“Sədrlikdən
gedib-getməyəcəyim haqda qərar verməmişəm”
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın APA-ya müsahibəsi
- Anar müəllim, indi yazıçılıq gənclik üçün perspektivsiz peşə hesab olunur. Yəni əvvəlki imtiyazlar, dividentlər yoxdur, hansısa karyera yüksəlişinə ümid eləmək olmaz. Amma ədəbiyyata axın yenə çoxdur. Hətta deyəsən, Sizin gənclik dövrünüzdən də çoxdur. Bunun səbəbləri haqqında düşünmüsünüzmü?
- Bunun səbəbləri haqqında bir
şey deməzdən öncə gəlin, bir məsələni
aydınlaşdıraq. Ədəbiyyata gələnlər -
istər cavan olsun, istər qoca - nəyə görə gəlirlər?
Sizin dediyiniz kimi imtiyazlar, dividentlər, karyerə yüksəlişi
üçün gəlirlərsə, deməli, bu adamların
ədəbiyyata ümumiyyətlə, dəxli yoxdu. Başqa
peşə seçib imtiyaz, divident və karyera istəklərini
o peşədə həyata keçirməyə cəhd etsinlər.
Yazıçılıq mənəvi ehtiyacdan, insanlara demək
istədiyin sözünün olmasından, xalqına,
yaşadığın cəmiyyətə xidmət etmək tələbatından,
ürəyini boşaltmaqdan qaynaqlanır və əgər
bunları etmək üçün ədəbi istedadın
varsa, ağır zəhmətə qatlaşmağa
hazırsansa, onda bu peşəni seç. Bunların heç
biri yoxdursa, özünü bəri başdan bədbəxt eləmə.
Bizim dövrümüzlə indiki zaman arasında ədəbiyyata
axının fərqinə gələndə isə onda da,
indi də bu axının eyni səbəbləri vardı, ədəbiyyata
karyera, tanınmaq üçün gəlmək istəyənlər
və heç nə ummadan, təmənnasız yazıb
yaratmağa ehtiyac duyanlar... Bunlarla bərabər,
özünü istedadlı bilib, bu işə qurşanan xeyli
qrafomanın, cızma-qaraçının da olduğunu nəzərə
almalıyıq. Onu da deyim ki, Yazıçılar Birliyini
lazımsız təşkilat hesab edənlərin
iddialarına rəğmən bura axın azalmır, ildən-ilə
artır. Elə indinin özündə də üzv olmaq
üçün iki yüzdən artıq ərizə var. Həm
də daha keçmiş dövrlərdəki kimi, heç bir
imtiyazlar olmadığını bilə-bilə…
- Kitaba, ədəbiyyata cəmiyyətdə solaxay münasibət var. Bu, ilk dövrlərdə qarışıqlıq, insanların maddi vəziyyəti ilə bağlı idi. İndi sular durulub, ədəbiyyat isə «su üzünə» çıxmaq istəmir ki, istəmir. Ədəbiyyatın gündəmə gəlməsinin yolu nədən keçir?
- Səbəbləri sadalayım: dediyiniz
kimi, ötən illərin ictimai
qarışıqlığı bir səbəbdir. Başqa səbəblərə
də bir-bir nəzər salaq: insanların çoxunun maddi vəziyyətinə
görə hələ də kitab almaq imkanına
çatmaması, TV kanallarının birə on dəfə,
xarici kanalları da saysaq, birə yüz artması, internet,
Sovet dövründə real həyat problemləri haqqında
az-çox dəqiq məlumatı bədii ədəbiyyatdan
alındığı halda, indi qəzetlərdə hər
növ yazı oxuya bilmək imkanı. Üstəlik, elə həmin
qəzetlərin çoxunun, ümumiyyətlə, mətbuatın,
internet saytlarının böyük qisminin insanları
qalmaqala, sensasiyaya, skandala alışdırması, bəzi TV
kanallarında tamaşaçını bayağı,
zövqsüz verilişlər və teleseriallar vasitəsiylə
yetişdirməsi… Belə kütləvi həmlələr
qarşısında həqiqi ədəbiyyatın duruş gətirməsi
asan iş deyil. Bunu da unutmayaq ki, kiril əlifbasından
latın əlifbasına keçid dövründə düz
on il latın əlifbasıyla dərsliklərdən başqa
kitablar nəşr olunmadı və bütün bir nəsil bədii
ədəbiyyatsız yetişdi. Daha dəqiq desək,
bütöv bir nəsil Azərbaycan dilində bədii ədəbiyyatdan
- istər klassiklər olsun, istər çağdaşlar, bixəbər
qaldılar, mütaliədən yadırğadılar. Bu itkiləri
isə sonradan sonraya bərpa etmək açan iş deyil.
Bütün bunlar acı reallıqdır. Amma onu da
unutmamalıyıq ki, bütün dövrlərdə, elə indinin
özündə də həqiqi, ciddi ədəbiyyata
etibarını, sədaqətini qoruyub saxlayan oxucular az deyil. Hər
şeydə olduğu, kimi burda da keyfiyyət kəmiyyətdən
vacibdir. Məhz elə buna görə də əsl ədəbiyyat
«suda batmır», ona görə də onu «su üzünə»
çıxarmağa lüzum yoxdur.
- Doğrudanmı, məsələn, televiziyalar, ali məktəb rəhbərləri, deputatlar kitaba diqqət ayırsalar, problem həll oluna bilər? Yoxsa bunun kökü başqadır?
- Deputatların bu işə necə təsir
edəcəkləri mənə aydın deyil. Yetər ki, bəzi
deputatlar dövlətin ədəbiyyata ayırdığı
vəsaitə və diqqətə qısqanc münasibət bəsləməsinlər.
Təəssüf ki, elə vəzifəlilər də var,
ömründə Azərbaycan dilində bircə kitab
oxumadıqları halda yekə-yekə “bizim nə ədəbiyyatımız
var ki...” deməyə xəcalət çəkmirlər. Ali və
orta məktəb rəhbərləri, həm də tək rəhbərləri
deyil, müəllimlər də, əlbəttə tələbələrdə,
şagirdlərdə ədəbiyyata maraq oyatmaqçün
ciddi səy göstərməlidirlər. Dəyərli
kitabların təbliğatında TV kanallarının da
böyük rolu ola bilər. Elə qəribə bir zəmanədə
yaşayırıq ki, kitab yazmaqdan daha vacib onun təbliğini
təşkil etməkdir. Bəzi hallarda, kobud ifadəm
üçün üzr istəyirəm, zirək müəlliflər
öz yazı-pozularını zorla oxucuya sırıyaraq həqiqi
bədii örnəkləri kölgədə qoyurlar. Bəzənsə
prinsipsiz tənqid ortabab müəllifi elə yüksəkliyə
qaldırır, haqqında elə bəlağətli sözlər
deyir ki, düşünürsən, İlahi, görəsən
Fizuliyə, Vaqifə, Mirzə Fətəliyə, Sabirə,
Mirzə Cəlilə deməyə dilimizdə hansı tərifli
sözlər qaldı? Nə yazıq ki, bu də
dövrümüzün acı həqiqətlərindəndir.
- İdmanın və musiqinin inkişafına çəkilən xərclərin bir hissəsi ədəbiyyatın inkişafı üçün xərclənsəydi, mənzərə necə olardı?
- Necə deyərlər, Allah ağzınızdan eşitsin. Əlbəttə, dövlətin ədəbiyyata göstərdiyi qayğını danmaq nankorluq olardı. Həm də altını cızmaq istərdim ki, dövlətin mədəniyyətə, ədəbiyyata, sənətə qayğısı, bəzilərinin düşündüyü kimi sədəqə deyil, borcdur. Dövlət tibbə, maarifə, idmana vəsait ayırdığı kimi ədəbiyyata, sənətə də vəsait ayırmağa borcludur. Azərbaycan ədəbiyyatının, özəlliklə dünyada tanıdılması, yəni əsas xarici dillərə tərcümə edilməsi üçün xüsusi dövlət proqramı olmalıdır və bu işə, yəni dilin daşıyıcıları olan peşəkar əcnəbi tərcüməçiləri dəvət etmək üçün kifayət qədər vəsait ayrılmalıdır. Madam ki, idmanı və musiqini xatırlatdınız, bir məsələyə də toxunmaq istərdim. Gün kimi aydındır ki, biz - yaşlı nəslin nümayəndələri ədəbi gəncliyin inkişafı üçün əlimizdən gələni etməliyik, amma idmanla ya balet sənətiylə ədəbiyyatın fərqini də unutmamalıyıq. İdmançı, ya balet ifaçısı yaşa dolduqca, təbii qanunlara görə peşəsindən uzaqlaşıb yerini cavanlara verir. Amma məsələn, əlli, altmış yaşında daha da püxtələşən bir nasirə, «sən qocalmısan, daha yazma, qoy cavanlar yazsın» demək düzdürmü? Ancaq uzun illərin təcrübəsiylə əldə olunan biliklərlə, həyat müşahidələriylə dopdolu olan adama «sənin yaşın ötüb, yerini həyat haqqında ən az təsəvvürləri olan sütül cavana ver» demək olarmı?
- 60-cılar nəslindən söhbət düşəndə ilk olaraq Sizin, Elçinin və Əkrəm Əylislinin adı çəkilir. Bu ad ardıcıllığı təbiidir, yoxsa Sizin nəsil haqqında yazan tənqidçilər bu üçlüyü formalaşdırıb?
- Bilmirəm, bu üçlüyü kim
formalaşdırıb, amma 60-cılar nəslini məhz bu
üçlüklə məhdudlaşdırmaq ədalətsizlikdir.
Bu nəslin və ümumiyyətlə, ədəbiyyat
tariximizin ən dəyərli romanlarından birini - «Qətl
günü»nü Yusif Səmədoğlu yazıb. Bu nəslin
İsi Məlikzadə, Fərman Kərimzadə, bir qədər
sonra ədəbiyyata gəlmiş Mövlud Süleymanlı
kimi istedadlı nümayəndələri var və nəhayət,
bu yolu bizim nəsildən daha əvvəl İsa Hüseynov
öz kənd povestləri ilə, Sabir Əhmədli nəsriylə
açıb. Əgər mənim «Nəsrin fəzası»
adlı araşdırmamla tanışsınızsa, mən
orda 60-cılar nəslinin bütün bu adı keçən
nümayəndələri haqqında geniş təhlil
vermişəm. Bu yazıçılar haqqında
yazdığım ayrı-ayrı esse və məqalələrim
də var. Bu nəslə aid rusca yazan müəlliflər
Çingiz Hüseynov, Maqsud və Rüstəm İbrahimbəyovlar,
Natiq Rəsulzadə barədə də dəfələrlə
yazmışam.
- Nə vaxtsa hiss etmisinizmi, Sizin nəsildən olan digər yazıçılar bu üçlüyün adına açıq-açığına nəsə deməsələr də, müəyyən qısqanclıqla yanaşırlar?
- Mən özüm ədəbiyyatda
heç vaxt heç kəsə qısqanmadığım
üçün kimin kimə qısqanması məni əsla maraqlandırmır.
Bir də ki, məncə, istedad heç vaxt başqa istedada
qısqanmaz. Başqasının uğuruna qısqanmaq
uğursuzların adətidir.
- Teatr rəhbərləri dramaturq problemini həmişə qabardıblar. Elçin Əfəndiyev, Hüseynbala Mirələmov, Kamal Abdulla pyeslər yazırlar. Sizin pyes yazmamağınızda tamaşaya qoyulmamaq xofu yoxdur ki?
- Yəni Siz düşünürsüz
ki, mən pyes yazsam, onu tamaşaya qoymazlar?
- Tez-tez eşidirik: “Yazıçılar Birliyinin bu günə qədər qorunub saxlanması Anarın şəxsi nüfuzunun hesabına olub. Bu bina bank da ola bilərdi, restoran da”. Ümumiyyətlə, Birliyin binasının əldən çıxmağına nə vaxtsa təhlükə olubmu?
- Düz deyirlər, amma bircə dəqiqləşdirmə
ilə... Bu, tək Anarın yox, ümumən
yazıçıların nüfuzuyla bağlıdır. Bəzi
sapı özümüzdən olan baltalar, yəni
özünü yazıçı sayan bədxahlarımız
yazıçıların, ümumən
yazıçılığın nüfuzunu nə qədər
zədələməyə, aşağılamağa
çalışsalar da, varlı-karlı adamların, ya
şou ulduzlarının daha çox üzdə olduğu bir
dövrdə yazıçılar hələ də öz
nüfuzlarını itirməyiblər və təmiz
adlarını qoruyub saxlayıblar. Bəlkə elə buna
görə, bol-bol maddi sərvətləri və hər
cür imkanları olanlar hökmən
yazıçılığa can atır. Doğrudur ki, dəfələrlə
binamızı otaq-otaq, mərtəbə-mərtəbə
kirayə vermək, ya tamam satmaq təklifləri
almışıq, hətta keçmiş icra
başçılarından biri Yazıçılar Birliyinin
binasını İngiltərə səfirliyinə vermək
istəyirdi. Ən çətin zamanlarda yalnız birinci mərtəbəmizi
kirayə verərək jurnallarımızı, qəzetimizi
saxlaya bildik, hətta redaksiyalarımız üçün əlavə
bir mərtəbə belə tikə bildik. Ulu öndərimiz
Heydər Əliyev hakimiyyətə qayıdandan bu günə
qədər Birliyimiz də, mətbuat orqanlarımız da, Tərcümə
Mərkəzimiz də büdcədən maliyyələşdirilir.
Birinci mərtəbənin kirayə vəsaitindən isə
ehtiyacı olan yazıçılara yardım göstərmək
və ara-bir kitab nəşri üçün istifadə
edirik.
- Yazıçılar Birliyinin qurultayı niyə gecikdirilir sualını adətən, üzvlərin qeydiyyatı, birliyin təmirə dayandırılması səbəbi ilə əsaslandırırsınız. Qurultayın vaxtının uzadılması şübhələrə yol açır: qurultay qəsdən gecikdirilir. Yaxud təmir, üzvlərin qeydiyyatı səbəb deyil və s. Bu barədə nə düşünürsünüz?
- Lətifəsi
şübhələnənlərə gəlməsin, belə
bir ifadə var: xain xoflu olar. Hər şeydən şübhələnənlər,
hər şeydə başqa səbəb, pis niyyət axtaranlar
həmişə olub və olacaq. Qurultayın gecikməsinin səbəblərinin
ikisini, mənə istinad edərək, özünüz
dediniz. Doğrudan da, əvvəlki qurultaylardan fərqli olaraq,
bu qurultayı 1500 adamla keçirmək mümkün
olmadığı üçün nümayəndələr
seçmək prinsipiylə keçirmək istəyiriksə,
əvvəla üzvlərimizin dəqiq sayını bilməliyik.
Rəhmətə gedəni, birlikdən çıxanı, ya
çıxarılanı, tamam ölkədən köçəni
var. Dəfələrlə «Ədəbiyyat qəzeti»ndə
elan verməyimizə baxmayaraq, hələ çox adam nəinki
bir dəfə də olsun üzvlük haqqını ödəməyib,
hətta qeydiyyatdan keçməyə belə təşrif
buyurmayıb. Ümumiyyətlə, üzvlərin əhəmiyyətli
qismi Birliyə yalnız burdan bir şey almaq istəyəndə
gəlir. Özlərinin vicdan işidir. Giley-güzar etmək
istəmirəm. Binanın təmiri də qurultayın
vaxtını xeyli ləngitdi. Bundan başqa, beş il öncə
Birliyimizin 75 illiyini çoxlu qonaqların iştirakıyla
keçirdik, arada klassiklərin və
çağdaşların yubileylərini də keçirdik.
Onu da qeyd etmək istərdim ki, əvvəlki qurultaylar da bəzən
böyük fasilələrlə keçirilib, bəzi
qurultayların arasında altı, yeddi, səkkiz, hətta
iyirmi il fasilə olub. Mənə elə gəlir ki, bəzi
adamları Azərbaycanın bütün başqa problemlərindən
daha artıq bizim qurultayımızın nə zaman
keçiriləcəyi maraqlandırır və narahat edir. Belələrini
arxayın etmək üçün tam məsuliyyətlə
deyirəm: növbəti qurultayımız 2014-cü il mart
ayının ikinci yarısında keçiriləcək. Eyni
günlərdə xarici qonaqların iştirakıyla
Yazıçılar təşkilatımızın 80 illiyini
də qeyd etmək istəyirik.
- Müsahibənizdə demisiniz, sədrlikdə qalsam, AYB-də gəncləşmə aparılacaq, dəyişiklik olacaq. Bu dəyişiklik nədən ibarət olacaq? Yəni əvvəlki konkret rəy bildirmədiyiniz açıqlamalarınızdan fərqli olaraq, planlarınız haqqında konkret nə deyə bilərsiniz?
- Ondan başlayım
ki, mən heç bir müsahibəmdə Sizin mənim
adımdan gətirdiyiniz sözləri deməmişəm, yəni
«sədrlikdə qalsam»(?) «AYB-də gəncləşmə
aparılacaq, dəyişiklik olacaq», filan mənim sözlərim
deyil. Odur ki, dəyişikliyin nədən ibarət
olacağı barədə sualınız da havadan
asılı qalır. Əvvəlki açıqlamalarımda
da, indiki açıqlamamda da konkret olaraq onu deyə bilərəm
ki, həmişə istedadlı cavanlara dəstək vermişəm,
onların istedadının parlaması, uğurlu əsərlərinin
mükafatlandırılması, ədəbiyyat cameəsində
layiqli yer tutmaları, əsərlərinin ölkəmizdən
kənarlarda da çap və təbliğ olunması
üçün əlimdən gələni əsirgəməmişəm
və sədr qalıb qalmayacağımdan asılı
olmayaraq, gələcəkdə də belə olacaq. İntəhası,
zaman qanunlarına görə nəsillər
dəyişir, on il qabaq gənc olanlar artıq orta yaşa qədəm
qoyub, yeni cavanlar gəlib ədəbiyyata və onlara da
münasibətimiz eyni cür xeyirxah və qayğıkeş
olacaq. Hər il iyirmi gəncə təqaüd vermək
haqqında Prezident sərəncamına əsasən 35
yaşına qədər olan cavanları arayıb
tapmalıyıq, bu isə çox vaxt asan məsələ
olmur.
- Çingiz Abdullayev deyir, sədr olmaq fikri yoxdur, Siz sədrlikdən getsəniz, belə çıxır Rəşad Məcidin bu postu tutmağı daha realdır. Rəşad Məcidi dəstəkləyirsinizmi?
- Çingiz Abdullayevin fikirləri
haqqında onun özünə sual verməniz
yaxşıdır. Rəşad Məcidi isə hər zaman dəstəkləmişəm
və dəstəkləyirəm. Amma gəlin sədrlik məsələsinin
həllini qurultaya saxlayaq. İndidən lüzumsuz ajiotaj
yaratmayaq. Hələ mən özüm də sədrlikdən
gedib-getməyəcəyim haqqında qəti qərar verməmişəm.
Qurultay ərəfəsində belə bir qərarı verə
bilərəm və qurultay da kimi layiq bilərsə, onu da
seçər. Qurultayın hər hansı qərarına
sayğıyla yanaşmalıyıq.
- «Ulduz», «Azərbaycan» jurnallarının rəhbərləri qonorar fondunun az olduğunu bildiriblər. Hesab edirsinizmi ki, çıxış yolu kimi Siz ölkə başçısına müraciət etsəniz, məsələ həll olunar?
- Ölkə başçısına
müraciət etməzdən əvvəl gəlin bu
jurnalların redaktorlarına müraciət edək. Əməkdaşlarından
hansı işə vaxtlı vaxtında gəlir? Elələri
var ki, aylarla redaksiyalarda görünmür, yalnız maaş
günlərində gəlirlər, ayrı günlərdə
gələndə də yalnız iddialarla, tələblərlə
və xahişlərlə gəlirlər. İndi Siz deyin necə
hərəkət edək? Belə təkliflər olur ki,
işə gəlməyənləri, əlini ağdan qaraya
vurmayanları, ortada yeyib qıraqda gəzənləri, bir dəfə
də olsun çörəyini yedikləri təşkilatı
haqsız hücumlardan müdafiə etməyənləri, hətta
bərai ehtiyat bədxahlarımızla xosunlaşanları,
yeyib içənləri işdən azad edək, onların
yerinə namusla işləyənlərin maaşını dəfə-dəfə
qaldıraq. Katiblikdə də bəzən bu məsələni
müzakirə edirik, amma bəlkə bu şəxsən mənim
nöqsanımdır, mən heç kəsin çörəyini
kəsməyi rəva bilmirəm, özünün belə
davranışına görə kimisə maaşsız qoyub
ailəsini, balalarını ağır vəziyyətə
salmaq istəmirəm. Bəlkə mənim yerimə
başqası məhz belə hərəkət edərdi, necə
ki, bir çox idarə və təşkilatlarda elə belə
də edirlər, kapitalizmin qanunları amansız və
acımasızdır... Amma hərənin öz həyat
prinsipləri var. Mənim prinsipim, yəqin ki, kiminsə fikrincə
nöqsanım insanlara ən azı pislik etməməkdir, hətta
mənə çox pisliklər edənlərə belə…
- Birliyin katibi Çingiz Abdullayevin fikridir: Prezident təqaüdünün siyahısı açıqlansa, yaxşı olar. Bu siyahının internetdə yerləşdirilməməsi nə dərəcə düzgündür? İctimaiyyət arasında rəy formalaşıb ki, bunun səbəbi həmin siyahıda olan təsadüfi şəxslərin gizlədilməsidir. Yaxud kiminsə adının ikinci, üçüncü dəfə təqaüdə təqdim olunması. İstərdim bu haqda danışaq…
- Danışaq. Əvvəla, bütün
bu illər ərzində təqaüd verdiyimiz adamların
siyahısını istənilən vaxt internetdə yerləşdirməyə
hazırıq. Haqqımızdakı bütün uydurmalara rəğmən,
heç kəsdən heç bir gizli işimiz yoxdur. Əgər
adından danışdığınız ictimaiyyət bircə
nəfərin siyahıya ikinci - hələ
üçüncü demirəm - dəfə
düşdüyünü göstərə bilsə, həmin
o ictimaiyyətə hörmətim artar. Amma bunu heç kəs
edə bilməz, çünki heç vaxt belə bir fakt
olmayıb və olmayacaq, indiyəcən heç kəs ikinci
dəfə təqaüd almayıb. O ki qaldı kiminsə təsadüfi
adam sayılmasına, bəlkə bu «təsadüfi»
saydıqları adam da bu sayaq iftiraları uyduranları daha
artıq haqla ədəbiyyata yamaq sayır…
- Açıqlamalarınızda hiss etmişəm ki, «Ədəbiyyat qəzeti»ndən Siz də razı deyilsiniz və bu haqda fikirlərinizi bildirmisiniz. Amma qəzetdə heç nə dəyişməyib. Bu ümumən kollektivin günahıdır, yoxsa hər şey rəhbərlə bağlıdır?
- «Ədəbiyyat qəzeti»nə də,
başqa mətbuat orqanlarımıza da tənqidi fikirlərimi
deməkdən heç bir vaxt çəkinmirəm, bu
günahlarda hamının - həm redaktorların, həm də kollektivin payı var. Amma bir
günahkar da var: qəzeti tənqid edənlər - onların
arasında çox istedadlı adamlar və mənim hörmət
bəslədiyim insanlar da az deyil - qəzeti tənqid etməkdən
başqa orda çap olunsaydılar, qəzetin də səviyyəsi
dəyişə bilərdi. Dəfələrlə onlara
demişəm, doğrudan da qəzetin səviyyəsinin
qalxmasını istəyirsinizsə, niyə ondan gen
qaçırsınız? İndiyəcən hansı dəyərli
yazınızı qəzetdən qaytarıblar? İşdi
qaytarıblarsa, niyə bunu mənə, ya katibliyə bildirməmisiniz?
Hər işimizdə nöqsanlar axtarmaqdansa, olan, ya olmayan kəsirləri
birlikdə düzəltməyə çalışaq.
- AYB-nin modern variantı - yəni
marketinq əsaslarla idarə olunması
mümkündürmü?
- Ədəbiyyat
nə marketdir, nə marketinq, nə də bazar qanunlarıyla
idarə olunacaq sahə. Bəlkə də bizdən sonra gələn
nəsil yaradıcı təşkilatları bazar
qanunlarıyla idarə edəcəklər. Ola bilsin. Amma bu,
bizlik deyil.
- 2014-cü ilin dövlət
büdcəsindən Yazıçılar Birliyinə təxminən
60 min manat əlavə vəsait ayrıldı. Bu artım
Birliyin jurnallarına ayrıla bilərmi? Məsələn,
«Ulduz» jurnalının qonorar fondu azdır, çap xərcləri
keyfiyyətli jurnal çıxarmağa imkan vermir…
- Bu sualınızı qismən əvvəlki
cavablarımda işıqlandırdım. Ayrılan vəsait
konkret xərclərə ayrılır. Bir də bədii cəhətdən
keyfiyyətli jurnal çıxarmaq yalnız maddiyyətləmi
bağlıdır? Yenə də birinci sualınızda
qoyduğunuz məsələyə qayıdırıq. Ədəbiyyata
yalnız gəlir mənbəyi kimi baxmaq olmaz. Hamının
maddi ehtiyacı var, başa düşürəm. Ona görə
də, əvvəldə dediyim kim heç kəsi, hətta
heç bir iş görməyəni də maaşsız
qoymaq istəmirik. Amma bir yazıçı roman ya poema,
şeir, ya hekayə, esse, ya məqalə yazanda, ilk növbədə
«görəsən, buna nə qədər qonorar alacam» deyə
düşünürsə, o, çətin əsl ədəbiyyat
adamı olsun.
- Jurnalistlərə ev
veriləndən sonra Yazıçılar Birliyi də ev və
torpaq sahələri ilə bağlı məsələ
qaldırdı. Hətta dedilər, Anar müəllim prezidentə
şəxsən müraciət edib,
yazıçıların ev məsələsinin həllinə
çalışacaq. Belə bir fikriniz varmı?
- Yazıçıların
ev məsələlərinin
yaxşılaşdırılması fikri həmişə
olub və dəfələrlə həm rəhmətlik Heydər
Əliyevə, həm də hörmətli prezidentimiz İlham
Əliyevə bu barədə müraciət edib müsbət
cavab almışıq. Sovet dövründən fərqli
olaraq, kökündən dəyişmiş bazar
iqtisadiyyatı şəraitində ev almağın hansı
çətinliklərlə bağlı olduğunu bilənlər
bilir. Bilməyənlər isə bilmək istəmir. Bu şəraitdə
belə prezidentimizə müraciətimizdən sonra şəhərin
mərkəzində tikilən binanın yaşayış sahəsinin
on faizinin yazıçılara ayrılmasına nail olduq. Yəqin
bilirsiniz ki, bununla bağlı otuzdan artıq
yazıçının mənzil məsələsi həll
olundu. Obyektiv səbəblərə görə siyahıya
düşməyənlərin qaldırdıqları
qalmaqallardan da güman ki, bixəbər
deyilsiniz. Heç kəs heç nə almayanda hamı sakit
oturur, peşmansan on nəfər üçün nə isə
edəsən, otuz nəfər inciyir, otuz nəfərə nəsə
edirsən, əlli nəfər «bəs mən?» deyə
narazı qalır. Amma bu məsələlərdə
başımız nə qədər ağrısa da, yenə
müəyyən təşəbbüslərdə
bulunacağıq.
Hürriyyət.-
2013.- 15-17 noyabr.- S.13.