri də
üsyana təşviq edirdilər. Bir tərəfdən xarici
basqılar, bir tərəfdən isə daxildəki ermənilərin
özbaşınalığı baş alıb gedirdi. Qətliamların
ardı-arası kəsilmirdi.
Ermənilərin dəstəkçisi
yalnız ruslar da deyildi. Tarixi şəraitdən istifadə edən
Fransa, İngiltərə, ABŞ da Osmanlı torpaqlarında
seperatçı erməni təşkilatları yaradır,
onları ticari əlaqələrə cəlb edərək həm
iqtisadi cəhətdən Osmanlını ələ
keçirmək imkanına sahib vəziyyətə gətirir,
həm dini, həm də siyasi təşkilatlar adı
altında birləşdirirdilər. Təbii sərvətləriylə
seçilən, strateji əhəmiyyətə malik olan
Yaxın Şərqi Osmanlıların tam nəzarətindən
çıxarmaq üçün onun daxilən
parçalanmasını arzulayan bütün imperialist güclərin
əlində ermənilər əsas strateji silaha
çevrilmişdilər.
Bu, o zamana təsadüf edirdi ki,
Osmanlının digər xristian təbəələri faktiki
olaraq ondan ayrılmışdılar. Heç olmasa əlində
qalan torpaqları qorumaq istəyən Osmanlı da artıq
yarandığı ilk dövründəki kosmopolit xarakterindən
geri çəkilmişdi. Onun siyasi təfəkkürünə
Pan-islamçı ideologiya hakim olmuşdu. Bununla belə,
xarici havadarları tərəfindən dəstəklənən
ermənilərin hüquqları digər müsəlman
xalqlarla müqayisədə daha artıqdı, amma yenə də
dövlətin siyasi ideologiya olaraq Pan-islamizmə yönəlməsi
erməni millətçilərinin əlində növbəti
bəhanə olaraq istifadə olunmağa
başlanmışdı. Baxmayaraq ki, ermənilər hətta
bu gün belə bir sıra ölkələrdə
keçirilməsi xəyal kimi görünən siyasi aksiyalar
təşkil edir, yürüşlər keçirir, 1908-ci ildə
qurulan Osmanlıların parlamentində 14 millət vəkili ilə
təmsil olunurdular.
Xaricdə yaradılan təşkilatları
Türkiyənin bir sıra vilayətində erməni dövlətinin
qurulduğunu elan edir və onların təşviqi ilə həmin
vilayətlərdə üsyanlar baş qaldırırdı.
1890-1904-cü illərdə bu üsyanlar Van, Bitlis, Samsun,
Trabzon, Harput, Muş və Birecik ellərində xüsusilə
geniş vüsət alırdı. Getdikcə
dağılmağa doğru üz tutan Osmanlının I
Dünya Müharibəsinə girməsinin əsas səbəblərindən
biri yaranmış bu siyasi böhranı aradan qaldırmaq idi.
Həmin müharibədə tale onu yenə
Rusiya ilə üz-üzə gətirmişdi. Sərhədlərini
qorumaq üçün isə, çarəni ruslarla əməkdaşlıq
edən erməni əhalisini həmin ərazidən
uzaqlaşdırmaqda görürdü. Osmanlı dövləti
bu ağır şəraitdə belə siyasi təmkinini
itirmir, çıxartdığı təchir
(köçürülmə) fərmanı ilə ermənilərin
evində məskunlaşacaq əhalidən ev sahiblərinə
kirayə haqqı verilməsini və müharibədən
sonra mülkləri sahiblərinə qaytarmağı tələb
edirdi. Üstəlik, erməniləri köç
sırasında kürdlərdən və çərkəzlərdən
qorumağı rəsmi fərmana salır və bunu öz ordu
mənsublarına tapşırırdı.
Təhcir fərmanındakı bu detala nəzər
salanda o dövrdə ermənilərə qarşı
vuruşanların belə türklər deyil, kürd və
çərkəzlər olduğunu görə bilərik. Fərmandakı
bu məqamı 1877-78 illərdə baş vermiş
Rus-Osmanlı müharibəsindən sonra bağlanan Berlin və
Ayastefanos müqavilələri də təsdiqləyir və
Osmanlı dövlətinin erməniləri o dövrdə belə
öz himayəsi altına aldığını sübut edir.
Ayastefanos müqaviləsində eynilə belə deyilirdi:
“Ermenistan’dan Rusya askerinin istilası
altında bulunup Osmanlı Devleti’ne verilmesi gereken yerlerin
boşaltılması oralarda iki devletin dostane ilişkilerinde
zararlı karışıklıklara yol açabileceğinden,
Osmanlı Devleti Ermenilerin barındığı eyaletlerde
mahalli menfaatlerin gerektirdiği ıslahat ve düzenlemeyi vakit
kaybetmeksizin yapmayı ve Ermenilerin Kürtlere ve Çerkezlere
karşı güvenliklerini sağlamayı garanti eder”.
Nə yazıq ki, sonrakı dövrlərdə
imperialist qüvvələrin təhriki ilə kürd millətçiləri
də erməni seperatistlərinə qoşulacaq,
yaşadığı coğrafiyada sülhün və əmin-amanlığın
qarantoru kimi çıxış edən türklərə
qarşı birləşəcəkdilər.
Bir sıra əcnəbi tarixçilər
də “soyqırım” iddialarını inkar edir və iddia
olunduğu kimi həmin hadisə zamanı 1,5 milyon erməninin
ölmədiyini, bu itkinin sadəcə 200 min olduğunu
bildirirlər. Onların da əksəriyyətinin xəstəlikdən
və qida çatışmazlığından həyatını
itirdiyi söylənir. Qeyd edək ki, I Dünya Müharibəsi
zamanı bu səbəblərdən ölüm olduqca təbii
hal sayılırdı. Həmin illərdə eyni səbəblərdən
ölən müsəlmanların sayı 1 milyonu keçirdi.
Bütün bunlar “erməni soyqırımı”nın yalandan
ibarət olduğunu və Osmanlını parçalamaq istəyən
güclər tərəfindən uydurulduğunu sübut edir.
Necə ki, Osmanlı dövlətinə məhəbbəti
olmayan və onun bütün ənənələrini inkar edən
Atatürk də hadisəni belə qiymətləndirmişdi:
“Ermeni meselesi Ermeni milletinin gerçek çıkarlarından
ziyade, dünya kapitalistlerinin ekonomik çıkarlarına
göre halletmek isteyen meseledir”.
Atatürkün dünya kapitalistlərinin
iqtisadi maraqlarının təzahürü kimi qiymətləndirdiyi
erməni problemi Rusiya başda olmaqla, Fransa, İngiltərə
imperializminin əlində yalnız Türkiyəyə deyil, həm
də Azərbaycan türklüyünə qarşı ən
önəmli silaha çevrilmişdi və eyni siyasət bu
gün də davam edir. Sovet hakimiyyəti qurulduqdan sonra bölgə
üzərində istədiyi siyasəti yerinə yetirmək
imkanı qazanan ruslar xüsusilə İrəvan
xanlığı ərazisində etnik təmizləmə
siyasəti yürüdərək azərbaycanlıları
zorla deportasiyaya məcbur etdi və həmin torpaqlarda erməni
dövlətinin möhkəmlənməsinə şərait
yaratdı. Stalin dövründə nəinki İrəvan
xanlığının tarixi ərazilərini, hətta
bütün Azərbaycanı azərbaycansızlaşdırmaq
siyasəti yürüdülmək istənmişdi ki, bu məkrli
siyasətin qabağını II Dünya Müharibəsi
almışdı. Müharibədən sonra yenidən quruculuq
işlərinə başı qarışan SSRİ-nin səhv
təməllər üzərində qurulan iqtisadi siyasəti
və geosiyasi rəqabətlərə aludəçiliyi
planlaşdırılan bu deportasiya siyasətini yenidən həyata
keçirməyə imkan verməmiş və bu siyasət
onun tamamilə çökməsiylə nəticələnmişdi
ki, bütün bunlar ilahi ədalətin Azərbaycan
xalqının üzünə gülməsindən başqa
bir şey deyildi.
SSRİ-nin dağılmasıyla yenidən
erməni məsələsi bölgə üzərində
ağalıq etmək istəyən dünya imperialist qüvvələrinin
bir daha əsas silahına çevrilmiş və yenə
onların təhrikiylə Qarabağ problemi ortaya
çıxmışdı. Bu ədalətsiz müharibədə
hardasa dünyanın bütün böyük güclərinin
dəstəyini alan ermənilər Qarabağı işğal
etməyi bacarmışdır. Yenə beynəlxalq güc mərkəzlərinin
yönləndirməsiylə başı daxili siyasi
münaqişələrə qarışan, zamanında daha
yaxşı silahlanıb problemi böyümədən həll
etmək imkanı məhdudlaşdırılan Azərbaycan isə
məsələni beynəlmiləlləşdirmək məcburiyyətində
qalmışdır. Beynəlmiləlləşmiş bu
problemin həlli isə ATƏT-in Minsk qrupuna həvalə edilmişdir.
Həmin qrupda isə başından bəri erməni probleminin
yaranmasında maraqlı olan və hadisələri öz istədikləri
məcraya yönəltmək istəyən qüvvələr
– Rusiya, Fransa və faktiki İngiltərənin geopolotik varisi
kimi çıxış edən ABŞ təmsil olunur. Bu tərkibdə
bir beynəlxalq missiyayla isə problemi nəinki həll etmək
mümkün deyil, əksinə, daha da dərinləşdirmək
olar.
Erməni probleminin yaradılmasının
başlıca məqsədi isə yalnız Azərbaycanı
və Türkiyəni nəzarətdə saxlamaq, onlara
qarşı bu kartdan istifadə edib müxtəlif güzəştlər
qopartmaq da deyil. Əsl məqsəd böyük bir
coğrafiyaya yayılan Türklərin bir araya gəlməsinə
imkan verməmək, onların qarşılıqlı əlaqələrlə
iqtisadi potensialını artırıb siyasi güc mərkəzinə
çevrilməsinin qarşısını almaqdır.
Heydər OĞUZ
Hürriyyət.- 2013.-
26-28 aprel.- S.9.